AZ

Aydın Sezer: Mahmud Abbasın Türkiyə səfəri simvolik xarakter daşıyır

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara-Ramallah münasibətlərində HƏMAS amili ciddi narazılıq yaradır

Bu “baxın, biz Fələstin məsələsinə nə qədər dəstək veririk” mesajının davamıdır

Fələstin Prezidenti Mahmud Abbas sentyabrın 18-də öncədən elan olunmamış rəsmi səfərlə Türkiyəyə gəlir. Səfər çərçivəsində Ankarada rəsmi qarşılanma mərasimi, ikitərəfli danışıqlar və rəsmi şam yeməyi planlaşdırılıb. Türkiyə və Fələstin liderləri arasında əsas müzakirə mövzularından biri Qəzza zolağındakı gərgin vəziyyət və İsrailin bölgədəki siyasətidir. Gündəlikdəki digər mühüm məsələ isə Fələstinin BMT Baş Assambleyasında təmsil olunmasıdır. Qeyd edək ki, ABŞ administrasiyası Mahmud Abbas və nümayəndə heyətinə viza verməkdən imtina etdiyinə görə, onların Nyu-Yorka səfəri baş tutmayıb.

Səfərin son anda baş tutması və əvvəlcədən elan olunmaması, həmçinin Türkiyə ilə Fələstin rəhbərliyi arasında HƏMAS məsələsindəki ziddiyyətli yanaşmalar fonunda bu görüşün daha çox simvolik xarakter daşıdığına dair ehtimalları artırır.

Türkiyəli xarici siyasət üzrə ekspert Aydın Sezer Sherg.az-a açıqlamasında Mahmud Abbasın Türkiyə səfərini "sürpriz səfər" adlandırıb:

"Səfərin əvvəlcədən planlaşdırıldığını düşünmürəm. Xüsusilə bu, Mahmud Abbasın ABŞ-da keçiriləcək Birləşmiş Millətlər Təşkilatının toplantısına gedə bilməyəcəyi səbəbi ilə diplomatik təmaslarını artırmaq məqsədi daşıyan səfərdir. Məlum olduğu kimi Türkiyə İsrailin təcavüzkar mövqeyinə qarşı Fələstin məsələsində HƏMAS-ı ön plana çıxarır, dəstəkləyir və diqqət mərkəzində saxlayır. O, HƏMAS vasitəsilə Qəzzadakı faciəyə diqqət çəkməyə çalışır. Halbuki, Fələstində dünyanın 150-dən çox ölkəsinin tanıdığı rəsmi Fələstin dövləti var. 7 oktyabr 2023-cü il hücumlarından bu günə qədər Mahmud Abbas yalnız bir dəfə Türkiyəyə gəlib. Çünki Türkiyənin HƏMAS-a dəstək verməsi Fələstin rəhbərliyini, o cümlədən Mahmud Abbası narahat edir. Bu, olduqca açıq bir məsələdir. Hətta xatırlanacağı kimi, son 3 ildə keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası zirvələrinin hamısında qəbul edilən yekun bəyanatlarda HƏMAS-a bircə dəfə də olsa istinad edilməyib". 

Ekspert İsrailin məhv etməyə çalışdığı HƏMAS-ı əslində başda Körfəz monarxiyaları daxil olmaqla bir çox ərəb ölkənin bölgədə istəmədiyini söyləyib:

"Lakin Ərdoğan hökuməti tanınan səbəblərə görə daim HƏMAS-ı ön plana çıxarır. Bugünkü səfərdə yalnız formal qarşılama mərasimi və bir dialoq qurulacağını düşünürəm. Məzmun baxımından Mahmud Abbasın Türkiyəyə yön verəcək müsbət bir şey söyləməsi mümkün deyil. Hər iki tərəfin HƏMAS məsələsində sərt mövqeyi səbəbilə bu səfər diplomatik təmasdan kənara çıxaraq hər hansı bir mənalı nəticə doğura bilməz. Bu çox güman ki, Türkiyədəki daxili ictimaiyyətə yönəlik, “baxın, biz Fələstin məsələsinə nə qədər dəstək veririk” mesajının davamıdır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
sherg.az

2Mənbələr