AZ

Xankəndidə Üzeyir Hacıbəylinin yubileyi münasibətilə konsert...

Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Xankəndi şəhərində musiqi axşamı təşkil olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindənverilən məlumata görə, Xankəndi şəhəri Konqres Mərkəzində keçirilən konsert proqramında Bakı Musiqi Akademiyasının tələbə simfonik orkestri unudulmaz musiqi bayramı bəxş edib.

Orkestrin dirijorluğunu Ramiz Məlikaslanov, bədii rəhbərliyini Xalq artisti, professor Fərhad Bədəlbəyli həyata keçirib. Tədbirdə Üzeyir Hacıbəylinin ölməz əsərləri ilə yanaşı, dünya musiqi xəzinəsinin incilərindən F.Mendelsonun simfoniyası da səslənib.

Bəstəkarın 140 illiyi ilə bağlı Xankəndidə keçirilən bu tədbir həm mədəni, həm də simvolik baxımdan çox əhəmiyyətli hadisədir. Xankəndidə belə bir tədbirin təşkili şəhərin mədəni həyatının canlanmasına, Qarabağda klassik Azərbaycan musiqisinin yenidən səslənməsinə işarədir. Bu, həm də azad edilmiş ərazilərdə milli-mədəni dəyərlərin bərpası baxımından böyük əhəmiyyət daşıyır.

Konsert proqramında Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələri, Milli Məclisin deputatı Polad Bülbüloğlu, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Fərhad Bədəlbəyli konsert proqramı ilə bağlı fikirlərini bölüşərək, Xankəndidə olmağı və bu şəhərdə belə bir konsertin keçirilməsini möcüzə adlandırıblar. Onlar bildiriblər ki, bu, azad Xankəndidə keçirilən ilk musiqi festivalıdır və belə bir tarixi hadisənin məhz doğma Xankəndidə reallaşması xüsusi qürur hissi doğurur.

Milli Məclisin deputatı Polad Bülbüloğlu deyib ki, Xankəndidə bu konsert proqramına tamaşa etmək onun çoxdankı arzusu olub: “Uzun illər biz bu cür tədbirləri yalnız Bakıda keçirmək məcburiyyətində qalırdıq. Artıq bir neçə ildir ki, torpaqlarımız azaddır və bu gün belə tədbirlər doğma Qarabağda keçirilir. Üzeyir Hacıbəylinin 140 illiyinin işğaldan azad olunmuş torpaqlarda - Xankəndidə və Şuşada qeyd olunması böyük xoşbəxtlikdir. Xankəndidə Qarabağ Universitetinin açılması və onun incəsənət fakültəsinin fəaliyyət göstərməsi isə ayrıca qürurverici hadisədir”.

Konsert proqramı sentyabrın 18-də Şuşa şəhərində davam etdiriləcək.

Seçilən
0
12
sia.az

10Mənbələr