AZ

Çində keçirilən “Bir kəmər, bir yol” Media Əməkdaşlıq Forumu panel sessiyaları ilə davam edir  

Sentyabrın 17-də Çinin Yunnan əyalətinin Kunmin şəhərində keçirilən “Bir kəmər, bir yol” Media Əməkdaşlıq Forumu panel sessiyaları ilə işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, sessiyalardan biri “Yüksəkkeyfiyyətli kəmər və yol əməkdaşlığı üçün medianın qarşılıqlı fəaliyyəti” mövzusunda olub. Tədbirə “Jenmin Jibao” qəzetinin müxbiri Li Boen moderatorluq edib.

“Əl-Cərida” (Küveyt) Beynəlxalq Xəbərlər Departamentinin rəhbəri Şarbel Barakatın sözlərinə görə, bu forum media əməkdaşlığı və şəbəkələşməni təşviq etmək məqsədi ilə siyasətçilər, ekspertlər, sahibkarlar və akademiklər arasında dialoq və əməkdaşlıq istiqamətində yüksəkkeyfiyyətli platformaya çevrilib.

“Momento China USP” İdarə Heyətinin üzvü Marşa Karini (Braziliya) qeyd edib ki, keçirilən tədbir qədim İpək Yolu boyunca yerləşən ölkələrin iqtisadi əməkdaşlığını və əlaqələrini gücləndirmək, eyni zamanda, xalqlar arasında mədəni və sivilizasiya mübadiləsini təşviq etmək məqsədi daşıyan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə uyğundur.

“Xalq qəzeti”nin (Azərbaycan) Beynəlxalq şöbəsinin müdiri Yusif Şərifzadə Azərbaycan və Çinin iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinə malik olduğunu vurğulayıb. O əlavə edib ki, Bakı və Pekin davamlı tərəfdaşlıq nümayiş etdirərək bir çox beynəlxalq platformalarda uğurlu qarşılıqlı fəaliyyət göstərir.

“Morning Star”ın (Böyük Britaniya) baş redaktoru Ben Çakkonun sözlərinə görə, tədbir dünyanın müxtəlif ölkələrindən olan media nümayəndələrinə təcrübə mübadiləsi aparmaq üçün gözəl imkan yaradır. O əlavə edib: “Konfransdan sonra Çin və beynəlxalq media nümayəndələri Yunnan və digər əyalətlərdə, muxtar bölgələrdə və bələdiyyələrdə birgə reportajlar hazırlayacaqlar”.

Nigeriya nümayəndəsi Patritsi Lubba qeyd edib: “İnanıram ki, bu forum vasitəsilə bir çox Afrika ölkələri müxtəlif stereotipləri aradan qaldıraraq “Bir kəmər, bir yol” təşəbbüsü haqqında daha yaxşı məlumat əldə edəcək”.

Xatırladaq ki, bu forumda 87 ölkədən 200-dən çox jurnalist, beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak edirlər.

Çinin nüfuzlu qəzeti “Jenmin Jibao”nun illik tədbiri on ildir ki, böyük media toplantısına çevrilir.

Bu nəşr Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin rəsmi qəzeti və ölkənin ən nüfuzlu media orqanlarından biridir.

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr