22:30
Cəlilabad rayonunun Xəlilabad kəndində 11-ci sinif şagirdinin bıçaqlanaraq qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.
Hadisə Xəlilabad kənd orta məktəbinin sinif otağında baş verib. 11-ci sinif şagirdi K.İ və onun sinif yoldaşı S.Ə Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Kənddə orta məktəb olmadığından onlar 9-cu sinifdən Xəlilabad kənd orta məktəbində oxuyurlarmış. Hadisə isə söyüş üstə olub. Bir gün əvvəl S.Ə və K.İ mübahisə edib və bir-birilərinə söyüş söyüblər. Sinif yoldaşlarının köməyi ilə onların mübahisəsinin davaya çevrilməsinin qarşısı alınıb.
Bu gün S.Ə. səhər tezdən dərsə gələrkən yaşadığı evdən mətbəx bıçağı götürüb və onu paltarında gizlədib. Birinci dərsdən sonra S.Ə sinif yoldaşı K.İ-ni məktəbin digər sinfinə çağırıb və mübahisə davam edib. Mübahisə nəticəsində S.Ə həmyaşıdı K.İ-ni qarın boşluğu və döş qəfəsindən bıçaqlayıb.
Qeyd etdiyimiz kimi, K.İ. yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. (ajans.az)
———– 19:19
Baş Prokurorluğun Mətbuat Xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bu barədə Milli.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. ———- 15:46
Cəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə nəticələnib.
Milli.Az xəbər verir ki, hadisə Cəlilabad rayonunun Xəlilabad kənd məktəbində baş verib. Məktəbdə sinif yoldaşları arasında mübahisə yaranıb. Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. O, xəstəxanada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən açıqlamada qeyd olunub ki, hadisə ilə bağlı dərhal təcili tibbi yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib: “Təəssüflə qeyd edirik ki, xəsarət almış məktəbli dünyasını dəyişib. Hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır.
Məktəblilərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”.
Faktla bağlı araşdırma aparılır.