
Bu ilin ilk 6 ayında birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 516.3 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 195.8 milyon dollar azalıb.
Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3.2 milyard dollar, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1.3
milyard dollar olub. Ümumilikdə isə birbaşa xarici investisiyalar üzrə 712.1 milyon dollar kəsir yaranıb.
Qeyd edilib ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 77.2% təşkil edib: "2025-ci ilin 6 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-652.2 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (2 488.6 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (3 140.8 milyon dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır".
"Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 25.4% artaraq 733.9 milyon dollar olub ki, bunun da bir hissəsi (240.4 milyon dollar) ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlı olub", - məlumatda əlavə edilib.