Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasına işgüzar səfərə gedib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bişkek şəhərinin “Manas” Beynəlxalq Aeroportunda Əli Əsədovu Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Bakıt Torobayev, Qırğız Respublikası xarici işlər nazirinin müavini Temirbek Erkinov və digər rəsmi şəxslər qarşılayıblar.
***
12:04
Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının görüşündə iştirak etmək üçün Qırğızıstana səfərə gedib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Qırğızıstanın Nazirlər Kabineti məlumat yayıb.
"Manas" hava limanında Azərbaycan Baş nazirini Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobayev qarşılayıb.
Qeyd edək ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın Baş nazirləri, Türkiyənin vitse-prezidenti, eləcə də TDT-nin baş katibi Kubanıçbek Omuraliyev iştirak edəcəklər.
İclas iştirakçıları Bişkekdə iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcəklər. Həmçinin əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün TDT-nin fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi üzrə tədbirlər nəzərdən keçiriləcək.