AZ

Zelenski “ölüm silahını” işə salır – Rusiya qorxu içində

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ silahlarının alınması çərçivəsində böyük güzəştlər əldə ediləcək. Aİ ölkələri tərəfindən maliyyələşdirilən hərbi yardım paketlərinin ilkin mərhələsinə “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri və HIMARS raketləri daxil olacaq.

“Oktyabrda əlavə vəsait alacağımızı gözləyirik. Düşünürəm ki, ümumi məbləğ 3,5-3,6 milyard dollar civarında olacaq. İlk iki yardım paketinin hər biri 500 milyon dollar dəyərindədir. Bu paketlərə mütləq şəkildə “Patriot” və HIMARS üçün raketlər daxil ediləcək,” – deyə Zelenski qeyd edib.

Bəs bu yardım Ukrayna üçün hansı imkanları açır? Mövcud prosesi necə qiymətləndirmək olar?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev məsələni daha çox siyasi məqam kimi dəyərləndirib:

“Zelenskinin bu açıqlaması siyasi mesaj daşıyır. O, Qərbin hələ də Ukraynanın arxasında olduğunu, ABŞ-ın onları tam tərk etmədiyini göstərmək istəyir. Bu, həm daxili auditoriyaya, həm də orduya hesablanıb. Məqsəd Ukraynanın silah çatışmazlığı yaşamayacağı və müharibəni davam etdirə biləcəyi görüntüsünü yaratmaqdır”.

Politoloq qeyd edib ki, Donald Trampın ABŞ-da yenidən hakimiyyətə gəlməsindən sonra Ukraynaya göstərilən dəstək müəyyən qədər zəifləyib və bu, həm əhali, həm də ordu arasında ruh düşkünlüyünə səbəb olub:

turab
Turab Rzayev

“Zelenski 3,5-3,6 milyard dollarlıq ümumi yardım paketindən danışır. Bu isə o deməkdir ki, hələ danışıqlar davam edir və rəqəmlər tam dəqiqləşməyib. İlk mərhələdə iki dəfə 500 milyon dollar dəyərində yardım və bir neçə silah tədarükü planlaşdırılır. Zelenski dəfələrlə vurğulayır ki, bu paketlərə “Patriot” və HIMARS raketləri daxil olacaq. Çünki Rusiya bu silah sistemlərindən xüsusilə ehtiyat edir və Kremlə ciddi zərər verə bilən əsas texnikalar məhz bunlardır”.

Turab Rzayev qeyd edib ki, HIMARS sistemləri Ukrayna üçün strateji əhəmiyyətə malikdir:

“HIMARS uzun mənzilli və dəqiq zərbələr endirmək imkanına malikdir. Bu silahlarla Ukrayna ordusu Rusiya hərbi obyektlərini, silah-sursat anbarlarını, cəbhədəki qərargahlarını və digər kritik hədəfləri vurub. Bu, Rusiya üçün böyük itkilərə səbəb olub. Zelenskinin bu silahlardan danışması da psixoloji üstünlük yaratmaq məqsədi daşıyır. Bu tip texnikalar müharibənin taleyini dəyişə biləcək gücdədir”.

Seçilən
12
1
turkustan.az

2Mənbələr