AZ

Azərbaycan ilə ICESCO arasında möhkəmlənən dostluq

"Bir daha sizə Azərbaycana göstərdiyiniz dəstəyə, mədəniyyətimizin, azad edilmiş bölgələrimizin mədəniyyətinin təşviqinə görə minnətdarlığımı bildirirəm. Bir təşkilat olaraq ICESCO Qarabağa ilk səfərlərdən birini həyata keçirib, siz isə orada olmuş ilk əcnəbi vətəndaşlardansınız. Siz bununla həmrəylik nümayiş etdirdiniz, habelə bu ərazilərdə nələrin dağıdıldığı barədə məlumat verərək səsinizi ucaltdınız. Biz bunu heç zaman unutmayacağıq". 

Sentyabrın 15-də Şuşada ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul edən dövlətimizin başçısı İlham Əliyev bu fikirləri söhbət zamanı bildirib. Görüşdə ICESCO-nun Baş direktorunun ölkəmizə, o cümlədən Şuşaya səfərləri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanıb. Səlim bin Məhəmməd əl-Malik qeyd edib ki, Şuşa şəhərinin gözəlliyi onda dərin təəssürat hissi yaradıb.

Görüşdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri yüksək qiymətləndirilib.

Dövlətimizin başçısı mədəniyyətimizin təşviqinə verdiyi dəstəyə görə ICESCO-nun Baş direktoruna təşəkkürünü bildirib: "Sizin rəhbərliyinizlə Şuşanın ICESCO tərəfindən İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi qərarı hər bir azərbaycanlını qəlbən fərəhləndirdi. Cıdır düzündə sizin də iştirakınızla keçirilmiş tədbirdə unudulmaz ab-havanın şahidi oldunuz. Bu, xoşbəxtliyin, qürurun və geri dönüşün vəhdəti idi".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti sentyabrın 15-də "Səlim bin Məhəmməd əl-Malikin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb. ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik bu yüksək mükafatla Azərbaycan Respublikası ilə ICESCO arasında uğurlu əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə təltif edilib.

Şuşada keçirilən görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın yüksək dövlət mükafatı olan "Dostluq" ordenini ICESCO-nun Baş direktoruna təqdim edib və bu münasibətlə onu təbrik edib.

Mükafata görə təşəkkürünü bildirən və bunu dərin minnətdarlıq hissi ilə qəbul edən Səlim bin Məhəmməd əl-Malik deyib: "Bu, yalnız şəxsən mənim deyil, mənimlə birlikdə çalışan və fəaliyyətimdə mənə dəstək olan hər kəsin əməyinə verilən qiymətdir. Həmin insanlar birliyin irəliyə aparılması, mədəniyyətin qorunması və sülhün bərqərar edilməsi istiqamətində əllərindən gələni edənlərdir. Mən bu ordeni bir simvol olaraq hər zaman xatırlayacağam və əminəm ki, mənimlə yanaşı, bu ordenlə ailəm, həmkarlarım və dövlətim də fəxr edəcək".

Görüşdə Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlığın qurulduğu vurğulanmaqla yanaşı, bunun gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Azərbaycan ilə ICESCO arasında əməkdaşlıq, dostluq münasibətləri bu günədək böyük bir yol qət edib.

İslam Təhsil, Elm və Mədəniyyət Təkilatının təsis edilməsi haqqında təşəbbüs İslam Əməkdaşlıq Təşkilatına (o zaman İslam Konfransı Təşkilatı) üzv dövlətlərin xarici işlər nazirlərinin Dakarda (Seneqal) 1978-ci il 24-28 aprel tarixində keçirilmiş 9-cu Konfransında irəli sürülüb. İƏT üzv dövlətlərin Məkkədə 1981-ci il 25-28 yanvarda təşkil olunan 3-cü zirvə görüşündə islam dövlətlərinin təhsil, elm və mədəniyyət məsələləri üzrə birliyi olan ICESCO-nun təsis edilməsinə və daimi qərargahının Rabat (Mərakeş) şəhərində yerləşdirilməsinə qərar verilib. Bir il sonra mayın 3-də ICESCO-nun təsis Konfransı Mərakeş Kralı II Həsənin himayəsi ilə Krallığın Fəs şəhərində keçirilib. Konfransda 28 dövlət təmsil olunub. Təşkilatın ilk baş direktoru mərakeşli ictimai-siyasi xadim Əbdül Hadi Butalib seçilib. O, 1991-ci illədək bu vəzifəni yerinə yetirib.

Respublikamız 1991-ci ildən bu nüfuzlu təşkilatın üzvüdür. 2006-cı il noyabrın 24-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təhsilin və sivilizasiyalar arasında dialoqun inkişafında göstərdiyi xidmətlərə görə, ICESCO-nun xoşməramlı səfiri adına layiq görüldükdən sonra əlaqələrimiz daha da genişlənib. 

