Bakı, 17 sentyabr, Günel Türksoy, AZƏRTAC
Moldovada həyata keçirilən diaqnoz əsaslı qruplaşdırma sisteminin ölkəmizdə tətbiqi ilə bağlı məsələlər nəzərdən keçirilir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Bildirilib ki, Moldovada diaqnoz əsaslı qruplaşdırma sisteminin tətbiqi uğurla həyata keçirilir. Sistem çərçivəsində ekspertiza qaydaları və ödəniş mexanizmləri xüsusi olaraq nəzərə alınıb. Qeyd olunan sistem xidmətlərin əsas kateqoriyalar üzrə qruplaşdırılmasını təmin edir.
Həmçinin diqqətə çatdırılıb ki, Moldovada icbari tibbi sığorta sistemi 21 ildir ki, tətbiq olunur. Ölkədə icbari tibbi sığorta sahəsində uğurlar əldə edilib, tibbi xidmətlərin keyfiyyəti və Xidmətlər Zərfinin əhatəliliyi artırılıb. Bu ölkədə elektron resept sistemi geniş tətbiq olunur, o cümlədən müəyyən dərman vasitələrinin təminatı icbari tibbi sığorta sisteminə daxildir.
Eyni zamanda vurğulanıb ki, Prezident İlham Əliyevin 29 noyabr 2016-cı il tarixli Fərmanı ilə pilot layihə olaraq həyata keçirilməyə başlanılan icbari tibbi sığorta 2021-ci il aprelin 1-dən etibarən bütün ölkə ərazisində tətbiq edilib. “Qısa müddət ərzində ölkəmizdə icbari tibbi sığorta sahəsində, o cümlədən tibbi xidmətin əlçatanlığının artırılması istiqamətində uğurlar əldə olunub. Həmçinin icbari tibbi sığorta sisteminin əhatəlilik səviyyəsi Moldovaya nisbətən ölkəmizdə yuxarıdır. Bütün dünyada nisbətən yeni bir sahə olaraq tətbiq edilən tibbi sığorta daim yeni təcrübə və biliklər hesabına yenilənir. Bu sistemin bütün ölkələrdə mütəmadi olaraq təkmilləşməsi qabaqcıl təcrübələrin öyrənilməsini, dövlətlər arasında əməkdaşlığı və təcrübə mübadiləsini zəruri edir”, - deyə sorğuya cavabda bildirilib.
Xatırladaq ki, İTSDA-nın İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 8-10-da Moldovanın paytaxtı Kişinyov şəhərində səfərdə olub. Görüşlərdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.