AZ

Azərbaycan: çoxsaylı terrora məruz qalan ölkəmiz

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan təhlükəsizlik adası olsa da, lakin zaman-zaman ölkəmizə ona qarşı saysız terror hadisələrinin şahidi olmuşuq. Belə bir sual yaranır: biz etməmişik, bəs bizə qarşı nə üçün edilib? Əlbəttə ki, dünyanın ədalətsizliyi səbəbindən. Görünür, özlərini demokratik ölkə hesab edənlərin hər biri əslində bunu haqq etmir.

1989-1990-ci illərdən bəri Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları başlanandan xalqımız bir-birinin ardınca onlarla terror hadisəsi ilə qarşılaşıb. Bunlar Ermənistanın, eləcə də Ermənistanın havadarlarının Azərbaycana qarşı törətdiyi amansız terrorlardır. Bu terrorlar miqyasına və törədilməsinə görə soyqırımından, faciədən, qırğın-qiyamətdən, didərginlikdən, təxribatdan, hiyləgərlikdən qat-qat yuxarıda dayanır.

2020-ci ilin sentyabr ayınadək ötən 30 illik zaman kəsiyində olmazın terrorları ilə üz-üzə gəldik. 20 Yanvar 1990-cı ildə Bakıda törədilən qətliamı deyək, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecədəki Xocalı faciəsini deyək, 1989-1990-cı illərdən başlayaraq ermənilərin sərhədlərimizə basqınlarını, yüzlərlə övladımızın vəhşicəsinə qətlə yetirilməsini deyək, Birinci Qarabağ müharibəsindəki insanlığa qarşı dəhşətli hadisələri deyək, soydaşlarımızın zorla ata-baba yurdlarından qovulmasını deyək, 20 faizdən artıq torpaqlarımızın işğalını, bu torpaqların yeraltı və yerüstü sərvətlərinin talanmasını deyək, ermənilərin əli ilə xarici ölkələrdə yaşayan soydaşlarımın qətlə yetirilməsini deyək, bəzi ölkələrdəki səfirliklərimizə hücum aksiyalarını təşkil etdiklərini deyək, 44 günlük Vətən müharibəsindən sonra minlərlə soydaşımızın mina qurbanı olmasını deyək, yenə də torpaqlarımızda erməni qruplaşmalarının ekologiyamıza vurduğu ziyanı deyək ki, erməni xislətini açıq ortaya qoya bilsin.

Səfirliklərimizdə terror

2020-ci ilin Tovuz hadisələrindən dərhal sonra səfirliklərimizə basqınları, diplomatlarımıza qarşı təcavüzləri yaxşı xatırlayırıq. 12-14 sentyabr hadisələrindən sonra belə hal London, Livan, Fransa və digər ölkələrdə təkrarlanıb. Bu ölkələrdə yaşayan ermənilərin müxtəlif qruplaşmalar, bəzən isə açıq şəkildə səfirliklərimizə hücumu və həmin dövlətlərin buna göz yumması erməni sevdalılarının onları müdafiə etmək istəyindən başqa bir şey deyil. Erməni sevdalıları deyirik. Əslində isə bu, bir sevda deyil. Həmin dövlətlərin erməniləri çox yaxşı tanımasından irəli gələn haldır. O mənada ki, həmin dövlətlər erməni kimi xislətsiz qəbiləni əldə saxlayıb ondan bəzi məqamlarda istifadə etməyi zamanın sınağından çıxarmış, bu səbəbdən də ermənini əldə saxlamağın onlara etdiyi sərfi digər bir xalqın dövlət qurumuna hücumdan üstün hesab edirlər. Haqqın, ədalətin kimin tərəfində olduğunu çox yaxşı bilən, lakin 30 ildəki kimi yenə də qulaqlarını pambıqlayan, gözlərini yumanlar onu da yaxşı bilməlidirlər ki, bütün dünyaya kim olduqlarını sübut edirlər. Sübut edilər ki, ötən 30 ildə Azərbaycanın bütün beynəlxalq təşkilatlar qarşısında Qarabağla bağlı qaldırdığı tələbə niyə susurduq. Sübut edirlər ki, 30 ildə Qarabağ mövzusu ortaya gələndə niyə özümüzü karlığa vururduq. Lakin unudulmayacaq bir məsələ də var ki, səfirliklər, onların yerləşməsi, təhlükəsizliyi haqqında bütün dövlətlər üçün qanunauyğunluqlar mövcuddur. Və bu qanunları pozmağa, təxribata yol verməyə heç kimin haqqı və hüququ yoxdur. Bunun üçün hər hansı münaqişənin törədilməsinə yol verən dövlət beynəlxalq hüquq qarşısında cavab verməlidir.

