AZ

Suverenliyimizi qorumaq ən müqəddəs amalımızdır ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 19 sentyabr, AZƏRTAC

Tarix göstərir ki, xalqlar yalnız böyük və strateji qələbələr hesabına talelərini dəyişə, dövlətçiliyini möhkəmləndirə və torpaqlarının əsl sahib kimi çıxış edə bilirlər. Müstəqil dövlət qurmaq, onu yaşatmaq və inkişaf etdirmək sadəcə siyasi uğur deyil, milli qürurun, mənəvi gücün təntənəsidir. Azərbaycan xalqı bu haqqı qanı, canı ilə qazanıb. Tarixin ağır sınaqları, işğallar, məhrumiyyətlər, itkilər xalqımızın azadlıq yoluna sədd çəkməyə çalışsa da, milli ruhumuzu sarsıda bilmədi. Əksinə, bu sınaqlar Azərbaycan xalqının əzmini, iradəsini daha da möhkəmləndirdi. Millətimiz azadlığın nə olduğunu yaxşı bilir, çünki onun üçün savaşdı, şəhid, qurbanlar verdi!

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Xumar Məmmədova bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqı tarixi ədalətin bərpası olaraq XX əsrin sonunda haqqı olan müstəqilliyinə qovuşdu. Bu, əsrlərlə davam edən mübarizənin, itkilərin və milli oyanışın nəticəsi idi. Lakin azadlıq sevinci uzun çəkmədi. Çünki biz müstəqil dövlətimizi qurmağa çalışdığımız bir vaxtda onun itirilməsi təhlükəsi ilə üz-üzə qaldıq. Müstəqil və güclü Azərbaycan reallığını qəbul edə bilməyən mənfur qüvvələr həm daxildə, həm də xaricdə bu yeni doğulmuş dövləti zəiflətmək, parçalamaq və nəzarət altına almaq üçün hərəkətə keçdilər. Təəssüf ki, daxildəki səriştəsiz, məsuliyyətsiz siyasi qruplar, silahlı müxalifət və idarəsizlik ölkəni sürətlə xaosa sürüklədi. Müstəqillik uğrunda illərlə savaşan bir xalq bu dəfə azadlığının əlindən alınmasını izləməyə məcbur edilirdi. Ölkə separatizmin, anarxiyanın və sosial parçalanmanın meydanına çevrilmişdi. Ermənistan silahlı qüvvələri isə bu fürsətdən istifadə edərək ardıcıl şəkildə torpaqlarımızı işğal edir, xalqın gözləri qarşısında Azərbaycan torpaq itkisinə, milli ləyaqət isə zərbəyə məruz qalırdı. Daxildə isə sosial gərginlik, dərinləşən narazılıq və dövlət institutlarının zəifləməsi fonunda vətəndaş müharibəsi təhlükəsi real bir ssenariyə çevrilmişdi. Siyasiləşmiş hərbi qruplar paytaxtda və bölgələrdə nəzarəti ələ keçirmək üçün mübarizə aparır, dövlət idarə olunmaz vəziyyətə düşür. Müstəqilliyimizə qəsd açıq və sistemli şəkildə həyata keçirilirdi. Azərbaycan bir dövlət olaraq süqut həddində çabalayırdı. Bu, sadəcə daxili böhran deyildi, eyni zamanda müstəqil Azərbaycanın tamamilə sıradan çıxarılması, siyasi xəritədən silinməsi planı idi.

O xatırladıb ki, dövlətçiliyin sarsıldığı, parçalanmanın qaçılmaz göründüyü, xalqın ümidsizlik girdabında çıxış yolu axtardığı məqamda Azərbaycanın taleyində dönüş yaradan hadisə baş verdi. Xalqın təkidli çağırışı ilə Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı. Bu qayıdış təkcə bir siyasətçinin vəzifəyə gəlməsi deyildi, bu, millətin dövlətçiliyə, sabitliyə və gələcəyə qovuşmaq ümidi idi. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi və tarixi məsuliyyəti öz üzərinə götürməsi ilə Azərbaycan sözün əsl mənasında uçurumun kənarından geri döndü. İlk növbədə ölkədə sabitlik və idarəetmə bərpa olundu. Vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, silahlı qruplar tərksilah edildi, dövlət institutları yenidən formalaşdırıldı. Ümummilli liderin rəhbərliyi ilə Azərbaycanın siyasi xəritəsi yenidən cızıldı. Anarxiya aradan qaldırıldı, konstitusion quruluş bərpa edildi, iqtisadi islahatlar başlandı. Dövlətçiliyin təməli yenidən və bu dəfə möhkəm şəkildə qoyuldu. Xarici siyasətdə balanslı və milli maraqlara söykənən kurs müəyyən olundu. Azərbaycan ilk dəfə olaraq beynəlxalq münasibətlər sistemində suveren bir aktor kimi tanınmağa başladı.

