AZ

Demoqrafik fəlakətə doğru: Necə xilas ola bilərik? KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Elçin Bayramlı

Azərbaycanda son bir neçə ildə əhalinin sayının və evliliklərin azalması, boşanmaların kəskin artması, buna paralel olaraq da uşaq doğumunun xeyli azalması halları müşahidə olunur. Son 10 ildə ailələrin qurulması və uşaq doğumu 40 faiz azalıb, boşanmalar isə 50 faizə çatıb. Bəs, sosial-iqtisadi problemlər həll olunmadan və milli-mənəvi dəyərlər gücləndirilmədən Azərbaycanda ailə institutunu möhkəmləndirmək, evliliklərin sayını artırmaq mümkündürmü? Gəlin vəziyyəti və səbəbləri nəzərdən keçirək.

Evliliklərin azalmasına 2 əsas səbəb təsir göstərir- bunlar sosial-iqtisadi faktorlar, bir də mənəvi-psixoloji deqradasiyadır. Sosial-iqtisadi faktorlar gənclərin evsizliyi, işsizliyi, gəlir azlığı kimi problemlərdir. Bu səbəbdən gənclər evlənmək istəmir, nəinki ev sahibi olmaqda, normal gəliri olan iş tapmaqda çətinlik çəkirlər, heç toy xərclərini belə ödəyə bilmirlər. Yeri gəlmişkən, indiki toylar Azərbaycan xalqına qarşı sosial cəhətdən açıq terrordur. Evlənmələrin qarşısını alan səbəblərdən biridir. Təsəvvür edin ki, 30-40 min toy-nişan xərcləri lazımdır. Bunun heç bir sadə ailə öhdəsindən gələ bilməz. Orta statistik azərbaycanlı üçün belə bu çətindir. Hələ bundan başqa evlənmək üçün ev almaq, normal iş sahibi olmaq lazımdır ki, bu da yoxdur. Əsas səbəblərdən biri budur.

Digər əsas səbəb isə mənəvi-psixoloji deqradasiyadır. Sosial təminat, maddi gəlir cəhətdən problemli olmayan müasir gənclər evlənmək istəmir, öz həyatını əyləncəyə, gəzintiyə sərf etmək istəyir. Ailəyə, uşağa yox. Bir çox gənclərdə şüur, psixologiya dəyişibsə, Qərb təbliğatına, Qərb dəyərlərinə keçibsə, milli-mənəvi dəyərlərimizi arxa plana atıbsa, o artıq həyatını əyləncəyə, özünə həsr etməyə çalışır. Bu da son 20-30 ildə fasiləsiz olaraq televiziyalarda və internetdə aparılan psixtron terrorun nəticəsidir. Müsirlik, azadlıq şüarları altında milli-mənəvi dəyərlərimizi məhv etdilər. Bunun faciəvi nəticələri artıq ortadadır.

Qeyd etdiyimiz bu 2 əsas səbəb- sosial-maddi probemlər və mənəvi-psixoloji deqradasiya evliliklərin azalmasına, uşaq doğumunun kəskin aşağı düşməsinə səbəb olur. Əhalinin artımı dayanır, əhalinin strukturunda gənclərin, uşaqların payı azalır, boşanmalar üzrə dünya rekorduna çatmışıq, evliliklərin sayı kəskin aşağı düşüb.

Bunların hamısı birlikdə çox ciddi strateji milli təhlükəsizlik məsələsidir. Bununla bağlı dövlət xüsusi siyasət həyata keçirməlidir. Ailələrə sosial-iqtisadi dəstək paketləri tətbiq olunmalıdır- buraya uşaq pulunun verilməsi, gənclərin güzəştli uzunmüddətli kreditlə sosial evlər alması da daxildir. Gənclərin iş yeri məsələsi, məşğulluğunun həlli, normal gəlir əldə etməsinə çalışmaq lazımdır. Eyni zamanda milli-mənəvi dəyərlərimiz, milli ailə modelimiz təbliğ olunmalıdır ki, gənclər normal yaşda evlənsinlər, ailə, uşaq sahibi olsunlar. Yoxsa indiki gənclər 35 yaşa qədər evlənmir, bu çox ciddi problemdir.

Bundan başqa, dövlət çoxuşaqlılığı təbliğ etməlidir. Bütün ölkələrdə belə proqramlar həyata keçirilir. Avropa ölkələrində, Rusiyada və digər MDB ölkələrində və bir çox digər ölkələrdə 3 və daha çox uşaqlı ailələrə dövlət sosial yardımlar, müxtəlif güzəştlər tətbiq edir.

Azərbaycanda isə çoxuşaqlılıq 6 uşaqdan başlayır ki, bu da adekvat deyil, çünki 6 uşaqlı ailə demək olar ki, yoxdur, artıq 3 uşaqlı ailələrə nadir rast gəlinir. Ölkədə çoxuşaqlı ailə anlayışının 6 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilir. Azərbaycanda bu qəbildən olan 100 mindən çox ailə var. Yəni çoxuşaqlı ailə modeli 6-dan 3-ə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.

Göründüyü kimi, bu çox aşağı rəqəmdir və dövlət büdcəsi üçün yük təşkil etməyəcək. Əgər bütün uşaqlara uşaqulu verilə bilmirsə, heç olmasa 3 və daha çox uşaqlı ailələrə verilməlidir. Bundan əlavə, çoxuşaqlı ailələrə, ev, torpaq sahəsi, özünüməşğulluq çərçivəsində müəyyən vasaitlər verilməlidir.

Əgər ailələrin qurulması təşviq olunmasa, çoxuşaqlılığı təbliğ olunmasa, boşanmaların qarşısı alınmasa, əhalimiz getdikcə daha çox demoqrafik faciə ilə qarşılaşacaq və azalmalar bu templə davam etsə bir neçə onillik ərzində xalqımız tarix səhnəsindən silinə bilər. Bu səbəbdən də dövlət ailələrlə bağlı genişmiqyaslı dövlət proqramı həyata keçirməlidir. Onsuz da bunun üçün gecikmişik, amma heç olmasa indi bunu etmək lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
sesqazeti.az

1Mənbələr