AZ

MAQATE Qazaxıstanın atom elektrik stansiyası layihəsini bütün mərhələlərdə dəstəkləyəcək

BAKI, TurkicWorld, Fərid Mikayılov

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Qazaxıstanın ilk atom elektrik stansiyasının tikintisi üzrə bütün mərhələlərdə dəstək göstərəcəyini təsdiqləyib.

TurkicWorld xəbər verir ki, bu barədə qərar Vyanada keçirilən MAQATE-nin Baş Konfransı çərçivəsində keçirilən görüşdə elan olunub.

Görüşdə Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev və MAQATE-nin baş direktoru Rafael Qrossi stansiyanın tikintisi, nüvə infrastrukturu, eləcə də nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı və səhiyyədə tətbiqi məsələlərini müzakirə ediblər.

Qrossi Qazaxıstanın ardıcıl və sistemli fəaliyyətini yüksək qiymətləndirərək, agentliyin layihənin bütün mərhələlərində — sahənin seçilməsindən və tikintiyə hazırlıqdan tutmuş obyektlərin istismara verilməsinədək — hərtərəfli dəstək göstərəcəyini vurğulayıb.

Görüşdə həmçinin uran ehtiyatlarının səmərəli istifadəsi və qlobal bazara sabit tədarükün təmin olunması məsələləri önə çıxıb. Tərəflər milli maraqlarla beynəlxalq öhdəliklər arasında tarazlığın qorunmasının vacibliyini qeyd ediblər.

Qazaxıstan nümayəndə heyəti nüvə stansiyasının tikintisi üçün beynəlxalq konsorsiumun yaradıldığını, yeni tədqiqat layihələrinin işə salındığını və yüksək zənginləşdirilmiş yanacağın təhlükəsiz saxlanılması üçün obyektin istifadəyə verildiyini bildirib.

Tərəflər 2025–2027-ci illəri əhatə edən əməkdaşlıq üzrə birgə yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər. Sənəd MAQATE bölmələri ilə Qazaxıstan arasında sistemli əməkdaşlığı, texniki missiyaları və nüvə enerjisi inkişafına dəstək tədbirlərini əhatə edəcək.

Seçilən
40
14
turkic.world

10Mənbələr