AZ

Yetərsiz bilik və saxta diplom ölkəmizdə keçərli deyil

Təhsildə Keyfiyyət Təminatı Agentliyində keçirilən mətbuat konfransında İdarə Heyətinin sədri Tural Əhmədov sentyabrın 16-da məlumat verdi ki, qurum cari ilin ötən 9 ayı ərzində xarici ixtisasların tanınması ilə bağlı 3 min 480 müraciət üzrə ekspertiza həyata keçirib. Nəticədə 2 min 989 müraciətə müsbət rəy və xaricdə əldə olunan diplomların tanınması haqqında şəhadətnamələr verilib. 491 xarici diplom isə tanınmayıb.

Mənfi rəyin verilməsinə səbəb tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olmasından 344, təhsilalma forması üzrə uyğunsuzluq səbəbilə 33, həqiqi olmayan diplom səbəbilə 23 tələbənin diplomu tanınmayıb. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (ixtisas ve qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 19, qeydiyyatsız ali təhsil müəssisəsindən 22, ekvivalenti olmayan ixtisas üzrə 8, qeydiyyatsız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma səbəbilə 8, əhəmiyyətli fərq (ixtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 7, bakalavr diplomu üzrə kvalifikasiya tanınmadığı üçün 6 magistr diplomu qəbul olunmayıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbəri açıqlamasının davamında bildirdi ki, qurumun sifarişi əsasında Dövlət İmtahan Mərkəzinin hüquqşünaslıq ixtisası üzrə keçirdiyi peşə imtahanında iştirak edən 334 nəfərdən yalnız 72 nəfəri təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək qurumdan ixtisasların tam (akademik və peşə) tanınması üzrə şəhadətnamələr əldə edib.

Uğursuz nəticə göstərən ixtisas sahibləri əsasən Rusiya Federasiyası və Ukrayna ali təhsil müəssisələrində təhsil alanlar olub. Ötən il oktyabrın 6-da DİM-in hüquqşünaslıq ixtisası üzrə təşkil etdiyi peşə imtahanında Rusiya Federasiyası 70, Ukrayna 63, 30 yanvar 2025-ci il tarixində təşkil edilən imtahanda isə Rusiya Federasiyasından 84, Ukraynadan isə 94 faizi uğursuz nəticə əldə edib.

Tural Əhmədov daha sonra qeyd etdi ki, agentliyin sifarişi əsasında Dövlət İmtahan Mərkəzinin bu ilin 23 iyununda keçirdiyi peşə imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 90 faizi uğursuz nəticə göstərib. “Mühəndislik” ixtisası üzrə keçirilən peşə imtahanının nəticələrinə əsasən, ümumilikdə, 13 ixtisas göstəricisinə görə 89 nəfər imtahanda iştirak edib, onlardan yalnız 19 nəfəri (21 faiz) uğurlu nəticə göstərib, digər 70 nəfəri isə (79 faiz) uğursuz olub.

“Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə isə 23 nəfərdən yalnız 1 nəfər (4 faiz) uğurlu, 22 nəfər isə (96 faiz) uğursuz olub. “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə imtahanda iştirak edən 31 nəfərdən cəmi 4 nəfəri uğurlu (12 faiz) nəticə göstərib, digər 27 nəfər (88 faiz) isə nəticə əldə etməyib. Uğursuz nəticələrin əsas hissəsi Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyası ali təhsil müəssisələrinin məzunlarıdır.

Brifinqdə o da bildirildi ki, agentliyin fəaliyyət istiqamətinə uyğun olaraq qeyri-formal və informal təhsilin tanınması sahəsində müxtəlif peşə ixtisasları (“Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Bərbər-vizajist-manikürçü”, “Bərbər”, “Dərzi”, “Kompüter operatoru”, “Avtomobil mühərriklərinin yığıcısı”, “Mühafizəçi”, “Zərgər”, “Elektrik qaz qaynaqçısı” və “Təmirçi-çilingər”) üzrə Agentliyə ümumilikdə 226 müraciət daxil olub. Müraciət edən 200 nəfərdən 167 nəfəri məqbul, 33 nəfəri isə qeyri-məqbul nəticə göstərib, imtahanlara cəlb olunan 145 nəfərdən 138 nəfəri müvafiq peşə sənədi əldə edib, 7 nəfəri isə qeyri-məqbul nəticə göstərib. Hazırda 22 nəfər praktiki imtahanı gözləmə mərhələsindədir.

Bu ixtisaslar üzrə qiymətləndirmə və tanınma aşağıda qeyd olunan müxtəlif qurumlarla birgə əməkdaşlıq və layihələr çərçivəsində, həm də şəxsi vəsait hesabına həyata keçirilib. “bp Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə “Sənətin varsa, sənədin olacaq!” layihəsi çərçivəsində 95 nəfər nəzəri imtahanlara cəlb edilib. Onlardan 77-si məqbul, 18 -i isə qeyri-məqbul nəticə göstərib. Praktiki imtahanlarda iştirak edən 77 nəfərdən 76 nəfəri uğurlu nəticə əldə edərək peşə sənədinə sahib olub, 1 nəfər isə uğursuz nəticə göstərib.

İşğaldan azad edilmiş ərazilərdə “2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” çərçivəsində 45 nəfərdən 34 nəfər uğurlu, 11 nəfər isə uğursuz nəticə göstərib. Praktiki imtahanlarda isə 34 nəfərdən 9 nəfəri müvafiq peşə sənədi əldə edib. Digər 20 nəfərin yaxın zamanda praktiki imtahanlara cəlb edilməsi nəzərdə tutulur.

Brifinqdə digər nominasiyalar üzrə qiymətləndirmələrin nəticələri də açıqlanıb.

Ünvanladığımız “Mənfi rəy alan şəxslərin apellyasiya hüququ necə tənzimlənir?” sualına TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov belə cavab verdi: “Apellyasiya vətəndaşların qəbul olunmuş qərarlara etiraz, nəticələrə isə yenidən baxılmasını tələb etmək imkanı yaradır.

Bəzən nəticələrin açıqlanmasında, sənədlərin işlənməsində texniki və ya mexaniki xətalara yol verilə bilər. Bu halda apellyasiya mexanizmi yalnız şikayət vasitəsi deyil, həm də ədalətin bərpa olunmasına təminat verir. Əgər müraciət əsasında belə bir səhv aşkar edilirsə qərar və ya nəticə vətəndaşın xeyrinə həll olunur”.

Ləman TƏHMƏZ
XQ

Seçilən
32
1
xalqqazeti.az

2Mənbələr