AZ

Qonşuluq örnəyi, əməkdaşlıq timsalı

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan–Gürcüstan münasibətləri ortaq maraqları uğurla gerçəkləşdirir

Azərbaycan və Gürcüstan arasında münasibətlər uzun illərdir ki, dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Bu əlaqələr təkcə iki ölkə arasında deyil, həmçinin Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması, regional, enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması kimi mühüm sahələrdə də vacib rol oynayır. Bu baxımdan Azərbaycan–Gürcüstan münasibətləri regionun iqtisadi, siyasi və strateji mənzərəsini formalaşdırmaqda həlledici əhəmiyyətə malikdir. Eyni zamanda, iki ölkə arasında siyasi dialoq və koordinasiya daha da dərinləşərək strateji müttəfiqliyə çevrilib.

Bu barədə Gürcüstan Xarici işlər naziri Maka Boçorişvili ölkənin “Birinci Kanal”ına müsahibəsində deyib. Qeyd edib ki, qonşu ölkələrlə münasibətlərin möhkəmləndirilməsi Gürcüstanın xarici siyasətində əsas prioritetlərdəndir. Nazir Azərbaycanın Gürcüstan üçün strateji tərəfdaş olduğunu xüsusi vurğulayaraq, iki ölkə arasında əməkdaşlığın ticarətdən energetikaya, nəqliyyatdan mədəniyyətə qədər geniş spektrdə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, bu münasibətlər qarşılıqlı etimad, sənmimi qonşuluq və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu münasibətlər uzunmüddətli regional əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Nazir bildirib ki, Azərbaycan və Gürcüstan arasında həyata keçirilən böyük regional layihələr – Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz xətti və Bakı–Tbilisi–Qars dəmir yolu kimi mühüm infrastrukturlar – iki ölkə arasında strateji əməkdaşlığın bariz nümunələridir. (Yeri gəlmişkən, bu gün Bakı–Tbilisi–Ceyhan neft kəmərinin işə düşməsinin 23 ili tamam olur – red.). Bu layihələr regionun enerji xəritəsini dəyişərək, Cənubi Qafqazı dünya enerji təchizatında əsas tranzit habına çevirib, bölgədə iqtisadi inteqrasiyanın və qarşılıqlı asılılığın güclənməsinə səbəb olub, eləcə də təhlükəsizliyə və inkişafın davamlılığına təkan verib.

Hazırda Azərbaycan Gürcüstanın xarici investorları arasında öncül mövqedədir və iki ölkə arasında ticarət dövriyyəsi ildən-ilə artır. Bu, regional əməkdaşlığın genişlənməsinin, həmçinin iqtisadi əlaqələrin daha da möhkəmlənməsinin göstəricisidir. Nazir M.Boçorişvili müsahibəsində onu da qeyd edib ki, 2020-ci ildə baş vermiş 44 günlük müharibə və onun yaratdığı yeni geosiyasi reallıqlara baxmayaraq, Azərbaycan və Gürcüstan strateji əməkdaşlığı qoruyub saxlayır, beynəlxalq platformalarda bir-birini dəstəkləməkdə davam edirlər. Bu, iki ölkə arasında qarşılıqlı inamın və dəstək səviyyəsinin yüksək olduğunu göstərir.

Maka Boçorişvili regionda dialoq və sülhün təşviqinə Gürcüstanın verdiyi töhfələrdən də danışıb. O, bu əsnada Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşlərini xüsusi olaraq vurğulayıb. Həmin görüşlər regionda dialoqun və sülh prosesinin gücləndirilməsi baxımından mühüm addımdır kimi gələcəkdə Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına xidmət edir.

Nazir bildirib ki, Gürcüstan Ermənistan və Azərbaycan arasında istənilən səviyyədə dialoqun aparılması üçün vasitəçilik etməyə hər zaman hazırdır və bundan sonra da bu missiyanı davam etdirəcək. Onun fikrincə, Gürcüstan ənənəvi olaraq həm Azərbaycan, həm də Ermənistanla yaxşı və dostluq münasibətlərinə malikdir və bu münasibətlər sülh və əməkdaşlıq üçün əlverişli zəmin yaradır: “Biz hamımız istəyirik ki, Cənubi Qafqaz sülh içində yaşasın. Bölgəmizin böyük potensialı var və bu potensialdan tam istifadə etmək istəyirik. Bunun üçün bölgədə davamlı sülh və sabitlik təmin olunmalıdır. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması böyük uğur olacaq və bölgəyə fayda gətirəcək”.

