AZ

“Qəzzada baş verənlər soyqırımdır“ BMT Komissiyası

ain.az bildirir, Moderator.az portalına istinadən.

"İsrail dünyada siyasi və diplomatik təcridə sürüklənir..."

BMT-nin beynəlxalq müstəqil istintaq komissiyası Qəzzada İsrail ordusunun dörd əsas soyqırım meyarını yerinə yetirdiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.

Nəşr qeyd edir ki, bu meyarlara mülki əhalinin qəsdən öldürülməsi, ağır fiziki və psixoloji zərbələrin vurulması, yaşayış üçün dözülməz şəraitin yaradılması və doğumun qarşısını almaq məqsədi ilə addımlar daxildir. Hesabatda vurğulanır ki, bütün bunlar planlı şəkildə həyata keçirilir və beynəlxalq xəbərdarlıqlar da İsrail tərəfindən nəzərə alınmayıb.

ABŞ-da İsrailə dəstək zəifləyir

Nyu-York meri postuna namizəd Endryu Kuomo müharibənin dərhal dayandırılmasını tələb edib. Bir vaxtlar İsrailin qatı tərəfdarı kimi tanınan Kuomo "Bu, bu gün bitməlidir. Girovlar qaytarılsın, zorakılığa son verilsin" deyərək çıxış edib. O, həmçinin bildirib ki, vəziyyət həm İsrail, həm də region üçün faciəvi hal alıb. Kuomo İsrailin dostu olduğunu desə də, Netanyahunun siyasətini açıq şəkildə müdafiə etmədiyini vurğulayıb.

HƏMAS-ın ittihamları və girov böhranı

HƏMAS liderləri Netanyahunu girovların taleyinə biganə qalmaqda, Trampı isə açıq şəkildə İsraili müdafiə etməkdə ittiham edib. Qətərdə yayımlanan açıqlamada Təhər əl-Nunu Netanyahunun davranışlarını "girovların taleyinə qarşı laqeydlik" kimi qiymətləndirib. ABŞ prezidenti Donald Tramp isə HƏMAS-ın əlindəki girovların bir qisminin son günlərdə həlak ola biləcəyini etiraf edib və onların azad edilməsi üzrə danışıqların "çox çətin" olacağını bildirib.

Netanyahunun etirafı: İsrail təcrid olunur

İsrail baş naziri ilk dəfə açıq şəkildə ölkənin siyasi təcridə sürükləndiyini qəbul edib. Netanyahu iqtisadiyyatı "avtarxiya" modelinə, yəni özünütəminata yönəltməyi təklif edir. Lakin ekspertlər xəbərdarlıq edir ki, bu, qiymətlərin artmasına, iş yerlərinin azalmasına və həyat səviyyəsinin düşməsinə gətirib çıxara bilər.

İsrailin ixraca dayanan iqtisadiyyatı, eləcə də xarici tədarükdən asılılığı nəzərə alınanda belə bir kurs ölkəni ağır nəticələrlə üzləşdirə bilər. Artıq beynəlxalq elmi layihələrin ləğv olunması, mədəniyyət və turizmdə boykotların artması, ticarət məhdudiyyətlərinin güclənməsi bu prosesin real təzahürlərinə çevrilir.

Qəzzada müharibə davam etdikcə İsrail həm beynəlxalq təşkilatların ağır ittihamları, həm də Qərbdəki ənənəvi tərəfdarlarının tədricən uzaqlaşması ilə üzləşir. HƏMAS-ın girov böhranı fonunda humanitar faciə dərinləşir, Netanyahunun isə ölkəni "təcrid içində möhkəmlənməyə" çağırışı İsrailin qarşıdakı illərdə daha sərt böhranlara hazırlaşmalı olduğunu göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
moderator.az

2Mənbələr