AZ

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması milli şüurun, dövlətçilik fəlsəfəsinin və tarixi yaddaşın möhkəmləndirilməsidir - Azər Qarayev

2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan olunması təsadüfi deyil. Bu qərar həm müasir Azərbaycan dövlətçiliyinin ən mühüm təməl dəyərlərinə - Konstitusiyaya və suverenliyə - verilən yüksək qiymətin, həm də ölkənin keçdiyi tarixi yolun dərin siyasi təhlilinin nəticəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə elan olunan bu il, əslində, yalnız hüquqi və ya siyasi tədbirlərin məcmusu deyil, milli şüurun, dövlətçilik fəlsəfəsinin və tarixi yaddaşın daha da möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Day.Az xəbər verir ki, bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşısında dayanan əsas vəzifələrdən biri dövlətin hüquqi əsaslarının formalaşdırılması, müstəqilliyin beynəlxalq aləmdə tanınması və ən əsası, suverenliyin qorunması idi. Bu hədəflərə çatmaq üçün ilk növbədə ölkənin əsas qanunu - Konstitusiyanın qəbul olunması zəruri idi. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətin siyasi, iqtisadi və hüquqi inkişaf istiqamətlərini müəyyən etməklə yanaşı, vətəndaşların fundamental hüquq və azadlıqlarını da təmin etdi.

Eyni zamanda, suverenlik anlayışı yalnız müstəqilliyin elan olunması ilə məhdudlaşmır. Bu, həm də ölkənin bütün ərazilərində öz iradəsini sərbəst şəkildə həyata keçirməsi, daxili və xarici siyasətində tam müstəqilliyini qoruması, beynəlxalq münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etməsi deməkdir. Azərbaycan 1990-cı illərin ağır sınaqlarından keçərək, Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və Prezident İlham Əliyevin müdrik dövlətçilik strategiyası nəticəsində bu suverenliyi real məzmunda təmin edə bildi. 2020-ci ildəki 44 günlük Vətən müharibəsi isə bu prosesin ən parlaq nəticəsi olaraq tarixə düşdü", - o bildirib.

A.Qarayev qeyd edib ki, "Konstitusiya və Suverenlik İli" həm dövlətçilik ənənələrimizin təbliği, həm də gələcək nəsillərə ötürülməsi baxımından mühüm siyasi mesajdır.

"Bu il ərzində görülən tədbirlər, keçirilən konfranslar, ictimai müzakirələr və hüquqi islahatlar, Azərbaycanın dövlətçilik tarixinin yeni bir mərhələsinin möhkəmləndirilməsinə xidmət edir. Əslində, bu təşəbbüs təkcə hüquqşünaslar və siyasətçilər üçün deyil, cəmiyyətin bütün təbəqələri üçün önəmlidir. Çünki Konstitusiya və suverenlik - yalnız hüquqi anlayış deyil, həm də milli kimliyin, vətəndaşlıq şüurunun və dövlətə sədaqətin rəmzidir.

Azərbaycan xalqı tarix boyu müxtəlif imperiyaların tərkibində yaşasa da, daim müstəqillik ideyalarını qoruyub saxlayıb. XX əsrin əvvəllərində - 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq tarixdə xüsusi yer tutur. Lakin cəmi 23 ay mövcud olan Cümhuriyyət işğal nəticəsində süqut etsə də, onun yaratdığı siyasi ənənələr sonrakı dövrlərdə Azərbaycan xalqının müstəqillik arzularını gücləndirdi", - o bildirib.

Onun sözlərinə görə, 1991-ci ildə dövlət müstəqilliyinin bərpası Azərbaycan üçün böyük bir tarixi hadisə idi.

"Lakin ilk illərdə ölkənin qarşısında çoxsaylı problemlər dayanırdı: siyasi qeyri-sabitlik, iqtisadi böhran, torpaqların işğalı, separatçılıq təhlükəsi və xarici müdaxilələr. Belə mürəkkəb şəraitdə dövlətin hüquqi əsaslarını möhkəmləndirmək, vətəndaşların hüquqlarını qorumaq və milli birliyi təmin etmək üçün sabit konstitusion bazaya ehtiyac duyulurdu.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkənin dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Bu sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi yalnız qanunvericilik bazasını deyil, həm də dövlətin siyasi-fəlsəfi əsaslarını müəyyənləşdirdi. Konstitusiyada dövlətin demokratik, hüquqi və dünyəvi xarakteri təsbit edildi. Bu, müasir dövlətçilik ənənələrinin möhkəmlənməsi üçün fundamental addım idi.

