AZ

"IRONMAN" Dünya Çempionatına vəsiqə qazanmış ilk azərbaycanlı - Teymur Fərəcov

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



14 sentyabr 2025-ci ildə Fransanın Nitsa şəhərində ən nüfuzlu və ən çətin triatlon yarışlarından biri olan "IRONMAN" Dünya Çempionatı keçirilib. Azərbaycanın idman tarixində ilk dəfə olaraq bu möhtəşəm yarışa Teymur Fərəcov öz gücü ilə vəsiqə qazanaraq iştirak edib və uğurla finişə çatıb.
"IRONMAN" 3.8 kilometr üzgüçülük, 180 kilometr velosiped, və 42.2 kilometr marafon qaçışı daxil olmaqla, idmançılardan fövqəladə dözümlülük, iradə gücü və uzun illərin hazırlığını tələb edən unikal bir sınaqdır.
Startdan cəmi iki həftə əvvəl Teymur məşqlərdən birində yüksək sürətlə velosipeddən yıxılaraq sol bud və çiynində ağır zədələr, həmçinin çoxsaylı sıyrıqlar və hematomalar alıb. Həkimlər belə bir vəziyyətdə yarışa qatılmağın mümkünsüz olduğunu deyib, onun yarışda iştirakı isə sual altına düşüb. Adətən bu cür qısa müddətdə sağalmaq və belə ekstremal məsafəni keçmək real hesab edilmir.
Lakin Teymur inanılmaz iradə nümayiş etdirərək start xəttinə çatıb və bütün ağrı və yorğunluğa baxmayaraq finiş xəttini keçməyə müvəffəq olub. Bu nəticə həm də onun dözümünün və əzmkarlığının simvoluna çevrilib.
Qeyd edək ki, Teymur Fərəcov son üç il ərzində Azərbaycan üzrə "IRONMAN" məsafəsində mütləq rekordçudur və bu sahədə liderdir.
Bu tarixi uğur idmançının çoxillik zəhməti, idmana olan sədaqəti, məşqçisi Aleksandr Mordasovun peşəkarlığı və Teymurun hazırlaşdığı "Triterra" klubunun sistemli dəstəyi sayəsində mümkün olub.
Dünya Çempionatında finişə çatmaq yalnız şəxsi qələbə deyil, həm də Azərbaycan triatlonunun tarixində yeni bir səhifədir, bu uğur gələcək nəsil idmançılarımıza böyük motivasiya və ilham mənbəyi olacaq.
Seçilən
47
oxu.az

1Mənbələr