ICESCO-nun keçmiş Baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri də respublikamızla əməkdaşlığın səviyyəsindən razılığını və əməkdaşlığın genişləndirilməsinə marağını dönə-dönə diqqətə çatdırıb. 2006-cı ildən ölkəmizin evsahibliyi etdiyi "Gənclər sivilizasiyaların alyansı naminə" mövzusunda beynəlxalq konfrans (1-2 noyabr 2007-ci il), Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ICESCO-nun dəstəyi ilə keçirilmiş "Mədəniyyətlərarası dialoqda qadınların rolu" mövzusunda forum (10-11 iyun 2008-ci il), İslam ölkələri Elm və təhsil nazirlərinin VI Konfransı (6-7 oktyabr 2008-ci il), "Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009" Mədəniyyət ilinin açılış mərasimi (18 fevral 2009-cu il), İslam ölkələri Mədəniyyət nazirlərinin VI Konfransı (13-15 oktyabr 2009-cu il), Dünya dini liderlərinin Bakı sammiti (26-27 aprel 2010-cu il) və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları (7-9 aprel 2011-ci ildən I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan 2-3 may 2019-cu il tarixlərində Bakı şəhərində keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qədər) və başqa beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak edib.

ICESCO-nun Baş direktoru kimi Bakıda keçirilmiş Azərbaycan Respublikası, ICESCO və BMT-nin birgə təşkilatçılığı ilə  (18-19 mart 2013-cü il) "Terrorizmin qarşısının alınması üçün əməkdaşlığa dair Beynəlxalq Konfrans"da, Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ICESCO-nun dəstəyi ilə "İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda (29 may-1 iyun 2013-cü il) və "Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu"nda (31 oktyabr-1 noyabr 2013-cü il) iştirak etmək məqsədilə ölkəmizə səfərlər edib.

Dövlətimizin başçısının 14 yanvar 2016-cı il tarixli sərəncamına əsasən, ICESCO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb.

Azərbaycan Prezidentinin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə respublikamızın Mərakeş Krallığındakı səfiri Oktay Sudef oğlu Qurbanov iqamətgahı Rabat şəhərində olmaqla, həmçinin Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfir və ölkəzimizin ICESCO yanında daimi nümayəndəsi təyin edilib. 

Dünyanın ən qədim yaşayış məskənlərindən olan Azərbaycanın zəngin mədəni irsi ICESCO tərəfindən yüksək qiymətləndirilib. Təşkilatın Baş qərargahında 2019-cu il 2-3 dekabrda təşkil olunan İslam Dünyası İrsi Komitəsinin növbədənkənar toplantısında Azərbaycanın bir sıra mədəni irs nümunələri - Bakının İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı İslam Dünyası İrsi Siyahısına daxil edilib. 

ICESCO-nun aylıq xüsusi jurnalında Azərbaycan ilə əlaqələrə həmişə geniş yer ayrılıb. Bu nüfuzlu beynəlxalq təşkilat çərçivəsində qəbul edilən qərarlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddələr əksini tapıb. 2012-ci il fevralın 24-də Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı ICESCO-nun mənzil qərargahında anma mərasimi keçirilib. ICESCO-nun o zamankı Baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycrinin mərasimdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqrımı barədə ədalətli və cəsarətli çıxışı xüsusilə diqqətəlayiq olub.

2019-cu il yanvarın 18-də "20 Yanvar" faciəsinin 29-cu ildönümü münasibətilə ICESCO-nun saytında təşkilatın Baş katibi Əbdüləziz Əl-Tüveycrinin adından ilk dəfə bəyanat yayılıb. Sözügedən bəyanatda faciəyə hüquqi qiymətin verilməsi, beynəlxalq hüquqa uyğun olaraq bu cinayəti törətmiş şəxslərin cəzalandırılması üçün dünya ictimaiyyətinə və beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edilib.

Həmin il yanvarın 31-də ICESCO tərəfindən verilən bəyanatda Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Sərsəng su anbarından yeni su kanalı çəkilməsi cəhdləri beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilib.

2020-ci il 29-30 yanvarda Əbu-Dabidə keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının İcraiyyə Şurasının 40-cı sessiyasında təşkilatın rəsmi adının "İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı" kimi dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub. Həmin il il sentyabrın 29-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) irs, mədəniyyət və təhsil ilə əlaqəli bir qurum olaraq Azərbaycan və Ermənistan  arasındakı Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən son hadisələrdən, əhəmiyyətli sivil dəyərə malik arxeoloji və tarixi məkanların, o cümlədən bir sıra məscidlərin və müqəddəs tarixi yerlərə qarşı dağıntıların törədilməsindən narahatlığını bildirən bəyanatla çıxış edib.

2021-ci il yanvarın 13-də ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev sıx əməkdaşlığa, daimi dəstəyə, xüsusilə müharibə zamanı qəbul edilmiş qərarlara görə baş direktora təşəkkürünü bildirib.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun böyük qəhrəmanlıqla azad etdiyi qala-şəhərimiz - Şuşa 2024-cü il üçün ICESCO-nun "İslam dünyasının mədəniyyət paytaxtı" olub. Bu barədə qərar Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında verilmişdi.

İşğaldan azad olunmuş ərazilərimizə səfərlər edən ICESCO-nun nümayəndələri işğalçıların törətmiş olduqları vandalizmi və dağıntıları öz gözləri ilə görüblər. Diqqətə çatdıraq ki, Azərbaycan xalqının Qarabağda və Şərqi Zəngəzurda tarixi, mədəni və dini irsinin Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılması faktı bu nüfuzlu beynəlxalq təşkilat tərəfindən hər zaman pislənilib.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
97
azerbaijan-news.az

1Mənbələr