Eyni zamanda, Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqları geniş şəkildə öz əksini tapdı. Fikir, söz və mətbuat azadlığı, mülkiyyət hüququ, sosial təminat, təhsil və səhiyyə hüquqları dövlətin təminat verdiyi əsas dəyərlər kimi müəyyənləşdirildi. Bununla Azərbaycan özünü beynəlxalq hüquqi standartlara uyğun demokratik dövlət kimi təqdim etdi", - A.Qarayev bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycan Konstitusiyası yalnız hüquqi sənəd deyil, həm də milli birliyin, dövlətçilik ideyasının daşıyıcısıdır.

"Bu sənəd vətəndaşları dövlətə bağlayan əsas körpüdür. Xüsusilə də gənc nəsillər üçün Konstitusiyanın öyrənilməsi və dövlətçilik dəyərlərinin mənimsənilməsi milli kimliyin formalaşmasında mühüm rol oynayır. Konstitusiyanın qəbulundan ötən illərdə Azərbaycan dövlətçiliyi böyük inkişaf yolu keçib. Dövlət idarəçiliyi sistemi möhkəmlənib, iqtisadiyyat sürətlə artıb, beynəlxalq əlaqələr genişlənib. Bütün bu uğurların təməlində hüquqi dövlət prinsiplərinə sadiqlik dayanır. Suverenlik isə dövlətin müstəqilliyini, daxili və xarici siyasətində tam sərbəstliyini ifadə edən fundamental anlayışdır. Bu anlayış həm hüquqi, həm də siyasi məzmun daşıyır. Hüquqi baxımdan suverenlik - dövlətin qanunvericilik, idarəetmə və məhkəmə səlahiyyətlərinin yalnız özünə məxsus olması deməkdir. Siyasi baxımdan isə bu, xalqın öz iradəsini sərbəst şəkildə həyata keçirməsi, dövlətin isə həmin iradəni qorumaq və təmin etmək öhdəliyini daşımasıdır. Azərbaycan üçün suverenlik sadəcə dövlətçilik kateqoriyası deyil, həm də milli kimliyin ayrılmaz hissəsidir. Çünki xalqımız əsrlər boyu müstəqillik uğrunda mübarizə aparıb, imperiyaların təzyiqlərinə qarşı müqavimət göstərib, tarixi yaddaşında azadlıq ideyasını qoruyub saxlayıb", - o bildirib.

Politoloq qeyd edib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Bu sənədlə Azərbaycan xalqı bir daha suverenliyini bərpa etdiyini elan etdi. Lakin müstəqilliyin ilk illərində suverenliyin məzmununu tam həyata keçirmək mümkün olmadı.

"Ölkədə siyasi hakimiyyət uğrunda mübarizə, iqtisadi böhran və vətəndaş qarşıdurması dövlətin mövcudluğunu belə sual altına qoymuşdu. Üstəlik, Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqların 20 faizi işğal altına düşmüş, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Bu dövrdə Azərbaycan müstəqil dövlət kimi mövcud olsa da, faktiki olaraq suverenliyi zəif idi.

Məhz belə ağır şəraitdə 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə siyasi sabitliyi bərpa etməklə yanaşı, suveren dövlətçiliyin əsaslarını möhkəmləndirdi. Onun həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, güclü ordu quruculuğu və hüquqi dövlətin əsaslarının formalaşdırılması Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə imkan verdi", - o bildirib.

A.Qarayev vurğulayıb ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan suverenliyini yalnız qorumaqla kifayətlənmədi, həm də onun real məzmununu zənginləşdirdi.

"Bir neçə istiqamətdə mühüm addımlar atıldı. Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması, böyük infrastruktur layihələrinin reallaşdırılması, qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi suverenliyini möhkəmləndirdi. Artıq Azərbaycan heç bir xarici maliyyə mərkəzindən asılı olmayan güclü iqtisadiyyata sahib oldu. Eyni zamanda, Azərbaycan beynəlxalq münasibətlərdə balanslaşdırılmış siyasət yürüdərək, öz milli maraqlarını prioritet kimi qorudu. Heç bir qlobal gücün təzyiqi qarşısında güzəştə getməyən Azərbaycan diplomatiyası, dövlətin real siyasi suverenliyini təmin etdi. Bundan əlavə, 2000-ci illərdə həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan regionun ən güclü ordularından birinə çevrildi. Bu, gələcəkdə ərazi bütövlüyünün bərpası üçün mühüm zəmin yaratdı.

