AZ

Azərbaycanın enerji strategiyası Berlində keçirilən ənənəvi qaz konfransında diqqət mərkəzində olub

Almaniyanın nüfuzlu “Handelsblatt” qəzetinin təşkilatçılığı ilə keçirilən “Qaz 2025: Körpü, yoxsa əyləc? Qaz sektoru enerji keçidi və dünya siyasəti arasında” mövzusunda ənənəvi illik konfransda Azərbaycanın enerji strategiyası və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri diqqət mərkəzində olub. “Handelsblatt” nəşrinin hər il təşkil etdiyi və sənaye liderlərini, hökumət nümayəndələrini və enerji sahəsində nüfuzlu ekspertləri bir araya gətirən ənənəvi tədbir enerji siyasəti, qaz bazarı, karbon emissiyasının azaldılması və enerji keçidi strategiyaları kimi aktual məsələlərin müzakirə edildiyi yüksəksəviyyəli platforma kimi tanınır. SİA xəbər verir ki, tədbirdə “Handelsblatt” qəzetinin dəvəti ilə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “Geosiyasi çağırışlar dövründə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi” mövzusunda təqdimatla çıxış edib.

Diplomat çıxışında Azərbaycanın müstəqilliyin bərpasından sonra “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər hövzəsində enerji sahəsində yeni dövrün əsasını qoyduğunu, regionu Qərb şirkətləri üçün açdığını və uzunmüddətli strateji tərəfdaşlıqların təməlini atdığını bildirib. Bu kontekstdə Cənub Qaz Dəhlizinin Azərbaycanın iri qaz yataqlarını birbaşa Avropa ilə birləşdirdiyi, həmin infrastruktur vasitəsilə Avropaya nəql olunan qazın həcminin ildən-ilə artdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən il Azərbaycanın qaz ixracı rekord həddə - 25,3 milyard kubmetrə çatıb, bunun 13 milyard kubmetri Avropaya nəql edilib. Vurğulanıb ki, Azərbaycan cəmi iki il ərzində Avropaya qaz ixracını öz resursları hesabına 50 faizdən çox artıraraq, kəskin təchizat böhranı dövründə tərəfdaşlarına mühüm dəstək göstərib.

N.Ağayev bildirib ki, hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir, onlardan 11-i Avropadadır, 9-u isə Avropa İttifaqının üzvüdür. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilməsinin göstəricisidir.

Azərbaycanın Almaniya ilə əməkdaşlığının da xüsusi önəm daşıdığını vurğulayan diplomat, “Uniper” və SEFE şirkətlər ilə illik ümumilikdə 3 milyard kubmetr qaz idxalını nəzərdə tutan uzunmüddətli müqavilələrin mövcud olduğunu xatırladıb.

Səfir, həmçinin qlobal geosiyasi risklərə və təchizat zəncirlərinin pozulmasına baxmayaraq, Azərbaycanın heç bir tədarükü dayandırmadığını diqqətə çatdırıb. O, Azərbaycan və Ermənistan liderlərinin ötən ay Vaşinqtonda sülh sazişini paraflamasının və birgə bəyanat imzalamasının regionda sabitlik, yeni nəqliyyat və ticarət marşrutlarının, infrastruktur layihələrinin və sərmayələrin əsasını qoyacağını bildirib.

Azərbaycanın gələcəyə baxışında Cənub Qaz Dəhlizinin mərhələli şəkildə yaşıl hidrogenə uyğunlaşdırılması, bərpaolunan enerji sahəsinə geniş sərmayələrin yatırılması və 10 giqavatdan artıq gücə malik külək və günəş enerjisi layihələri üzrə razılaşmaların imzalandığı qeyd edilib. Qara dənizin dibi ilə çəkiləcək kabel xəttinin Cənubi Qafqazla Avropa İttifaqı arasında yeni elektrik bağlantısı yaradaraq, Avropanın enerji keçidində mühüm rol oynayacağı diqqətə çatdırılıb.

Təqdimatdan sonra səfir moderatorun suallarını cavablandıraraq Cənub Qaz Dəhlizinin genişləndirilməsi, alternativ enerjinin inkişafı, Bakının ev sahibliyi etdiyi COP29-un nəticələri və digər məsələlərlə bağlı ətraflı məlumat verib.

Seçilən
0
5
sia.az

6Mənbələr