Musavat.com xəbər verir ki, diplomatik mənbələr Reuters-ə açıqlayıb ki, İran, Böyük Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri arasında aparılan telefon danışığında “snepbek” mexanizmi ilə bağlı kiçik irəliləyiş əldə olunub.
Məlumata görə, Avropa ölkələri Tehrana təklif ediblər ki, mexanizmin işə salınması altı ay təxirə salınsın. Bu müddətdə yekun danışıqlar aparılmalı, İran isə qarşılığında iki şərti yerinə yetirməlidir:
• Beynəlxalq Atom Enerjisi Agentliyi ilə nəzarət əməkdaşlığını bərpa etmək;
• Yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının real vəziyyəti barədə hesabat vermək.
Bununla yanaşı, bu gün Almaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, İran hələ də gözlənilən tələblərə cavab vermir. Diplomatik mənbələrin sözlərinə görə, əsas ssenari kimi ayın sonuna qədər sanksiyaların bərpası prosesinin sürətləndirilməsi gündəmdə qalır.
Beləliklə, Qərb ilə Tehran arasında gərginlik azalmır, əksinə, “snepbek” mexanizmi üzərindən böyük diplomatik böhran qapını döyür.
Musavat.com-un arayışı:
Snapback mexanizmi 2015-ci ildə imzalanan İran Nüvə Razılaşmasının (JCPOA) əsas elementlərindən biridir. Bu mexanizmə görə, əgər İran razılaşmanın şərtlərini pozarsa, BMT Təhlükəsizlik Şurasının sanksiyaları avtomatik şəkildə, yəni yeni səsverməyə ehtiyac olmadan “geri qaytarılır”.
Məqsəd: İrana qarşı təzyiqi gücləndirmək və onun nüvə proqramını nəzarətdə saxlamaq.
Qərb mediası və diplomatlar bunu “snapback sanctions” – “avtomatik sanksiyaların bərpası” adlandırır.
Yəni “snepbek” əslində İrana qarşı sanksiyaların avtomatik bərpa mexanizmi deməkdir.
Musavat.com