Azərbaycan tarixində suverenlik anlayışını ən dolğun şəkildə təsdiq edən hadisə 2020-ci il Vətən müharibəsi oldu. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan torpaqlarının böyük hissəsini işğaldan azad etdi. Bu, sadəcə ərazi bütövlüyünün bərpası deyil, həm də milli suverenliyin real məzmunda həyata keçirilməsi idi. Müharibənin nəticəsi göstərdi ki, dövlət yalnız beynəlxalq hüquqa istinad etmir, həm də öz gücünə arxalanaraq haqqını təmin edə bilir. Əslində, bu qələbə suverenliyin siyasi, hüquqi və hərbi təzahürlərinin sintezini ortaya qoydu. 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusion quruluşu bütün ərazilərdə bərpa edildi. Bununla da dövlət öz suverenliyini tam şəkildə təmin etdi və milli tarixində yeni bir mərhələyə qədəm qoydu.

Azərbaycan dövlətçiliyində suverenliyin möhkəmlənməsi yalnız siyasi və hərbi müstəvidə deyil, ideoloji sahədə də həyata keçirildi. Prezident İlham Əliyevin "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır" sözlələri milli dövlətçilik fəlsəfəsinin əsas sütununa çevrildi. Bu ideya, əslində, cəmiyyətin bütün təbəqələrinə ünvanlanmış siyasi mesajdır. Dövlətin müstəqilliyini qorumaq yalnız hakimiyyətin deyil, bütün xalqın vəzifəsidir. Ona görə də məktəblərdə, ali təhsil müəssisələrində, media və ictimai institutlarda suverenlik ideyalarının təbliği xüsusi əhəmiyyət kəsb edir", - politoloq bildirib.

Onun sözlərinə görə, "Konstitusiya və Suverenlik İli"nin elan olunmasının birinci və ən mühüm dayağı hüquqi aspektdir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ali hüquqi sənədi kimi suverenliyin təminatçısıdır. Onun əsas maddələrində dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və dövlət quruluşunun dəyişməzliyi təsbit olunub. Konstitusiyaya əsasən, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu prinsip suverenliyin mahiyyətini əks etdirir: xalq öz iradəsini sərbəst şəkildə ifadə edir və dövlət bu iradənin həyata keçirilməsinin mexanizmidir.

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Konstitusiya və hüquqi islahatlar ölkənin dövlətçilik inkişafında sabitlik amilinə çevrildi. Dövlətin idarəetmə sistemi, vətəndaşların hüquq və azadlıqları, hakimiyyət bölgüsü prinsipi və qanunun aliliyi məhz konstitusion hüquq normaları üzərində quruldu. Bu il çərçivəsində keçirilən tədbirlər, hüquqi konfranslar və akademik müzakirələr həm Konstitusiyanın nəzəri əsaslarının dərinləşdirilməsinə, həm də onun tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə yönəlib. Bu, hüquqi dövlət prinsipinin praktikada daha da möhkəmlənməsinə imkan verir.

Bu ilin ən mühüm nəticələrindən biri də milli həmrəyliyin daha da güclənməsidir. Konstitusiya dövlətin hüquqi çərçivəsini müəyyənləşdirirsə, suverenlik onun siyasi məzmununu təmin edir. Bu iki anlayışın sintezi dövlətin davamlı inkişafı üçün möhkəm baza yaradır. Məhz buna görə "Konstitusiya və Suverenlik İli" ölkədə siyasi sabitliyin möhkəmlənməsinə, dövlət və cəmiyyət münasibətlərinin daha sağlam əsaslarda qurulmasına xidmət edir. Bu həm də Azərbaycanın gələcək inkişafında dayanıqlı milli konsensusun yaranmasına imkan verir", - o bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycanın müasir tarixində ən böyük dönüş nöqtələrindən biri 2020-ci ilin Vətən müharibəsi və onun nəticəsində əldə edilən tarixi Qarabağ Zəfəridir.

"Bu qələbə təkcə işğal altındakı torpaqların azad olunması ilə məhdudlaşmadı. O, eyni zamanda Azərbaycanın konstitusion suverenliyinin tam bərpa olunması, dövlətçilik prinsiplərinin gücləndirilməsi və beynəlxalq hüququn gerçəkliyə çevrilməsi baxımından strateji əhəmiyyət daşıdı.

