BAKI, 17 sentyabr. TELEQRAF
Türkmənistan neft-qaz sənayesində bərpaolunan enerji və rəqəmsal modernləşdirmə layihələrini fəal şəkildə inkişaf etdirir.
Teleqraf xəbər verir ki, bu barədə “Orient” agentliyi məlumat yayıb.
Ucqar kəndlər və otlaq sahələrində günəş panelləri və külək turbinləri quraşdırılır, işıqlandırma, nasoslar və məişət texnikası üçün elektrik enerjisi istehsal olunur. Əsasən Asiyadan idxaldan asılılığı azaltmaq üçün xarici investisiyalar axtarılmaqla panellərin yerli istehsalı nəzərdən keçirilir.
Ekspertlərin hesablamalarına görə, yeni texnologiyalar əməliyyat xərclərini 20%-ə qədər azalda bilər.
Dövlət Energetika İnstitutunda 132 kilovatlıq günəş panelləri və 30 kilovatlıq külək turbinləri ilə təchiz olunmuş yeni korpus istifadəyə verilib. Korpus günəş, külək və bioenerji, həmçinin robot texnikası və süni intellekt üzrə mütəxəssislər hazırlayacaq.
Türkmənistan enerji tədqiqatlarını inkişaf etdirmək üçün Klaustal Texniki Universiteti və Halle-Vittenberq Martin Lüter Universiteti (Almaniya) ilə əməkdaşlıq müqavilələri imzalayıb.
Modernləşdirmə proqramı təbii ehtiyatların qorunmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına və ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlib.