Sentyabrın 18-də Azərbaycan milli musiqisinin banisi, ilk Şərq operasının müəllifi və Azərbaycanın Dövlət Himninin bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi UNESCO-nun mənzil-qərargahında qeyd olunacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin və "Fransa-Azərbaycan Dialoqu" assosiasiyasının birgə təşəbbüsü ilə təşkil ediləcək tədbirin musiqi proqramı fransalı violonçelçi və "Arts Au Diapason" assosiasiyasının prezidenti Lora Volpatonun rəhbərliyi ilə hazırlanıb.
Konsertdə Lora Volpato “Trio Avey” ansamblı ilə birlikdə çıxış edəcək. Ansamblın tərkibinə violonçel, fleyta və piano daxildir. Onlar Üzeyir Hacıbəylinin seçilmiş əsərlərini səsləndirəcək, tamaşaçılara onun bənzərsiz musiqi dünyasını yaşadacaqlar.
Qeyd olunub ki, Üzeyir Hacıbəyli təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının mədəni tarixində silinməz iz qoymuş şəxsiyyətdir. O, ilk müsəlman operasının – "Leyli və Məcnun"un müəllifidir. Dərin bilikli musiqişünas və maarifçi kimi o, Azərbaycan Dövlət Konservatoriyasının əsasını qoyaraq musiqi təhsilinin inkişafında mühüm rol oynayıb.
O, Qərb klassik musiqisi ilə Şərq muğam sənətini birləşdirərək unikal musiqi dili yaradıb. Onun yaradıcılığı təkcə melodik zənginliklə deyil, həm də mənəvi dərinliklə seçilir.
UNESCO-da keçirilən bu yubiley konserti Azərbaycan musiqisinin beynəlxalq miqyasda tanıdılması və yaşadılması üçün mühüm addımdır. Üzeyir Hacıbəylinin irsi, bu gün də yeni nəsillərə ilham verir və dünya musiqi xəzinəsində parlaq şəkildə yaşayır.