NATO sərhədi yaxınlığında “Qərb-2025” adlı irimiqyaslı hərbi təlimlərdə amerikalı zabitlərin iştirakı dalana dirənmiş sülh danışıqları fonunda Rusiya və Belarusun ABŞ-la dialoqa hazır olduğunu göstərmək, eyni zamanda beynəlxalq tərəfdaşlar arasında Rusiya Federasiyasının hərbi gücünü nümayiş etdirmək məqsədi daşıyır.
HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Qeyd olunur ki, ümumiyyətlə, illik Rusiya hərbi təlimləri Rusiya ordusunun gücü və imkanları haqqında az təsəvvür yaradan, aydın şəkildə planlaşdırılan tədbirlərdir, lakin adətən onlar siyasi mesajlarla zəngindir.
ABŞ hərbçilərinin son təlimlərdə iştirakına gəlincə, nəşrin yazdığına görə, onlar Belarus tərəfindən rəsmən dəvət edilib, lakin bəzi müşahidəçilər bunda Moskvanın rolunu görüblər. Onlar deyirlər ki, Rusiya lideri Vladimir Putin artıq amerikalı həmkarı Donald Trampın Ukraynadakı vəziyyəti həll etmək üçün müəyyən etdiyi bir neçə müddəti pozub, ona görə də o, xüsusilə yeni sanksiyaların tətbiq edilməməsi üçün rabitə kanallarını açıq saxlamağa çalışır.
Avropa Siyasətinin Təhlili Mərkəzinin baş elmi işçisi, təqaüdçü general-leytenant Lans Landrum belə izah edib: "Bu, ABŞ ilə ünsiyyət qurmaq və Putin və Tramp arasında münasibətləri davam etdirmək üçün nisbətən ucuz və az riskli bir yol ola bilər".
Bundan əlavə, məqalədə qeyd edilir ki, amerikalı zabitlərin Belarusa gəlişi Tramp və Aleksandr Lukaşenko arasında əlaqələrin istiləşməsini vurğulayır. Sonuncu, məlum olduğu kimi, ABŞ-la da münasibətləri yaxşılaşdırmağa çalışır, bunun üçün sentyabrın 11-də 52 siyasi məhbusu azadlığa buraxıb. Nəşr bunun müqabilində ABŞ-ın Belarusa, xüsusən də dövlət aviaşirkəti "Belavia"ya qarşı bəzi sanksiyaları ləğv etdiyini xatırladır.
Belarusun Qərblə münasibətlərdə deeskalasiya istəməsi faktını Böyük Britaniyanın Moskvadakı keçmiş müdafiə attaşesi Con Forman da təsdiqləyib. Onun fikrincə, buna görə də o, təlimləri sərhədyanı ərazilərdən köçürüb, həm də Polşaya Rusiya pilotsuz təyyarələrinin onun hava məkanını keçməsi barədə xəbərdarlıq etmək təşəbbüsü ilə çıxış edib.
"Bütün bu addımlar və ABŞ-ı və digər müttəfiq ölkələri dəvət etmək qərarı açıq şəkildə gərginliyin azaldılması istəyindən xəbər verir", deyə Forman bildirib.
Samir