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın işğalı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və konstitusion hüquqları kobud şəkildə pozulmuşdu. Bu, təkcə torpaqların fiziki işğalı deyildi, həm də Azərbaycanın konstitusiyasına əsaslanan dövlət suverenliyi uzun illər ərzində qismən məhdudlaşdırılmış vəziyyətdə idi. 44 günlük müharibə nəticəsində Azərbaycanın bu hüquqları bərpa olundu və dövlət öz konstitusion prinsiplərini faktiki olaraq bütün ölkə ərazisində tətbiq etmək imkanına qovuşdu.

Qarabağ Zəfərindən sonra Azərbaycan qarşısında dayanan əsas məsələlərdən biri azad edilmiş ərazilərdə dövlət suverenliyinin bərqərar olunması idi. Bu, yalnız hərbi-siyasi deyil, həm də hüquqi proses idi. Azad edilmiş torpaqlarda Azərbaycan Konstitusiyasının müddəalarının tətbiqi, dövlət idarəetmə institutlarının qurulması və vətəndaş hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetinə çevrildi. Ən mühüm addımlardan biri həmin ərazilərdə dövlət qurumlarının yaradılması, bələdiyyə idarəçiliyi, polis, prokurorluq, məhkəmə və digər konstitusion təsisatların fəaliyyətə başlaması oldu. Bu proses dövlətin ərazi bütövlüyünün yalnız kağız üzərində deyil, praktik müstəvidə də bərpa olunduğunu göstərdi", - o bildirib.

Politoloq həmçinin qeyd edib ki, Qarabağ Zəfəri eyni zamanda beynəlxalq hüququn əsas prinsiplərinin təsdiqi idi.Azərbaycan BMT Nizamnaməsində, ATƏT-in qərarlarında və digər beynəlxalq sənədlərdə təsbit olunmuş ərazi bütövlüyü prinsipini öz gücü ilə həyata keçirdi. Bu, ölkənin beynəlxalq arenada mövqelərini gücləndirdi və hüquqi əsaslara söykənən suverenlik modelini möhkəmləndirdi.

"Postmüharibə dövründə aparılan sülh danışıqları da Azərbaycanın suverenlik hüquqlarını əsas götürür.Regionda sülh yalnız qarşılıqlı olaraq dövlətlərin ərazi bütövlüyünün tanınması ilə mümkündür. Ermənistanın konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının yer alması sülh prosesinin ən böyük maneələrindən biri kimi qalır. Bununla yanaşı, Azərbaycanın prinsipial mövqeyi sülh gündəliyini reallığa çevirməyə xidmət edir.

Azad edilmiş ərazilərin bərpası və dirçəldilməsi Azərbaycanın dövlət suverenliyinin ən bariz ifadələrindən biridir. Burada həyata keçirilən "Böyük Qayıdış" proqramı yalnız infrastruktur və yaşayış məntiqi ilə məhdudlaşmır. Bu, həm də Azərbaycan Konstitusiyasının vətəndaşların doğma torpaqlarında yaşamaq hüququnu təmin etmək öhdəliyinin gerçəkləşməsidir. Bərpa prosesi həm siyasi, həm iqtisadi, həm də hüquqi müstəvidə böyük əhəmiyyət daşıyır. Qarabağa qayıdan hər bir vətəndaş faktiki olaraq konstitusion hüquqlarından tam istifadə etmək imkanı əldə edir.

Qarabağ Zəfəri həm də Azərbaycanın geosiyasi statusunu gücləndirdi. Regionda yaranmış yeni reallıq ölkəni həm regional, həm də qlobal proseslərdə daha fəal və təsirli aktora çevirdi. Bu, dövlətin suveren hüquqlarını möhkəmləndirməklə yanaşı, onun beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasına da zəmin yaratdı", - o bildirib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi yalnız daxili idarəçiliklə deyil, həm də qlobal siyasətdə sərgilədikləri müstəqil mövqelə ölçülür. Azərbaycanın son illərdə beynəlxalq aləmdə tutduğu xətt onun konstitusion prinsiplərə sadiqliyinin və suverenlik siyasətinin bariz nümunəsidir.

