Sentyabrın 15-17-də Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) 11-ci iclası keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri – Samir Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri – K. Qarib Abadi), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri – Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri – N.Udoviçenko) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri – M.Atacanov) nümayəndə heyətləri iştirak edib.
İclasa Türkmənistan nümayəndə heyətinin rəhbəri M.Atacanov sədrlik edib.
Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin metodikasının müzakirəsini davam etdiriblər. İclas zamanı Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub, beştərəfli qarşılıqlı fəaliyyət və müxtəlif səviyyələrdə tədbirlərə hazırlıq məsələləri nəzərdən keçirilib.
Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Türkmənistana minnətdarlıqlarını bildiriblər.
YSİQ-in növbəti iclası Azərbaycan Respublikasında diplomatik kanallarla razılaşdırılacaq tarixdə keçiriləcək.