AZ

“Zirə”nin portuqaliyalı qapıçısı: “Oyundan sonra dedilər ki, Tiaqo bizi xəbərdar etmişdi" - MÜSAHİBƏ

BAKI, 17 sentyabr. TELEQRAF

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyanın “Benfika” klubunu 3:2 hesabı ilə məğlub etdi. Azərbaycan Premyer Liqası təmsilçisi “Zirə”də çıxış edən portuqaliyalı qapıçı Tiaqo Silva bu nəticədən sonra Teleqraf-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

– UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”-“Qarabağ”oyununu izlədinizmi? Portuqaliyalı futbolçu kimi təəssüratlarınız necədir?
– Fikrimcə, oyunun ilk 30 dəqiqəsində “Benfika” açıq şəkildə üstün idi və dərhal iki qol vurdu. Həmin qollar onlara arxayınlıq gətirdi, oyunun asan keçəcəyini düşündülər.

“Qarabağ” isə təslim olmadı, oyunun qalan hissəsində “Benfika”dan qat-qat yaxşı oynadı. Məncə, “Qarabağ” tamamilə layiqli qələbə qazandı, hətta daha çox qol da vura bilərdilər. Bu, “Qarabağ” və bütün Azərbaycan üçün tarixi qələbədir.

– Sizin fikrinizcə, “Benfika” kimi böyük bir klubun Azərbaycan komandası qarşısında məğlub olmasının əsas səbəbləri nələrdi? Böyük futbol ənənəsinə sahib olan bir ölkədə “Qarabağ”a həqiqətənmi zəif rəqib gözü ilə yanaşılmışdı?
– Oyundan əvvəl mən “Benfika TV”yə müsahibə vermişdim. Onlar məndən soruşmuşdular ki, “Qarabağ” və ya “Zirə” kimi bir komanda Portuqaliya çempionatında neçənci yeri tuta bilərdi? Mən cavab verdim ki, ilk üçlük və ya dördlük uğrunda mübarizə aparardılar. Həmçinin qeyd etdim ki, Azərbaycan liqası çox güclüdür və heç bir halda Portuqaliya liqasından zəif deyil.

Onlar buna inanmadılar. Amma oyundan sonra şərhçilər dedi: “Tiaqo bizi xəbərdar etmişdi”.

- Siz onları əvvəlcədən olacaqlar barədə xəbərdar etmişdiniz…
- Portuqaliyalılar və “Benfika” azarkeşləri üçün bu, təhqiredici məğlubiyyət idi, amma açığı mənim üçün sürpriz olmadı. Çünki “Benfika” hazırda yaxşı futbol oynamır. Digər tərəfdən, bu il Azərbaycan liqası əvvəlkindən çox güclüdür və bu, “Qarabağ”a Çempionlar Liqası matçlarına daha yaxşı hazırlaşmaq imkanı verir.

Mən deyərdim ki, təcrübəli Azərbaycan klubları – “Zirə”, “Qarabağ”, “Sabah”, “Neftçi”, “Araz”, “Turan” Portuqaliya liqasındakı hər bir komanda ilə oynaya və qələbə qazana bilər. Artıq Azərbaycan komandaları özlərinə inanmalı və hər şeyin mümkün olduğunu dərk etməlidirlər.

– “Benfika”nın baş məşqçisi Bruno Laqe bu nəticədən sonra istefaya göndərildi. Sizcə, əgər məğlubiyyət başqa komandaya qarşı olsaydı, qərar dəyişərdimi? Portuqaliyada bu barədə ümumi rəy necədir?
– Onun gedişi gözlənilirdi. “Qarabağ”a məğlubiyyət son damla oldu. Çoxdan deyilirdi ki, Joze Mourinyo sadəcə komandanı təhvil almaq üçün gözləyir. Mən inanıram ki, bir neçə gün ərzində Mourinyo “Benfika”nın baş məşqçisi kimi təqdim olunacaq.

– Sizcə, “Qarabağ”ın qələbəsi Avropada Azərbaycan futboluna baxışı dəyişdirə bilərmi? Futbolçu kimi bu baxımdan gözləntiləriniz nələrdir?
– Məncə, Avropada Azərbaycanın futboluna baxış yalnız o halda dəyişəcək ki, biz özümüz liqamıza və komandalarımıza daha çox inanaq. Portuqaliyada çox danışılır ki, Azərbaycan çempionatı öz azarkeşləri tərəfindən də lazımi hörməti görmür, çünki oyunlara yüzlərlə azarkeş gəlir, Avropada isə stadionlar minlərlə fanatla dolur.

Biz də stadionlara daha çox getməli, tribunaları doldurmalıyıq. Artıq hər kəsin futbola dəstək vermısinin vaxtıdır.

– Azərbaycan millisindən portuqaliyalı baş məşqçi Fernandu Santuşun ayrılması və dərhal sonra “Qarabağ”ın böyük futbol ənənəsinə sahib ölkədə qələbə qazanması nəyi deməyə əsas verir?
– Məncə, bu iki faktın bir-biri ilə əlaqəsi yoxdur. Portuqaliyanın dünyanın ən yaxşı məşqçilərindən və futbolçularından bəzilərinə sahib olduğunu unutmayaq.

Fernandu Santuş Azərbaycanda uğur qazana bilmədi. Amma gəlin yaddan çıxarmayaq ki, o, vaxtilə Portuqaliya ilə Avropa çempionu olub. Sadəcə futbolçulara ötürdüyü mesaj yaxşı çatmırdı, yəqin dil fərqindən irəli gəlirdi. Mən ona karyerasında uğurlar arzulayıram.

İndi isə ümid edirəm ki, Azərbaycan milli komandası yerli məşqçi ilə daha yaxşı nəticələr əldə edəcək.

Seçilən
21
teleqraf.com

1Mənbələr