AZ

Quraqlıq bahalaşmaya SƏBƏB OLUR

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Son illərdə iqlim dəyişikliyi ilə bağlı ən çox narahatlıq doğuran hallardan biri quraqlıqdır. Bu proses kənd təsərrüfatına birbaşa təsir edir və ərzaq təhlükəsizliyi, kənd yerlərində dolanışıq və milli iqtisadiyyat üçün ciddi problemlər yaradır. Dünyada milyonlarla insanın gündəlik həyatı suya bağlıdır və yağışların azalması, su mənbələrinin quruması fermerləri böyük risklərlə üz-üzə qoyur.

Modern.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olan “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İctimai Birliyinin mütəxəssisi Ağaməhəmməd Alosmanov bildirib.

A.Alosmanovun sözlərinə görə, su çatışmazlığı olduqda bitkilər normal inkişaf edə bilmir, xüsusilə bitkilərin vegetasiya dövrünün kritik mərhələlərində susuzluq məhsuldarlığın və məhsulun keyfiyyətinin xeyli aşağı düşməsinə səbəb olur:

“Ölkəmiz üçün strateji məhsullar olan buğda, qarğıdalı, pambıq, eləcə də tərəvəz bitkiləri su qıtlığından daha çox zərbə alan bitkilərdir. Quraqlıq nəticəsində bitkilərin məhsuldarlığının azalması ilə yanaşı, torpaq münbitliyi də azalır - uzunmüddətli quraqlıq torpağın üst qatını qurudur, humus ehtiyatını azaldır və torpağın eroziyasını və ümumilikdə deqradasiyaya uğramasını sürətləndirir. Quraqlığın ətraf mühitə uzunmüddətli təsirləri də vardır ki, bunlara səhralaşma, biomüxtəlifliyin azalması və iqlimin daha da kəskin dəyişməsini göstərmək olar. Suyun getdikcə azalması bitkiçiliyə və torpağın münbitliyinə birbaşa təsir etməklə bərabər dolayısı ilə heyvandarlığa da təsir edir. İllik yağıntıların miqdarının azalması otlaq və biçənəklərdəki yem bitkilərinin məhsuldarlığının kəskin azalmasına və nəticədə heyvandarlıq üçün yem bazasının zəifləməsinə səbəb olur ki, bu da heyvanların immunitenin aşağı düşməsi, süd və ət istehsalının, sağlam bala vermək qabiliyyətinin azalması ilə nəticələnir”.

Yuxarıda qeyd olunan faktorlar fermerlərin gəlirlərinin kəskin azalmasına, ölkənin ərzaq təhlükəsizliyinin zəifləməsinə, qiymətlərin artmasına səbəb olduuğunu qeyd edən mütəxəssisin sözlərinə görə, dünyanın bir çox ölkələrində quraqlığın təsirlərinin azaltmaq üçün həm dövlətlər, həm də beynəlxalq təşkilatlar tədbirlər həyata keçirirlər: “Lakin bu işlərdə fermerlərin də öhdəsinə müəyyən vəzifələr düşür. Belə ki, fermerlər məhsul itkisi və nəticə olaraq gəlirlərinin azalmasının qarşısını almaq üçün müxtəlif vasitələri intensiv şəkildə tətbiq etməlidirlər.  Buraya damcılı suvarma, yağmurlama sistemləri, yağış sularının toplanması kimi suya qənaət edən texnologiyaların, quraqlığa davamlı, yerli şəraitə uyğunlaşdırılmış, erkən yetişən və daha az su tələb edən sortların istifadəsi, mulçalama, yaşıl gübrələmə, örtük bitkiləri və minimal becərmə ilə torpaqda rütubəti saxlamağa kömək edən torpaq qorunması kimi tədbirlər aiddir. Digər bir vasitə kimi aqro meşəçilik və bitkilərin diversifikasiyası daha çox tətbiq olunmalıdır ki, fermerlərin risklərini azaltmaq mümkün olsun”. 

A.Alosmanov, həmçinin bildirib ki, fermerlərin maarifləndirilməsi üçün təlim proqramlarının icrası, iqlim-ağıllı kənd təsərrüfatı texnologiyalarının öyrədilməsi mühüm əhəmiyyət kəsb edir:

“Unutmaq olmaz ki, quraqlıq təkcə kəndlinin problemi deyil, cəmiyyətin ümumi çağırışıdır. Ərzaq təhlükəsizliyi, iqtisadi sabitlik və kənd yerlərinin inkişafı bu məsələ ilə sıx bağlıdır. Fermerlərin səyləri, dövlət siyasəti və beynəlxalq dəstək birləşərsə, daha dayanıqlı kənd təsərrüfatı sistemi qurmaq və gələcək nəsilləri su qıtlığı riskindən qorumaq mümkündür”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
2
modern.az

3Mənbələr