AZ

Koronavirusun ən uzun davam edən yoluxma halı aşkarlandı

Amerikalı həkimlər COVID-19 infeksiyasının ən uzun sürən halını qeydə alıblar: virus xəstənin orqanizmində ölümünə qədər 776 gün ərzində qalıb.

E-saglam.az xəbər verir ki, bu nadir klinik hal barədə nüfuzlu "The Lancet: Microbe" elmi jurnalında dərc edilən məqalədə xəbər verilib.

Söhbət antiretroviral terapiya qəbul etməyən, İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxmuş 41 yaşlı kişidən gedir. Zəifləmiş immun sistemi səbəbindən virus onun orqanizmində uzun müddət qalaraq daim adaptasiya olunub. İlk simptomlar - öskürək, baş ağrıları və yorğunluq 2020-ci ilin may ayında özünü göstərsə də, COVID-19 diaqnozu yalnız həmin ilin sentyabrında xəstəxanaya yerləşdirildikdən sonra təsdiqlənib.

Aylar ərzində xəstənin orqanizmindəki virus çoxsaylı mutasiyalara məruz qalıb. Bu dəyişikliklər sonradan "Omikron" kimi əsas variantlarda aşkar edilən mutasiyalara bənzər olub. Bununla belə, xəstənin daxilində yaranan unikal ştam qarışığı onun orqanizmindən kənara yayılmayıb. Mütəxəssislərin fikrincə, bu, həmin ştamların xüsusi immun mühitə dar adaptasiyası ilə əlaqədar ola bilər.

Kişinin ölümünə qədər PCR testləri müsbət olaraq qalıb: ölümündən iki gün əvvəl belə koronavirus hələ də yaxmalarda aşkarlanırdı. Lakin həkimlərin məlumatına görə, ölüm səbəbi birbaşa COVID-19 ilə əlaqəli olmayıb.

Əvvəllər də zəifləmiş immuniteti olan xəstələrdə infeksiyanın ekstremal uzunmüddətli halları qeydə alınıb. Belə ki, 2024-cü ildə Niderlandda 613 gün, 2022-ci ildə isə Böyük Britaniyada 505 gün davam edən xəstəlik halları haqqında məlumat verilib.

Ekspertlər vurğulayırlar ki, belə nadir infeksiyalar potensial təhlükə yaradır, çünki yeni, güclü mutasiya etmiş ştamların yaranmasına səbəb ola bilər. Buna görə də, pandemiya başa çatsa da, alimlər koronavirusun qlobal monitorinqinin davam etdirilməsinə çağırırlar.

© Oxu.az

E-saglam.az

Seçilən
9
1
e-saglam.az

3Mənbələr