Bütün bu hadisələrin fonunda demək olar ki, 2023-cü ildə Tehranda Azərbaycan səfirliyində törədilən terror aktında da ermənilərin əli olmaya bilməz. Həmişə qızışdırıcı mövqedə olan, yalan xislətli, fırıldaqçı ermənidən bundan fərqli nə gözləmək olar ki?.. Bəs nə qədər terror?..

Mina terroru

Dünya susur, susduqca da ermənilər əl-qol açır, onları azərbaycanlılara qarşı yeni terror hadisələri törətməyə şövqləndirir.

Artıq neçə ildir, düşmənin minalanmış ərazilərin xəritəsini verməli olduğu halda verməməsinə də susurlar. Bu isə müharibədən ötən dövr ərzində dəfələrlə insanların minaya düşərək həyatlarını itirməsinə səbəb olub.

Soydaşlarımızın dəfələrlə minaya düşərək həyatlarını itirməsi və ya ağır bədən xəsarəti alması Ermənistanın minalanmış ərazilərin xəritəsini təcili şəkildə təhvil verməli olduğunun daha bir nümunəsidir. Lakin onlar bunu etmir, dünya da bu qədər insan ölümünə susur, susur...

2021-ci ilin iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində azərbaycanlı jurnalistlərin ölüm xəbərindən təəssüfləndiyini bildirən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza demişdi: “Azərbaycan hökuməti minaları zərərsizləşdirmək üçün mümkün olan hər şeyi edir. Amma Ermənistanın bu xəritələri təhvil verməsi beynəlxalq humanitar hüququn tələbidir. Buna heç bir bəraət qazandırmaq olmaz. Bu, beynəlxalq humanitar hüququn pozulması deməkdir. Ümid edirəm ki, ATƏT-in Minsk qrupu və həmsədrlər, eləcə də Avropa İttifaqı Ermənistanı həmin xəritələri təhvil verməyə çağıracaq”.

Həmin çağırışdan iç ilə yaxın vaxt keçsə də, lakin hələ də Minsk qrupu, Avropa İttifaqı bu insan itkilərinə reaksiyasız şəkildə öz fəaliyyətlərini davam etdirir. Elə bu səbəbdən də artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq, deyən dövlətimizin başçısı fikrini belə tamamlamışdır: “Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.

Cenevrə Konvensiyasına və beynəlxalq protokollara görə tərəflər minalanmış ərazilərin xəritələrini müharibə başa çatdıqdan sonra bir-birinə təqdim etməlidirlər. Ermənistan isə beynəlxalq sənədlərə, dövlətinin rəsmisinin imzaladığı kapitulyasiya aktına zidd olaraq xəritələri hələ də Azərbaycana təqdim etmək fikrində deyil. Hələ üstəlik həyasızcasına bu xəritələrin, ümumiyyətlə, olmadığını da iddia edirlər. Lakin bu, onların növbəti yalanı, məğlubiyyətlərinin acısından gizlətdikləri, əslində isə var olan xəritələrdir.

Birinci Vətən müharibəsindən sonra 2000 nəfərdən çox soydaşımız mina qurbanı olmuşdur. Bu gün azad etdiyiniz torpaqlarımızın isə təqribən 13 kvadratkilometri minalarla əhatə olunmuşdur. Bu ərazilərdə dəfələrlə bədbəxt hadisələrin baş verməsi minalanmış ərazilərin xəritəsinin olmaması səbəbindəndir. Odur ki, mina qurbanı olan soydaşlarımızın sayı 3000-ə yaxınlaşır. Bu terrora nə vaxt son qoyulacaq?

Ekoloji terror

1988-1990-cı illərdə ermənilər tərəfindən sərvətlərimizin talan edilməsi, ekologiyamıza vurulan milyonlarla manat dəyərində ziyan Birinci Vətən müharibəsinə aparan yolun başlanğıcı oldu.

Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafındakı torpaqların 20 faizini əhatə edən meşədə palıd, fıstıq, qarağac kimi ağaclar vardı. Topxana əsl təbiət möcüzəsi idi, meşənin heyvanat aləmi ayı, canavar, tülkü, dovşan, cüyür və digər heyvanlardan, kəklik, turac, göyərçin kimi gözəl quşlardan ibarət idi. Topxana meşəsində subalp və alp çəmənləri, dərin dərələrində bulaqlar vardı.

Həmin dövrdə eşitdik ki, işğalçı ermənilər sərvətlərimizi talan edir, meşələrimizi qırıb daşıyırlar. Təxmini məlumatlara görə, Topxanadan 2000-dən çox palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Şuşanın Cıdır düzündə, “Ağzı yastı” kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib.

30 il sonra torpaqlarımız işğaldan azad ediləndən, düşmənə 2020-ci ilin 44 günlük payızında həddi göstəriləndən sonra yenə də terror hadisələrindən yaxa qurtara bilmədik. Bununla bağlı olaraq 2022-ci ilin sonlarında Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda 138 gün davam edən etiraz aksiyası keçirildi.

İnsan terroru

Hələ 1905-1907, 1918, 1948-1954 və 1988-ci illərdə ermənilərin azərbaycanlılara qarşı deportasiya və soyqırımı vəhşiliyindən danışmıram. 1990-cı ildən bu yana olan insan terrorundan söhbət açmaq istəyirəm.

Birinci Qarabağ Müharibəsində sərhədlərimizdə və müharibə bölgəsindən uzaq ərazilərdə insanların qətlə yetirilməsindən, ermənilərin insan terroru həyata keçirməsindən danışmaq istəyirəm. 20 Yanvar-bəli, məlumdur kimlər tərəfindən törədildi. Lakin bu hadisədə erməni barmağının olmadığını kim deyə bilər?

Xocalı faciəsindən söhbət açaq. Bütün bəşəriyyətə və insanlığa qarşı ağır terror hadisəsi olan bu faciə nə üçün törədilməli idi? Nə üçün bütün dünya bu qədər ağır hadisəyə göz yumdu, qulaqlarını tıxadı? Bax elə bu səbəbdən ondan sonra da terror hadisələri yaşanacaqdı. Çünki o, cavabsız, cəzasız qalmışdı. Deməli, davam etdiriləcəkdi.

İkinci Qarabağ müharibəsində 44 gündə ermənilərin dinc əhalinin yaşadığı əraziləri nəhəng artilleriyalardan atəşə tutmasına, evləri-həyətləri dağıtmasına, insanların ömrünü sonlandırmasına, Gəncəyə atdıqları raketlə neçə-neçə uşağın ölməsinə, valideynlərini itirməsinə, dağıntılara səbəb olmasına da dünya susdu. Etirazını bildirmədi. Dünya susduqca, terrorlar artır. Xüsusilə erməni terroru və ermənilərin barmağı olan terrorlar.

Axı nə qədər terror? Nə vaxta, nə zamanadək? Bəsdir ta. Bu terrorları törədənlərə ar olsun!

Terrorizmə görə...

Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara Burkina Faso (8.571), İsrail (8.143), Mali (7.998), Pakistan (7.916), Suriya (7.89), Əfqanıstan (7.825) daxil edilib. Qeyd olunan sıralamada İran (4.464) 26-cı, Türkiyə (4.168) 29-cu, ABŞ (4.141) 30-cu, Rusiya (3.016) 35-ci, Fransa (2.647) 38-ci, Norveç (1.747) 53-cü, Ermənistan (0.423) 76-cı, Birləşmiş Ərəb Əmirlikləri (0.233) 79-cu, Litva (0.059) 87-ci yerdə qərarlaşıb.

Azərbaycan həssas və mürəkkəb geosiyasi məkanda olsa da, ötən illərin uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sürətli inkişaf, sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər nəticəsində dünyada ən yüksək daxili təhlükəsizlik reytinqinə yüksəlib. Ölkəmiz terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0” indekslə sonuncu - 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə qərarlaşmaqla, dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib. Ölkəmizlə qürur duyuruq.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
sesqazeti.az

1Mənbələr