Bəli, bu gün Azərbaycanın və Gürcüstanın strateji tərəfdaşlığı, regional əməkdaşlıq və dialoq təşəbbüsləri bölgənin inkişafı və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir. İki ölkə bu istiqamətdə əməkdaşlığı uğurla davam etdirir. Onu da qeyd edək ki, iki ölkə arasında iqtisadi əlaqələr 2025-ci ilin ilk yeddi ayında əhəmiyyətli dərəcədə artıb. Bu dövrdə ticarət dövriyyəsi 464,8 milyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 28,4 faiz artım deməkdir. Bu göstərici ilə Gürcüstan Azərbaycanın ən çox ticarət tərəfdaşı olduğu ölkələr sırasında 10-cu yerdə qərarlaşıb.

Azərbaycanın Gürcüstandakı iqtisadi iştirakçılığı yalnız ticarətlə məhdudlaşmır. Ölkəmiz Gürcüstanda enerji, nəqliyyat, bankçılıq və tikinti sahələrinə böyük həcmdə sərmayələr yatırır. Azərbaycan şirkətləri Gürcüstanda fəaliyyət göstərməklə yerli iqtisadiyyatın inkişafına, məşğulluğun artmasına və infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verirlər.

2025-ci ilin birinci rübündə Gürcüstandan Azərbaycana qoyulan birbaşa xarici investisiyaların həcmi 10,167 milyon ABŞ dolları təşkil edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 984 min dollar və ya 10,7 faiz artım deməkdir. Eyni dövrdə Azərbaycandan Gürcüstan iqtisadiyyatına qoyulan sərmayə 30,424 milyon dollar olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur və 24,356 milyon dollarlıq artımı əks etdirir. Bu rəqəmlər Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyalar baxımından xüsusi önəm verdiyini göstərir. Azərbaycanın ümumi birbaşa xarici investisiyalarında Gürcüstana düşən pay 9,7 faiz təşkil edib və ölkə bu göstəriciyə görə Azərbaycanın ən çox sərmayə yatırdığı ikinci ölkədir. Ən çox sərmayə yatıran qurum Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR). SOCAR bu ölkədə yanacaqdoldurma məntəqələri şəbəkəsini qurmaqla yanaşı, qazpaylayıcı sistemlərə və enerji infrastrukturuna sərmayə yatırıb. Bu layihələr Gürcüstanın enerji təminatında mühüm rol oynayır.

M.Boçorişvili “Birinci Kanal”a müsahibəsində humanitar və mədəni sahədə əməkdaşlığa da toxunub. Bildirib ki, bu sahədə əməkdaşlıq iki ölkə arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. Xüsusilə Gürcüstanda yaşayan 250 mindən çox azərbaycanlı icması iki ölkə arasında körpü rolunu oynayır. Soydaşlarımızın yaşadığı bölgələrdə Azərbaycan dilində məktəblər, mədəniyyət evləri, muzeylər və dini icmalar fəaliyyət göstərir. Həmçinin iki ölkənin universitetləri arasında tələbə və müəllim mübadiləsi proqramları qarşılıqlı anlaşmanı artırır. Eyni münasibət Azərbaycanda yaşayan gürcü icmasına göstərilir. Onların hüquqları həm təhsil, həm də digər sahələrdə qorunur. Beləliklə, Gürcüstanda yaşayan azərbaycanlı icması və Azərbaycanda yaşayan gürcü icması dostluğun real təzahürüdür. Hər iki ölkə multikulturalizm prinsiplərinə sadiq qalaraq etnik azlıqlara hörmətlə yanaşır və onların hüquqlarını təmin edir.

Bir sözlə, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan, regional sabitliyin və inkişafın təminatçısı olan strateji tərəfdaşlıqdır. Maka Boçorişvilinin vurğuladığı kimi, bu əməkdaşlıq təkcə iki ölkənin deyil, bütün Cənubi Qafqaz regionunun sülh və rifahına mühüm töhfə verir. İki ölkənin birgə səyləri nəticəsində regionda davamlı dialoq və əməkdaşlıq mühiti yaradılaraq, qarşılıqlı maraqlara xidmət edən birgə layihələr həyata keçirilir. Bu da Azərbaycan–Gürcüstan münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə və bölgədə sülhün bərqərar olmasına zəmin yaradır.

Pünhan ƏFƏNDİYEVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
1
xalqqazeti.az

2Mənbələr