AZ

SOS: Genetik fəlakət qapıda – Süni mayalanmada gizlədilən faciələr 

Hazırda dünyada süni mayalandırma yolu ilə doğulan uşaqların sayı 8 milyondan çoxdur.  Süni mayalanma (ekstrakorporal mayalandırma, IVF) ilk dəfə Böyük Britaniyada uğurla tətbiq olunub. 1978-ci ildə Louise Brown adlı  qız uşağı dünyaya gəlib və bu, laboratoriya şəraitində mayalanmanın uğurla nəticələndiyi ilk hadisə olub. Bu nailiyyət tibbdə inqilabi addım hesab olunurdu və sonsuzluq problemi yaşayan ailələr üçün yeni ümid qapısı açdı. 1980-ci illərdən etibarən süni mayalanma texnologiyası dünya üzrə yayılmağa başladı. 1990-cı illərdə isə bir çox ölkələrdə klinikalar açıldı, texnologiya təkmilləşdirildi və müxtəlif növ mayalanma metodları (donor yumurta, donor sperma, çoxdöllü mayalanma və s.) tətbiq olunmağa başladı.
Azərbaycanda süni mayalanma 2004-cü ildən tətbiq olunub.  İlk illərdə prosedurlar məhdud sayda və əsasən xarici ölkələrdən gətirilən texnologiyalarla aparılırdı. Hazırda ölkədə bir sıra xüsusi klinikalar fəaliyyət göstərir və hər il yüzlərlə qadın bu metod sayəsində uşaq dünyaya gətirir. Bəzən donorların  təkrarlanması, klinikaların qeyri-şəffaf fəaliyyəti və çoxdöllü hamiləliklərin yaratdığı risklər gələcək nəsillər üçün ciddi təhlükələrdən xəbər verir.  Süni mayalanmada ən təhlükəli məqamlardan biri eyni donorlardan istifadə olunmasıdır. Bu isə gələcəkdə, bilmədən bacı-qardaş evlənmələri kimi real genetik fəlakətlərə yol aça bilər.  Digər ciddi problem isə klinikaların qapalı və qeyri-şəffaf fəaliyyət göstərməsidir.  Azərbaycanda süni mayalanmanın uğurlu nəticə verməsi üçün bəzən bir neçə embrion eyni anda ana bətninə yerləşdirilir. Bu isə əkiz, üçəm, hətta dördəm hamiləliklərə yol açır. Nəticədə ana ölümü, erkən doğuş, uşaqlarda fiziki inkişaf geriliyi və digər ciddi sağlamlıq problemləri ortaya çıxa bilər.
Məlumata görə, donor olan şəxslərə kişilər üçün 100 AZN, qadınlar üçün 500 AZN ödənilir.
Ekspertlər qeyd edir ki, 21 il keçməsinə baxmayaraq, süni mayalanmanı tənzimləyən xüsusi qanun hələ qəbul edilməyib və bu sahədə şəffaflıq və düzgün nəzarət məsələləri hələ də aktuallığını qoruyur.
Qeyd edək ki, ölkəmizdə 2024-cü ildə uşaq dünyaya gətirən qadınların sayı əvvəlki ilə nisbətən azalıb.
Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 392 qadın süni mayalanma (ekstrakorporal mayalandırma) ilə uşaq dünyaya gətirib. Bu, 2023-cü illə müqayisədə 62 nəfər azdır.
Həmçinin ekstrakorporal mayalandırma nəticəsində 2021-ci ildə 391, 2022-ci ildə 395 qadınının hamiləliyi doğuşla başa çatıb.
 
Moderator.az-a danışan tibb üzrə ekspert Aydın Əliyev bildirib ki, texnologiyanın sürətli inkişafı ilə yanaşı, onun insan bədəninə tətbiqi də genişlənib. Lakin bu prosesin qeyri-şəffaf və nəzarətsiz şəkildə aparılması ciddi təhlükələr yaradır:
 
“ Süni mayalanma və donor məsələləri düzgün tənzimlənmədikdə genetik dəyişikliklərə səbəb ola bilər. Əgər bu proses kütləvi xarakter alırsa, gələcəkdə həm genetik, həm də patoloji fəsadların artmasına yol aça bilər.
Əslində, süni mayalanma yalnız xüsusi hallarda və ciddi analizlərdən sonra tətbiq olunmalıdır. Yəni ailənin sağlamlıq vəziyyəti dəqiq öyrənilməli, bütün risklər nəzərə alınmalıdır. Təəssüf ki, hazırda bu proses çox hallarda qeyri-şəffaf şəkildə həyata keçirilir və bu da gələcəkdə ailələr, övladlar və bütövlükdə cəmiyyət üçün fəsadlar doğura bilər.
Ən vacibi isə odur ki, bu sahə mütləq qanunla tənzimlənməlidir. İnsan orqanizminə hər hansı tibbi müdaxilə yalnız qanunvericilik çərçivəsində həyata keçirilməlidir. Milli Məclis səhiyyə və insan sağlamlığı ilə bağlı xüsusi qanun qəbul etməlidir. Əks halda, nəzarətsiz proseslər gələcək nəsillər üçün təhlükə mənbəyinə çevriləcək”.
 
Mehin Mehmanqızı
Seçilən
4
1
moderator.az

2Mənbələr