Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Portuqaliya və Azərbaycan təmsilçiləri arasındakı oyun Lissabon şəhərində baş tutub. Görüşü Belçika və İsveçrədən olan hakimlər briqadası idarə edib.
Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə uğurlu start verməyi hədəfləmişdi. Bu yolda qazanılacaq 1 xal da böyük önəm daşıyırdı. Çünki rəqib Portuqaliya nəhənglərindən biri “Benfika” idi. Üstəlik, Azərbaycan çempionu bu rəqiblə səfərdə üz-üzə gəlirdi. Görüş təmsilçimiz üçün uğursuz başlayıb. 6-cı dəqiqədə erkən qola üzülən “Qarabağ” bundan 10 dəqiqə sonra növbəti dəfə meydanın mərkəzinə dəvət olundu. Amma buna baxmayaraq, Qurbanovun yetirmələri özlərində güc taparaq nəinki hesabda tarazlıq yaratdılar, hətta son dəqiqələrdə qələbə qoluna da imza atdılar. Beləcə, Azərbaycan çempionu ÇL-in Liqa mərhələsinə əzmkar qələbə ilə start verib.
Qeyd edək ki, bu, “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində qazandığı ilk qələbədir.
Təmsilçiz ÇL-in Liqa mərhələsindəki növbəti oyununu oktyabrın 1-də doğma meydanda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
16 sentyabr
“Benfika” – “Qarabağ” 2:3
Qollar: Entso Barreneçea, 6. Vangelis Pavlidis, 16 – Leandro Andrade, 30. Kamilo Duran, 48. Aleksey Kaşuk, 86.
Hakimlər: Erik Lambrexts, Jo de Veirdt, Kevin Monteni, Natan Verbumen (Hamısı Belçika).
VAR: Bram Van Drieşşe (Belçika).
AVAR: Fedayi San (İsveçrə).
Lissabon. “Da Luş” stadionu. Saat 23:00.
Benfika: 1. Anatoli Trubin, 4. Antonio Silva, 5. Entso Barreneçea, 8. Fredrik Aursnes, 10. Georgi Sudakov, 14. Vangelis Pavlidis, 17. Amar Dediç, 20. Riçard Rios, 21. Andreas Şelderup, 26. Samuel Dahl, 30. Nikolas Otamendi (k).
Ehtiyat oyunçular: 24. Samuel Soares, 3. Rafel Obrador, 9. Franxo İvanoviç, 18. Leandro Barreyro, 25. Canluka Prestianni, 39. Henrike Arauxo, 44. Tomas Arauxo, 64. Qonsalo Oliveyra, 68. Joao Veloso, 71. Leandro Santos, 84. Joao Reqo, 86. Dioqo Prioste.
Baş məşqçi: Bruno Lage.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Sami Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt.
Baş məşqçi: Qurban Qurbanov.