AZ

MÜSAHİBƏ

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOSS) inkişafı və onların dövlət satınalmalarında fəal iştirakı bu gün ölkə iqtisadiyyatının mühüm hədəflərindən biridir. 2024-cü ildən qüvvəyə minən “Dövlət satınalmaları haqqında” yeni Qanun bu sahədə şəffaflığın, rəqabətin və əlçatanlığın təmin olunmasına geniş imkanlar açıb. Bununla yanaşı, yeni prosedurlar sahibkarlar üçün həm üstünlüklər, həm də bir sıra praktiki çətinliklər yaradıb.

Mövzu ilə bağlı QHT.az olaraq “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin (İSAY İB) sədri Eyyub Kərimli ilə söhbətləşdik. O, həm yeni qanunun sahibkarlar üçün yaratdığı imkanlardan, həm də mövcud çağırışlardan danışdı, təşkilat tərəfindən həyata keçirilən layihə barədə ətraflı məlumat verdi.

 

QHT.az: Eyyub müəllim salam, hazırda regionlarda fəaliyyət göstərən sahibkarların əsas problemlərindən biri kimi siz nəyi görürsünüz?

Eyyub Kərimli: Regionlarda sahibkarlarımızın üzləşdiyi çətinliklərin başında məhsul və xidmətlərin satışı dayanır. Bu gün satışların artırılması üçün iki əsas istiqamət mövcuddur: yeni bazarlara çıxış və dövlət satınalmalarında iştirak. Dövlət satınalmaları mikro, kiçik və orta sahibkarlıq subyektləri (MKOSS) üçün geniş imkanlar açır.

 

QHT.az: 2024-cü ildən qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” yeni Qanun sahibkarlar üçün hansı imkanlar yaradıb?

Eyyub Kərimli: Yeni qanun dövlət satınalmaları sahəsində şəffaflığı, rəqabəti və əlçatanlığı gücləndirib. Bu da MKOSS-ların dövlət vəsaitlərinə bərabər çıxışını təmin edir, onlara daha geniş bazar imkanı yaradır. Hazırda əsas məqsəd MKOSS-ların rəqabət qabiliyyətliliyinin artırılmasıdır.

 

QHT.az: Bəs bu qanunun tətbiqində hansı çətinliklər müşahidə olunur?

Eyyub Kərimli: Qanun geniş imkanlarla yanaşı yeni çağırışlar da gətirib. Ən böyük çətinliklərdən biri tamamilə yenilənmiş və rəqəmsallaşdırılmış satınalma prosedurlarının öyrənilməsidir. Bundan başqa müddətlərin uyğunlaşdırılması, planlaşdırma və praktiki tətbiqlə bağlı boşluqlar var. Hesablama Palatasının və Antiinhisar və İstehlak Bazarı Dövlət Agentliyinin rəylərində də bu məsələlərə diqqət çəkilib.

 

QHT.az: İSAY İB-in həyata keçirdiyi layihənin əsas məqsədləri nələrdir?

Eyyub Kərimli: Bizim “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında rəqabətliliyinin artırılması” layihəmiz MKOSS-lara yeni qanunvericiliyi anlamaq, tətbiq etmək, dövlət satınalmalarında daha səmərəli iştirak etmək və rəqabət qabiliyyətlərini artırmaq üçün dəstək verir. Layihə həmçinin qanunvericiliyin təkmilləşdirilməsinə də töhfə verməyi hədəfləyir.

 

QHT.az: Bu layihə çərçivəsində təqdim etdiyiniz kitab barədə nə deyə bilərsiniz?

Eyyub Kərimli: Kitabda satınalma prosedurları sadə və anlaşılan formada izah edilib. Məqsəd MKOSS-ların bu sahədə bilik və bacarıqlarını artırmaq, onların dövlət satınalmalarında daha fəal iştirakına şərait yaratmaqdır.

 

QHT.az: Son olaraq sahibkarlara nə arzulayardınız?

Eyyub Kərimli: Sahibkarlarımıza dövlət satınalmalarında uğurlu iştirak, biznes fəaliyyətlərində isə davamlı inkişaf arzulayıram. İnanıram ki, bu layihə və nəşr onların yol xəritəsində faydalı olacaq.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
14
qht.az

1Mənbələr