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə imzalanan “Əsrin müqaviləsi” və digər strateji layihələr Azərbaycanın qüdrətinin təmin olunmasında mühüm rol oynadı. Bu müqavilələr yalnız ölkənin iqtisadi gücünü artırmaqla kifayətlənmədi, eyni zamanda ordu quruculuğu prosesinin əsasını qoydu. Silahlı qüvvələrimiz ən müasir silahlarla təmin edildi, müdafiə qabiliyyəti gücləndirildi. Bununla yanaşı, Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya edən əsas platformalardan birinə çevrildi.

Sonrakı illərdə Prezident İlham Əliyevin milli maraqlarımızın təmin olunması istiqamətində ordu quruculuğu prosesini ən müasir tələblər səviyyəsində davam etdirdiyini qeyd edən Xumar Məmmədova deyib: "Prezident çox yaxşı bilirdi ki, əgər Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməzsə, müharibə qaçılmaz olacaq. Buna baxmayaraq, ərazisinin 20 faizi işğal altında olan Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq münaqişənin dinc yolla həllinə üstünlük verdi və qarşı tərəfə dəfələrlə barış əlini uzatdı.

Lakin düşmən tərəf Azərbaycanın bu konstruktiv və sülhpərvər mövqeyinə əks olaraq Tovuz istiqamətində təxribatlara əl atdı və bölgədə gərginliyi artıraraq ölkəmizi yeni işğal niyyətləri ilə hədələdi. 2020-ci ilin sentyabrında Ermənistanın növbəti təxribatları və mülki əhalini hədəfə alması bölgədə vəziyyəti kritik həddə çatdırdı. Azərbaycan beynəlxalq hüquqa və BMT qətnamələrinə əsaslanaraq 27 sentyabrda legitim hərbi əks-hücum əməliyyatına başladı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu hərbi və siyasi strategiya nəticəsində 44 gün ərzində işğal altındakı ərazilər azad edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan və nəhayət, strateji əhəmiyyətə malik Şuşa şəhərinin azad edilməsi ilə Azərbaycanın hərbi üstünlüyü rəsmiləşdi.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Ermənistanın rüsvayçı kapitulyasiyası ilə nəticələndi və Ağdam, Kəlbəcər, Laçın rayonları dinc yolla Azərbaycana qaytarıldı. Bu tarixi qələbə yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də regionda yeni siyasi reallıqların formalaşması ilə nəticələndi.

Prezident İlham Əliyevin siyasi iradəsi və hərbi qətiyyəti ilə əsas hədəf Azərbaycanın suveren ərazilərinin tam bərpası, eləcə də uzun illər ərzində ölkə daxilində kök salan terror və separatizmin tamamilə zərərsizləşdirilməsi idi. Bu məqsədlə 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Azərbaycan Ordusu tərəfindən peşəkarcasına icra olunan bu əməliyyat qısa müddətdə qarşıya qoyulan bütün hədəflərə nail olunmaqla yekunlaşdı. Separatçı silahlı birləşmələr tərksilah edildi, qanunsuz rejim ləğv olundu. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan tarixində ilkə imza atdı, konstitusiya quruluşu ölkəmizin bütün ərazisində tam bərpa olundu. Beləliklə, Azərbaycan dövləti ölkə daxilində separatizmə, terrora son qoyaraq suverenliyini və təhlükəsizliyini tam təmin etdi.

Antitertor tədbirləri hər zaman müstəqillik salnaməmizin ən şanlı və əzəmətli səhifələrindən biri kimi yadda qalacaqdır.

20 sentyabr yalnız qələbənin deyil, həm də milli kimliyimizin, dövlətçilik iradəmizin və siyasi liderliyimizin rəmzidir. Bu gün eyni zamanda Azərbaycan Respublikasının dünya birliyində möhkəmlənən mövqeyinin, güclü ordusunun və sarsılmaz xalq-iqtidar birliyinin təntənəsidir".

Prezident İlham Əliyevin sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunması haqqında sərəncamı milli birliyimizin möhkəmləndirilməsi baxımından mühüm hadisə oldu. Müzəffər Ali Baş Komandanın qeyd etdiyi kimi əsgər və zabitlərimizin, şəhidlərimizin qanı bahasına əldə edilmiş ərazi bütövlüyümüz və suverenliyimiz xalqımızın milli sərvətidir. Azərbaycanın suverenliyini qorumaq isə hər birimizin ən müqəddəs amalı olmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
azertag.az

2Mənbələr