AZ

İki Hacıbəylinin taleyi: Biri Bakıda, o biri Qarsda

BAKI, 18 sentyabr. TELEQRAF

1922-ci ilin yayı.

Qastrol səfərində olan Azərbaycan teatr truppası Tiflisdən sonra Gümrü şəhərinə yola düşür. Orada bir neçə tamaşa göstərən heyət Arpaçayın o tərəfinə - Qars şəhərinə keçir. Qars 42 illik rus işğalından sonra yenidən Türkiyə ərazisinə daxildi.

Heyətdə Tiflisin azərbaycanlı artistlərindən Seyfi Ələkbərov, İbrahim İsfahanlı, Əhməd Salahlı, Əli Qurbanov, Əsəd Xəlilov, Həsənov və başqaları vardı. Heyətin marşrutu da, repertuarı da bəlli idi. Sarıqamış, Ərzurum və Trabzona gediləcək, “Arşın mal alan”, “O olmasın, bu olsun” operettaları oynanılacaqdı.

Azərbaycan sovetləşmişdi, hələ ki yarımmüstəqil olan hökumətin Qarsda konsulluğu da vardı. Ölkəmizin Qarsdakı konsulu İslam Hacıbəyli heyəti qarşılayır, tamaşaların təşkilində onlara köməklik göstərir. Həm Qarsda, həm də digər iki bölgədə heyətin səfəri böyük maraqla qarşılanır. İştirakçılardan Seyfi Ələkbərov sonralar xatirələrində yazacaqdı: “Qars, Sarıqamış və Ərzurum şəhərlərində tamaşalarımız, xüsusilə “Arşın mal alan” və “O olmasın, bu olsun” çox böyük müvəffəqiyyətlə keçdi. Tamaşaçıların çoxu hər ehtimala görə teatra özü ilə stul da gətirirdi ki, bəlkə, salonda yer olmadı, bir yerdə oturub tamaşaya baxsın. Yerli mətbuat tamaşalarımız haqqında ətraflı məlumat verirdi. Tamaşadan hasil olan məbləğin müəyyən faizi o vaxtlar Volqaboyunda aclıq çəkənlərə göndərilirdi”.

Qars konsulu İslam Hacıbəyli bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin Türkiyə ərazisində oynanılmasına bu şəkildə xidmət göstərmişdi.

Üzeyir bəyin əsərləri sonrakı illərdə də Türkiyədə dəfələrlə tamaşaya qoyuldu, mühacir azərbaycanlılar İstanbulla yanaşı Qarsda da onun əsərlərini oynadılar. Türkiyə vətəndaşları, ehtimal ki, Üzeyir bəyin bioqrafiyasını bilmirdilər, ictimai, pedaqoji fəaliyyətindən xəbərsizdilər. Amma “Arşın mal alan” başda olmaqla sənətə azacıq marağı olan hər kəsə əsərləri bəlli idi.

Seyfi Ələkbərovun Qarsla bağlı xatirəsini oxuyarkən həmişə məni bir məsələ düşündürürdü. Qarsdakı İslam Hacıbəylinin taleyi necə oldu, görəsən? Bu sualımın cavabını Türkiyə arxivindəki bir qərarnamədə qısa da olsa tapdım. İslam Hacıbəyli teatr truppasının gəlişindən bir neçə ay öncə Türkiyə dövlətinə sığınmaqla bağlı müraciət edibmiş. Onun müraciəti ilə bağlı Türkiyə Böyük Millət Məclisinin rəisi Mustafa Kamal paşa və nazirlərin imzası ilə alınan qərarnamədə yazılıb:

“Azərbaycanın Qars konsulu İslam bəyin bilavasitə Şərq cəbhəsinə müraciət edərək erməni və rus konsulluqlarının onun əleyhində hökumətlərinin nəzdində təşəbbüs göstərdikləri və bu təşəbbüslərin Bakıda təsir yaratdığını hiss etdiyin, yaxında Azərbaycana qayıtması üçün əmr gözlədiyi və bu təqdirdə edam olunacağını üçün sığınma istəməkdədir”.

Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir paşa İslam bəyin müraciətini müsbət qəbul edib, İslam bəy hökuməti tərəfindən geri çağırıldığı zaman onun Şərq cəbhəsinin gerisində iqamət etməsi şərti ilə razılaşdığını ifadə edib.

Qərarnamənin sonunda Mustafa Kamal paşanın bir qeydi də var: “İndidən bu qərarla bağlı bir şey edilməsi müvafiq deyildir. Vəzifədən azad edildiyi və iltica eylədiyi təqdirdə tələbi düşünüləcəkdir”.

İslam bəy Qarabəkir paşanı tanıyırdı. Konsul təyin edildiyi ilk zamanlarda onunla görüşmüşdü.

Hacıbəyli 1921-ci ilin sentyabrında Qarsa konsul təyin edilmişdi. O, Şərqi Anadoluda çox təmtəraqla qarşılanmışdı, mərasimə Şərq Cəbhəsinin qərargah rəisi Rüşdü paşa, Qars jandarmasının rəisi Nəsimi bəy, şəhərin komendantı və digər rəsmi şəxslər gəlmişdilər. 4 sentyabrda Sarıqamışda olan Qarabəkirə teleqram vuraraq fəaliyyətə başladığını bildirmişdi. Dörd gün sonra isə o, Sarıqamışda Kazım Qarabəkirin özüylə də görüşmüşdü. Həmin günün axşamı hərbi orkestrin də iştirakı ilə Azərbaycan təmsilçisi böyük hörmət və ehtiramla qəbul edilmişdi. Qarabəkir ona Rusiya ilə olan dostluqlarını qorumalı və möhkəmləndirməli olduqlarını demişdi.

İslam bəy konsul olduğu dövrdə Türkiyə ilə Rusiya arasındakı önəmli anlaşmalarda iştirak da etmişdi.

Amma özünün Qarabəkir paşaya vurduğu teleqramdakı fikirləri səbəbsiz deyildi. Çünki 1922-ci ilin oktyabrında Cənubi Qafqaz Fövqəladə Komissiyasının sədr müavini Pankratov Nəriman Nərimanova məktubunda onun haqqında bəzi məlumatlar vermişdi. İddiaya görə İslam Hacıbəyli ağların hakimiyyəti dövründə Kubanda onlara xidmət edib, lakin Kuban sovetləşdirildikdən sonra Batuma qaçıb, oradan da Bakıya gəlib və partiyaya daxil olub. Həmçinin İslam Hacıbəylinin qardaşı Arif Hacıbəyli İrəvandakı Türkiyə konsulluğunun katibi vəzifəsində işləyib, onlar bir-biriləriylə əlaqə saxlayıblar, hətta Türkiyədəki Azərbaycan mühacirəti ilə təmasdadır.

Görünür, İslam bəy haqqında bu məlumatları mərkəzə ötürənlər elə onun özünün yazdığı kimi erməni və rus həmkarları olub.

Ehtimal ki, İslam bəyin Türkiyədə qalmaqla bağlı müraciəti qəbul edilib. Təəssüf ki, bununla bağlı əlavə məlumat tapa bilmədik.

1922-ci ilin noyabr ayında isə Azərbaycanın Qars konsulluğu fəaliyyətini dayandırdı...

P.S. Yazıda professor Cəmil Həsənlinin “Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920-1939)”, Nazim Axundovun “Üzeyir Hacıbəyov xaricdə” əsərindən, eləcə də Türkiyə dövlət arxivindən istifadə edilib.

Seçilən
7
teleqraf.com

1Mənbələr