AZ

Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli 3702 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” ilə müəyyən edilən hədəflərə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2023-cü il tarixli 4021 nömrəli Sərəncamı ilə dəyişikliklər edilərək 2025-ci ilin sonunadək dövlət borcunun ümumi daxili məhsula (ÜDM-ə) nisbətinin yuxarı həddinin 30 faizdən aşağı səviyyədə saxlanılması, bu zaman xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi kimi hədəflər müəyyən edilmişdir. 2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 25,4 milyard manat səviyyəsində olacağı, 2029-cu ilin sonunda isə 32 milyard manat səviyyəsinə çatacağı gözlənilir. Beləliklə, qarşıdakı 4 ildə Azərbaycanın dövlət borcu 6,6 milyard manat arta bilər.Dövlət borcu nədir?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dövlət borcu dövlətin daxildə (məsələn, yerli banklardan, qiymətli kağızlar bazarından) və ya xaricdə (xarici banklar, beynəlxalq maliyyə institutları, investorlar) götürdüyü kreditlərdən ibarətdir.

Akif Nəsirli

“Büdcə kəsiri (xərclər gəlirləri üstələyirsə) nəticəsində hökumət borclanır. Yəni gəlirlər il ərzində nəzərdə tutulan xərcləri ödəməkdə büdcə kəsiri yaranır, bu kəsir isə borc hesabına bağlanır. Məsələn; infrastruktur layihələrini (yollar, limanlar, enerji layihələri) icra etmək üçun uzunmüddətli kreditlər götürülür. Eyni zamanda, valyuta ehtiyatlarının qorunması üçün də borclanma ola bilər. Necə ödənilməsinə gəldikdə; dövlət gəlirləri (əsasən vergi və ixrac gəlirləri, xüsusən də neftdən) hesabına həm əsas borc, həm də faizlər qaytarılır”-deyə iqtisadçı bildirib.

Akif Nəsirli dövlət borcunun artırılmasının riskləri və faydalarından da danışıb.

Risklər:

Borcun çoxalması büdcədən daha çox vəsait faiz ödənişlərinə gedir, sosial və digər xərclər azalır.Xarici valyutada borc artdıqca manatın məzənnəsi zəifləsə, ödəniş yükü artır.Beynəlxalq reytinqlərdə risklər yarana bilər. Ölkənin kredit reytinqi düşə bilər, yeni borclar daha baha başa gələr.

Faydaları:

Əgər borc strateji layihələrə yönəldilirsə (məsələn; iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, enerji, logistika, texnologiya) gələcəkdə daha çox gəlir gətirir. Bu borc faydalı hesab edilir.Borc daxili bazardan cəlb olunursa, maliyyə bazarını inkişaf etdirir.Borc hesabına inflyasiya və monetar sabitlik pozulmadan iqtisadiyyatı stimullaşdırmaq olur.Azərbaycanın mövcud borc vəziyyəti necədir?

Akif Nəsirli qeyd edib ki, hazırda dövlət borcunun ÜDM-ə nisbəti təxminən 20%-dən aşağıdır. Bu da beynəlxalq standartlarla (60%-ə qədər icazə verilir) çox aşağıdır: “Müəyyən həddə qədər borcun artması təhlükəli deyil. Amma şərt odur ki, alınan borc real iqtisadi dəyər yaratsın, sosial xərclərin hesabına dağıdıcı olmasın. Bir məsələ də var ki, 70 milyard dollar strateji aktivlərə malik ölkənin 20% dövlət borcu olması uyğunsuzluqdur. Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
bizimyol.info

1Mənbələr