ABŞ Dövlət Departamenti Ermənistanla bağlı səyahət tövsiyəsini yeniləyərək, Azərbaycanla sərhəd bölgələrində təhlükənin artdığını açıqlayıb. Maraqlıdır, Ermənistanla bağlı səyahət tövsiyəsinin sərhəd bölgələrinə yönəlməsi nədən qaynaqlanır?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, bu tip xəbərdarlıqlar ABŞ Dövlət Departamenti tərəfindən dünyanın müxtəlif bölgələri ilə bağlı mütəmadi edilir:
“Ermənistanla bağlı səyahət tövsiyəsinin sərhəd bölgələrinə yönəlməsi sistematik addımların davamı kimi qiymətləndirilə bilər. Hesab etmirəm ki, hazırkı məqamda Ermənistan üçün real təhlükə mövcuddur. Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh müqaviləsi paraflanıb və hazırda eskalasiya ehtimalı demək olar ki, yoxdur.”
Ekspertin sözlərinə görə, bu açıqlamanın siyasi mesaj xarakteri daha güclüdür:
“Ermənistan gah Rusiya, gah da ABŞ yönümlü siyasət aparır ki, bu da gələcəkdə onun özü üçün ciddi problemlər yarada bilər.”
Politoloq qeyd edib ki, Ermənistan xarici siyasətində daha aydın və səmimi addımlar atmalı, mövqeyini konkretləşdirməlidir.
Qeyd edək ki, ABŞ-ın səyahət xəbərdarlığının daha çox siyasi məna daşıdığı, real təhlükədən qaynaqlanmadığı vurğulanır.