AZ

Bakıdakı tıxac Gəncəyə gedib çıxıb: Həll yolları axtaraq

Pik saatlarda görülən əlavə işlərin qarşısı alınmalıdır

Milli Məclisin komitə iclasında çıxış edən deputat Naqif Həmzəyev rayonlardan, kəndlərdən insanların Bakıya axışması, ali təhsil və tıxac problemlərini qaldırıb. Deputat bildirib ki, bunun da bəzi səbəbləri var və o problemləri aradan qaldırmalıyıq: “Kənd yerlərindəki həyatı maraqlı etməli, şəhəri kəndə aparmalıyıq. Biz əgər həyəcan təbili çalmasaq, növbəti 10 ildən sonra kəndlərdə həyatın tamamilə dayandığını görəcəyik. Biz vətəndaş qəbullarını keçirəndə də əziyyət çəkirik. 

Gəncəyə gedirik, vətəndaş deyir ki, onu Bakıda qəbul edək, qeydiyyatı Gəncədə olsa da, Bakıda çalışır”. Naqif Həmzəyev regionlarda özəl universitetlər yaradılmasını da təklif edib: “Narazılıqlar ortaya çıxır, abituriyentləri xaricdə təhsil adıyla aldadırlar. Regionlarda özəl universitetlər yaradaq, ən azından bilək ki, 4 ildə milli kadr yetişdiririk, xarici qüvvələrin təsiri altına düşməyəcək. Digər tərəfdən, alternativ biliyi müəyyənləşdirən testlər var, beynəlxalq standartlara cavab verir. Azərbaycanda bir neçə universitet bu testlər nəticəsində əldə edilmiş sertifikatla abituriyent qəbul edir. Ancaq burada hüquqlar pozulur. Saxta sertifikatları bizim aidiyyəti qurumlar müəyyənləşdirə bilmir. Nəticədə ədalətli bal toplayan Azərbaycan övladları həmin universitetlərə qəbul ola bilmir. İkincisi, digər universitetlərimiz də alternativ yollarla tələbə qəbuluna start verməlidir. Naxçıvanın elə böyük potensialı var ki, orada hələ 5 universitet yaradıla bilər”. 

Məhkəmə qərarları təxminən 50 faiz icra olunmur

Deputat artıq regionlarda tıxac probleminin müşahidə olunmasına diqqət çəkib: “İctimai nəqliyyat inkişaf etdirilir, avtobus yolu çəkirlər. Ancaq digər tərəfdən şəxsi avtomobiliylə öz problemini həll etmək istəyən insanlar üçün çətinlik yaranır. Gəncədə yol problemi var idi, indi dövlətin dəstəyi ilə yollar bərpa olunur. Ancaq balaca yolda avtobus zolağı çəkiblər, oradan onsuz da 2 avtomobil çətinliklə keçir. Bakıdakı tıxac bu gün Gəncəyə gedib çıxıb. Həll yolları axtaraq”.
Deputat Arzuxan Əlizadə deyib ki, məhkəmə qərarlarının icrası ilə bağlı problemlər mövcuddur. O bildirib ki, yaz sessiyası dövründə "Xüsusi icra məmurları haqqında" qanun da qəbul edilib: “Statistik məlumatlar onu deməyə əsas verir ki, məhkəmə qərarları təxminən 50 faiz icra olunmur. Bu, birbaşa bizim komitəyə aid məsələdir və xüsusi olaraq diqqətdə saxlanılmalıdır. Çünki adam işə bərpa olunması üçün məhkəməyə müraciət edir, uğur qazanır, amma məhkəmə qərarı icra olunmayanda problemlə üzləşir”. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə problemin əsas səbəbinin bankların faizləri və şərtləriylə, yəni əmlak, girov və maaş təminatı olmadan kreditlər verməsiylə əlaqədar olduğunu söyləyib: “340 mindən artıq yerinə yetirilməyən məhkəmə qərarı məhz o sistemlə bağlıdır. Nə qədər ki, bu prosesin qarşısını kəsməmişik, onda hamımız telefondan asılı qalacaq, kimlərdənsə xahiş edəcəyik ki, filan qərarlar yerinə yetirilsin. Bununla bağlı yeni yaradılacaq icra qurumunun hər hansı məsuliyyəti yoxdur. Bank özü bilməli idi ki, bu vəsaiti verəndə geri qayıtmayacaq, çünki vətəndaşın durumunu bilirdi”.

"Quraqlıq təbii fəlakət halları siyahısına daxil edilsin"

Deputat Əli Məsimli deyib ki, iqlim dəyişiklikləri iqtisadiyyata və kənd təsərrüfatına çox ciddi təsir göstərir: "Ona görə quraqlığın təbii fəlakət halları siyahısana daxil olması istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsini vacib hesab edirəm".
Millət vəkili Bəhruz Məhərrəmov deyib ki, pik saatlarda görülən əlavə işlərin qarşısı alınmalıdır. Onun fikrincə, elə işlər var ki, günün fərqli saatlarında icra etmək olar: "Bəzən görürsən ki, pik saatlarda zibil daşınır... Bununla bağlı icra müstəvisində işlər görülməlidir". 

Milli Məclisdə suverenliyə həsr olunmuş konfrans keçiriləcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib ki, sentyabrın 19-da parlamentdə suverenliklə bağlı böyük bir konfrans keçiriləcək. Komitə sədri bildirib ki, suverenliklə bağlı məsələləri yalnız siyasi cəhətdən dəyərləndirilməli deyilik: "İqtisadi uğurlar olmasaydı, biz bu günü görə bilməzdik". A.Əmiraslanov həmçinin Büdcə Məcəlləsi üzərində iş aparıldığını da deyib. Komitə sədri bildirib ki, sənəd hazır olanda aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla təqdim ediləcək.

Seçilən
52
sherg.az

1Mənbələr