AZ

Güzəşt tələbat birliyi... Tətbiq edilən güzəştlərin sayəsində ölkəyə daha çox yeni hibrid avtomobillər gətirilir

ain.az bildirir, Bizimyol portalına istinadən.

"2025-ci ilin yanvar-avqusta ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 381 milyon 385 min ABŞ dolları dəyərində 74 481 ədəd avtomobil idxal olunub". Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Keçən illə müqayisədə ölkəyə idxal olunan avtomobillər həm kəmiyyət, həm də dəyər cəhətdən artıb.Avtomobil idxalının artmasının səbəbi nədir?Ən çox hansı avtomobillər idxal olunur?Qiymətlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?

Məsələ ilə bağlı Bizimyol.info portalına Azərbaycan Avtomobil Dilerlər İdarə Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, Azərbaycana öncəki illərə baxanda daha keyfiyyətli avtomobillər gəlir.

Eyyub Əliyev

“Keçən il, hətta ondan öncəki illə müqayisədə avtomobillərin dəyərində artım var idi. Bu il ötən illə müqayisədə avtomobillərin dəyərində artım var. Bu da onu göstərir ki, ölkədə avtomobil sektorunda aparılan işlər dövlət, özəl sektoru dialoqu yönündə dövlət qurumlarının, aidiyyəti qurumların işləri, eyni zamanda ölkə rəhbərliyi tərəfindən təsdiqlənən layihələr, avtomobil sektorunda olan islahatlar və yeniliklər artıq öz bəhrəsini verməyə başlayıb. Yəni yaşı 10 ildən yuxarı olan avtomobillərin ölkəyə girişinə qadağa qoyduqdan sonra ölkəyə dəyərdə daha bahalı və keyfiyyətli avtomobillər gəlir. Düzdür, tam olmasa da, öncəki illərə baxanda daha keyfiyyətli avtomobillər gəlir.

Yeni avtomobillərə gəldikdə, ölkədə hibridlərə artıq bir neçə ildi xüsusi güzəştlər var. Bu güzəştlərin sayəsində yeni avtomobillər, hibridlər ölkəyə daha çox gəlir, çünki tələbat var. Sözsüz ki, yanvar ayında hibrid avtomobillərə verilən güzəşt müddətinin bitməsi və bununla bağlı hələ də heç bir qurumdan açıqlama verilməməsi onu göstərir ki, insanlar artıq yeni hibrid avtomobilləri gətirməyə tələsirlər. Gələn il onlar hansı qayda-qanunun olacağını bilmədiklərindən maksimum dərəcədə bu güzəştlərdən faydalanmağa çalışırlar. Bu da onu göstərir ki, ölkəyə daha çox avtomobil gəlir, daha sağlam avtomobillər gəlir. Amma təəssüfləndirici məqam da var ki, ölkəyə gələn avtomobillərin çoxu fərdi şəxslər tərəfindən, alverçilər tərəfindən gətirilir. Belə olduqda həmin avtomobillərin zəmanətsiz gəlməsi gələcəkdə avtomobil sahibinə problem yaşada bilər.

Ümumilikdə baxsaq, avtoparkımız yenilənməyə doğru gedir. Hazırda bu istiqamətdə işlər gedir. Çox sevindirici və çox alqışlanası bir haldır”-deyə Eyyub Əliyev qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
bizimyol.info

1Mənbələr