AZ

Alimlərdən şok nəticə – artıq çəki həmişə təhlükəli deyil

Danimarkalı alimlər “normal çəki” anlayışına dair köhnə təsəvvürlərə etiraz ediblər.

E-saglam.az xəbər verir ki, Avropa Diabet Tədqiqatı Assosiasiyasının (EASD) Vyanada keçirilən illik toplantısında təqdim edilən yeni araşdırmaya görə, artıq çəki (25–30 kq/m²) və hətta orta dərəcədə piylənməsi (30–35 kq/m²) olan insanların beş il ərzində ölüm riski gözlənildiyi qədər yüksək deyil.

Əksinə, aşağı bədən kütləsi indeksinə (BKİ 18,5–22,5) malik şəxslərdə ölüm ehtimalı daha çox müşahidə olunub. Məsələn, BKİ 18,5–20 aralığında olanlarda ölüm riski iki dəfə, 20–22,5 aralığında isə 27% yüksək çıxıb. Alimlər bunu bəzi hallarda arıqlamanın sağlamlıqla deyil, xəstəliklə bağlı olması ilə izah edirlər.

Araşdırmanın rəhbəri, Orhus Universitetinin Sten Diabet Mərkəzindən Siqrid Bjerge Qribşolt bildirib:

“Piylənmə və çəki azlığı ciddi qlobal problemlərdir. Amma biz gördük ki, ölüm yalnız ağır piylənmə və ya az çəki ilə deyil, həm də aşağı normal BKİ olan insanlarda artır”.

Eyni zamanda, ağır piylənmə (BKİ 40-dan yuxarı) ölüm riskini iki dəfədən çox artırır, 35–40 aralığında isə risk 23% yüksəkdir. Bununla belə, ümumi nəticələr göstərir ki, orta dərəcədə artıq çəki mütləq daha qısa ömür demək deyil.

Professor Jens Meldgaard Bruun isə qeyd edib ki, həlledici amil BKİ deyil, yağın bədəndə necə paylandığıdır: qarın boşluğundakı visseral piylər diabet və ürək-damar xəstəlikləri riskini artırır, omba və ya budlarda toplanan yağ isə nisbətən təhlükəsiz sayılır.

Alimlərin fikrincə, piylənməyə yanaşmada yalnız BKİ göstəricisi deyil, piyin yerləşməsi və yanaşı xəstəliklər də nəzərə alınmalıdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
33
e-saglam.az

1Mənbələr