"Azərbaycanın xarici siyasət kursu çoxvektorlu yanaşma üzərində qurulub. Ölkə həm region dövlətləri, həm də qlobal güc mərkəzləri ilə əməkdaşlıq edir, balanslı və çevik diplomatiya yürüdür. Bu siyasət Azərbaycanın hər hansı hərbi-siyasi blokdan asılı olmadan, milli maraqlara uyğun qərarlar qəbul etməsinə şərait yaradır. Azərbaycan Avropa İttifaqı ilə enerji əməkdaşlığını gücləndirərkən, eyni zamanda Çinlə "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində strateji layihələrə qoşulur. Türkiyə ilə müttəfiqlik, Rusiya ilə tərəfdaşlıq, ABŞ-la əməkdaşlıq, İslam dünyasında lider mövqe - bütün bunlar ölkənin çoxşaxəli diplomatiyasının göstəriciləridir.

Azərbaycanın müstəqil mövqeyinin ən parlaq nümunələrindən biri Qoşulmama Hərəkatındakı (QH) fəaliyyətdir. 2019-2023-cü illərdə bu təşkilata sədrlik edən Azərbaycan inkişaf etməkdə olan ölkələrin sözçüsünə çevrildi. Xüsusilə COVID-19 pandemiyası dövründə ölkənin göstərdiyi humanitar və diplomatik təşəbbüslər beynəlxalq aləmdə böyük rəğbət qazandı. QH-də liderlik Azərbaycanın qlobal arenada bloklara qoşulmadan, tam müstəqil siyasət aparmaq imkanlarının güclü olduğunu nümayiş etdirdi. Bu, konstitusiyada təsbit olunmuş dövlət müstəqilliyi prinsipinin beynəlxalq müstəvidə gerçəkləşməsidir.

Bundan əlavə, Azərbaycanın enerji siyasəti təkcə iqtisadi deyil, həm də siyasi suverenliyin əsas alətlərindən biridir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, TAP və TANAP kimi layihələr ölkəni Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevirib. Bu layihələr Azərbaycanın qlobal enerji xəritəsində önəmli mövqeyini gücləndirir, həm də ölkəyə beynəlxalq münasibətlərdə əlavə manevr imkanları yaradır. Azərbaycanın enerji diplomatiyası sayəsində Avropa İttifaqı ölkəsi olmayan, lakin Avropa enerji bazarında həlledici rol oynayan aktora çevrilməsi suveren siyasətin təzahürüdür", - o bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycan regionda da sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Şuşa Bəyannaməsi ilə Türkiyə ilə müttəfiqlik münasibətlərinin yeni mərhələyə qalxması, Türk Dövlətləri Təşkilatında aparıcı rol, Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanmasında fəal iştirak - bütün bunlar Azərbaycanın regional aktor kimi müstəqil mövqeyini təsdiqləyir. Eyni zamanda Azərbaycan zaman-zaman beynəlxalq vasitəçilik təşəbbüsləri ilə çıxış edərək qlobal sülhün möhkəmlənməsinə töhfə verir. Bu, ölkənin yalnız milli maraqlarla kifayətlənmədiyini, həm də beynəlxalq öhdəliklərini məsuliyyətlə yerinə yetirdiyini göstərir.

"Azərbaycanın qlobal siyasətdə tutduğu mövqenin ən mühüm cəhəti beynəlxalq hüquqa sadiqlikdir. Ölkə daim dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini müdafiə edir. Bu prinsipial mövqe Azərbaycanın həm regionda, həm də qlobal müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunmasına səbəb olur.

Azərbaycan müstəqillik dövründə mürəkkəb sınaqlardan keçərək özünün dövlətçilik modelini formalaşdırıb. Bu modelin əsas dayaqları Konstitusiya və suverenlik prinsipləridir. 2024-cü ilin ölkədə "Konstitusiya və Suverenlik İli" elan olunması tarixi simvolizm daşıyır - Azərbaycan artıq öz suverenliyini tam təmin etmiş, konstitusion prinsiplərini bütün ərazilərində həyata keçirə bilən, güclü, müstəqil və nüfuzlu dövlətə çevrilib.

"Konstitusiya və Suverenlik İli" sadəcə yubiley xarakteri daşımır; o, həm də gələcək inkişafın strateji istiqamətlərini müəyyənləşdirir. Azərbaycan qarşıdakı dövrdə iqtisadi şaxələndirməni gücləndirəcək, vətəndaşların sosial rifahını artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək. Bu isə yalnız güclü hüquqi baza və suveren siyasət kursu əsasında mümkündür", - politoloq əlavə edib.

Seçilən
5
1
day.az

2Mənbələr