Zəngəzur dəhlizi ilə yanaşı Araz marşrutunun da tranzit imkanları genişlənir.
İranın Yollar və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Əmin Tərfa ILNA-ya müsahibəsində bildirib ki, Araz dəhlizində inşa edilən yeni körpünün açılışı bu ilin sonuna planlaşdırılır.
Tarfa qeyd edib ki, Araz dəhlizi yeni deyil, uzun illərdir mövcud olan marşrutdur. Yeni körpünün tikintisi marşrutun imkanlarını genişləndirəcək. O, həmçinin qeyd edib ki, Azərbaycanla Naxçıvanı birləşdirəcək Kələla-Culfa yolu layihəsində ciddi irəliləyişlər əldə olunub.
"Azərbaycan tərəfdən Kələla-Ağbənd marşrutu üzrə körpünün tikintisi artıq başa çatıb. İran tərəfində isə tikinti işlərinin 70 faizdən çoxu tamamlanıb və yeni körpünün bu ilin sonuna kimi istifadəyə verilməsi gözlənilir", - o vurğulayıb.
Zəngəzur dəhlizi ilə bağlı sualları cavablandıran İran rəsmisi qeyd edib ki, “İran ərazisindən keçən Araz dəhlizi Azərbaycan üçün alternativ və etibarlı marşrut olaraq qalır”. Bildirib ki, bu yol uzun illərdir ki, Azərbaycanla Naxçıvan arasında əsas halqa olub və hazırda hər iki ölkə bu marşrutu gücləndirməkdə davam edir.
Tərfa onu da qeyd edib ki, yeni körpünün istifadəyə verilməsi marşrutun yükgötürmə qabiliyyətini də artıracaq. Hazırda bu marşrutla gündə təxminən 250 yük maşını hərəkət edir. Yeni körpünün açılışı ilə bu rəqəmin daha da artacağı gözlənilir.