AZ

"Şuşa görüşü onu bir daha sübut etdi"

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı dostluq və strateji əməkdaşlıq münasibətləri yeni, tarixi mərhələyə qədəm qoyub. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri, dövlət başçılarının Füzuli şəhərini gəzməsi və daha sonra Şuşadakı görüşləri bu tərəfdaşlığın həm simvolik, həm də praktik baxımdan ən yüksək göstəricilərindən biridir.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

O, prezidentlərin Şuşa görüşünün xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

“Çünki Şuşa Azərbaycanın milli-mənəvi mərkəzi, mədəniyyət beşiyi, qələbə və zəfərin simvoludur. Qarabağın işğaldan azad edilməsindən sonra ilk dəfə olaraq dost və qardaş ölkələrin liderlərinin məhz burada qarşılanması təkcə siyasi hadisə deyil, həm də tarixi ədalətin bərpasının, yeni əməkdaşlıq dövrünün təntənəli elanıdır. Şuşada keçirilən görüş, Azərbaycan-BƏƏ münasibətlərinə mənəvi güc qatmaqla yanaşı, regionda sülh, inkişaf və birgə tərəqqi ideyasının parlaq təzahürünə çevrilib”.

S.Salmanova qeyd edib ki, BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri eyni zamanda, tarixən yaxın mədəniyyətlərin, ortaq dini və mənəvi dəyərlərin müasir müstəvidə yenidən təcəssümüdür:

“Azərbaycan-BƏƏ münasibətləri iqtisadi, enerji, nəqliyyat, investisiya və humanitar sahələrdə ardıcıl şəkildə genişlənməkdədir. BƏƏ Azərbaycanın ən böyük investorlarından biridir. Ölkəmizdə bərpa olunan enerji layihələrində, xüsusən günəş və külək enerjisi sahəsində Əmirliklərin iştirakı mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, ticarət dövriyyəsi hər il artmaqda, qarşılıqlı sərmayələr isə strateji tərəfdaşlığın real göstəricisinə çevrilməkdədir”.

Seçilən
16
3
aznews.az

4Mənbələr