AZ

Qayalıqda yaşıl xalı Mamırlı şəlalə FOTO VİDEO

ain.az bildirir, Azertag portalına istinadən.

Qax, 18 sentyabr, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikasının növbəti ünvanı Qaxın Mamırlı şəlaləsidir.

Mamırlı şəlalə Nazirlər Kabinetinin 2006-cı il 5 avqust tarixli qərarı ilə təbiət abidəsi kimi qeydiyyata alınıb və dövlət tərəfindən mühafizə olunur. Şəlalənin eni 30, hündürlüyü isə 10 metrdən çoxdur.

Rayon ərazisində nadir gözəlliyi ilə seçilən, fərqli ölçüdə və hündürlükdə 10-dək şəlalə mövcuddur. Belə şəlalələrdən biri də Ləkit kəndində, Böyük Qafqazın dağ ətəyində, meşənin dərinliyində yerləşən Mamırlı şəlalədir. Yerli sakinlər ona Damcılı şəlalə də deyirlər. Qayalardan süzülərək axan su şəlalənin ərazisində yaşıl mamırın bitməsinə səbəb olub. Mamır qayaları elə örtüb ki, sanki üzərinə yaşıl xalı sərilib. Qayalardan süzülüb gələn suyun şırıltısı, ətrafa sıçrayan su damcıları insana xoş əhval-ruhiyyə bəxş edir.

İlin isti aylarında Mamırlı şəlaləsini seyr etməyə gedənlərin sayı çox olur. Qışda donaraq əsrarəngiz gözəlliyə büründüyündən onu görməyə gələnlərin sayı heç də azalmır.

Qeyd edək ki, Ləkit kəndi Qaxın şimal-qərbində, şəhərdən 15 kilometr aralı yerləşir. Bəzi tədqiqatçılara görə, “Ləkit” coğrafi adı Qafqaz Albaniyasında yaşamış qədim lək tayfasının adından götürülüb.

Ləkit kəndi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Kəndin yaxınlığında yerləşən V əsrə aid Dairəvi məbəd və VI-VII əsrlərə aid Yeddi kilsə monastır kompleksi tarixilik baxımından xüsusi əhəmiyyət kəsb edir. Qafqaz Albaniyasının zəngin tarixi-mədəni irsini özündə əks etdirən bu abidələr milli yaddaşımızın tərkib hissəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
azertag.az

1Mənbələr