AZ

Suveren Azərbaycanın təhlükəsizlik missiyası

ain.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bildiyimiz kimi, doğma diyarımız Azərbaycan öz müstəqilliyini bərpa etmək və qorumaq yolunda çox çətin mübarizələrdən, ağır sınaqlardan keçmişdir. 2023-cü ilin 19 sentyabrı Azərbaycanın müasir hərb və siyasi tarixində əlamətdar bir gün kimi yadda qaldı. Qarabağda məskın salmış qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı başlanan lokal antiterror tədbirləri cəmi bir gün ərzində icra olundu. Bu əməliyyat bölgədə nəzarətin tam bərpasına yol açdı.

Azərbaycan 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatla hərbi əməliyyatlara son verdi. Lakin bəyanatın bir çox müddəaları Ermənistan tərəfindən yerinə yetirilmədi. Əsas problemlərdən biri Qarabağda qalan qeyri-qanuni erməni silahlı birləşmələrinin oradan çıxarılmaması idi. Bu qüvvələr 2020-ci ildən sonra dəfələrlə təxribatlara əl atmış, Azərbaycan hərbçilərinə qarşı müxtəlif hücumlar təşkil etmişdilər.

2023-cü ilin sentyabr ayında isə vəziyyət daha da ağırlaşdı. Həmin ilin 11 sentyabrında baş verən mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxslər və polis əməkdaşları həlak oldu. Ardınca isə erməni birləşmələri Azərbaycan mövqelərini atəşə tutmağa başladı. Bu, artıq qırmızı xəttin keçilməsi demək idi. Baş verən hadisələrin nəticəsi olaraq Azərbaycan Müdafiə Nazirliyi 19 sentyabr saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinə başladığını elan etdi.

Əməliyyatlar yüksək dəqiqlik və çevikliklə həyata keçirildi. 44 günlük müharibədə olduğu kimi yerli sakinlər və mülki obyektlərə zərər vurulmaması məqsədilə yalnız hərbi hədəflər vuruldu. Azərbaycanın Müdafiə Nazirliyi xüsusi olaraq qeyd etdi ki, humanitar atəşkəs rejiminə maksimum riayət olunur.

Əsasən dronlar, artilleriya və yüksək dəqiqlikli silahlardan istifadə edilərək erməni silahlı dəstələrinin komanda məntəqələri, atəş nöqtələri, döyüş texnikası və sursat anbarları məhv edildi. Azərbaycanın xüsusi təyinatlı qüvvələri bir sıra strateji yüksəklikləri ələ keçirdi.

Nəhayət 20 sentyabrda Qarabağda yerləşən erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq təslim olduqlarını elan etdilər. Onların razılığı ilə silahsızlanma və birləşmələrin buraxılması prosesi başladı.

Azərbaycan bu əməliyyatla faktiki olaraq ərazisində heç bir separatçı-silahlı dəstənin qalmayacağını göstərdi. Bu, ölkənin suverenliyinin tam bərpa olunması istiqamətində əsaslı addım oldu.

Azərbaycan hökuməti hər zamankı kimi humanist münasibətini qoruyaraq ərazidə yaşayan erməni sakinlərin yenidən inteqrasiyası üçün planlar hazırladığını açıqladı. Bu planlar çərçivəsində əhaliyə təhlükəsizlik, sosial təminat və mədəni hüquqların qorunması təklif olunur.

2023-cü il 19–20 sentyabr antiterror əməliyyatları Azərbaycanımızın şanlı tarixində strateji dönüş nöqtəsi oldu. Cəmi bir günə reallaşan bu tədbirlər separatçılığa son qoydu, dövlətin suverenliyini möhkəmləndirdi və bölgədə uzunmüddətli sülh və sabitlik üçün zəmin yaratdı. Bu hadisə həm hərbi, həm hüquqi, həm də siyasi baxımdan Azərbaycanın haqlı mövqeyini bir daha sübut etdi.

Lalə Səlimzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
sesqazeti.az

1Mənbələr