AZ

Ermənilər 2022-ci ilin 13 sentyabr hadisələrini ən yüksək səviyyələrdə saxtalaşdırırlar...


Abutalıb Səmədov: “2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə ermənilərin növbəti diversiyası baş verdi”

Ermənistan mediası yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaq üçün dayanmadan əsassız məlumatlar tirajlamaqda davam edir. Sentyabr girər-girməz, erməni mətbuatı “Azərbaycanın təcavüzü” haqda həqiqətə uyğun olmayan informasiyalar yaymağa başlayıb. Demək olar ki, hər gün bu əsli olmayan məlumatlar erməni mediasında dolaşır.

Ermənilər hələ də iddia edirlər ki, 2022-ci ilin 13 sentyabrında guya Azərbaycan Ermənistana təcavüz edib və ərazilərini işğal edib, hərbiçilərimiz guya Cermukda, Sotkda və sairdədir.

Əslində həmin vaxt oralarda nə baş verib?

“Elə həmin dövrdən başlayaraq Ermənistan müəyyən fasilələrlə...”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, 2020-ci ilin noyabrında atəşkəs haqqında sənəd imzalandıqdan sonra Ermənistan tərəfi təxribatlara son qoymadı. “Sərhəddə atəşkəsin dəfələrlə pozulması, sülh danışıqlarının dalana dirənməsi üçün “Dağlıq Qarabağın” statusu məsələsinin layihəyə salınmasının tələb olunması, Qarabağda yerləşən Ermənistan hərbiçilərin Azərbaycan ərazisindən çıxarılmaması və digər addımlar münasibətlərin gərginləşməsinə gətirib çıxardı. 2022-ci il avqustun 31-də Brüsseldə növbəti sülh danışıqları oldu, ermənilər yenə də bu prosesi pozmaq üçün əllərindən gələni etdilər. Baxmayaraq ki, Azərbaycan Prezidenti yaxın 1 ayda sülh sazişinin imzalanmasının mümkün olduğunu bəyan etdi. Görünür bu, Ermənistanda və Ermənistan xaricində kimlərisə qane etmədi, onları narahat etdi və təxribatlar bir az da artdı. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə ermənilərin növbəti diversiyası baş verdi, Daşkəsən rayonu ilə sərhəddə yolların minalanması və Azərbaycan əsgərlərinin minamyotlardan atəşə tutulması Azərbaycanın səbrini daşıran son damla oldu. Cavab zərbələri endirildi, 224 erməni hərbiçisi öldürüldü və Ermənistana, Ermənistan ordusuna təxribatlara son qoyması üçün sonuncu xəbərdarlıq edildi. Təbiidir ki, ermənilər də bu məqamdan öz xeyirlərinə istifadə etməyə cəhd göstərdilər və Azərbaycanı günahlandırdılar. Eyni zamanda iddia etdilər ki, guya Azərbaycan Ordusu Ermənistan sərhədini keçib və Ermənistanın 150 kvadrat kilometr ərazisini “işğal edib”. Çox təəssüf ki, Azərbaycan müxalifəti də eyni iddiaları irəli sürdü və Azərbaycanı Ermənistanın beynəlxalq miqyasda tanınan sərhədinə “təcavüz etməkdə” təqsirləndirdi. Həmin günlərdə Putinin vasitəçiliyi ilə görüşdə Paşinyanın səsləndirdiyi iddiaları eynilə Əli Kərimli də təkrar etdi. Hər ikisi söylədi ki, Azərbaycan Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini “pozub”. Cavabında Azərbaycan rəhbərliyi bəyan etdi ki, delimitasiya və demarkasiya işləri hələ bitməyib, sərhədin hardan keçdiyi məlum deyil, bəzi yerlərdə ümumiyyətlə heç inzibati sərhədlər də yoxdur. Söhbət dağlıq ərazilərdən gedir. Belə şəraitdə Ermənistanın sərhədlərinin “təcavüzə məruz qaldığını”, Ermənistan ərazisinin “işğal olunduğunu” iddia etmək qeyri-ciddi davranışdır. Delimitasiya və demarkasiya işləri başa çatdıqdan, sərhədlər müəyyənləşdirildikdən sonra Azərbaycan və Ermənistan, təbiidir ki, müəyyənləşdirilmiş sərhəddlərin çərçivəsində fəaliyyət göstərəcəklər və bir-birinin ərazilərinə daxil olma halları da sonlanacaq. Elə həmin dövrdən başlayaraq Ermənistan müəyyən fasilələrlə Azərbaycanın Ermənistan ərazisini guya işğal etdiyini dönə-dönə bəyan etdi. Rəqəmləri dəyişdilər. Bəzən 150 kvadrat kilometr dedilər, bəzən hətta 200 kvadratkilometr deyənlər də tapıldı. Sentyabr hadisələrindən sonra erməni təxribatları müəyyən qədər azaldı”.

A.Səmədovun sözlərinə görə, Azərbaycan Ordusunun verdiyi dərs öz nəticələrini verdi və oktyabr ayının 6-da Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində çox mühüm sənəd imzalandı. A.Səmədov qeyd etdi ki, bu sənədi Azərbaycan və Ermənistan liderləri ilə yanaşı Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emanuel Makron da imzaladı. A.Səmədov bildirdi ki, həmin sənədə görə, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bəyan etdilər, bu da Rusiyada çox böyük narazılıqla qarşılandı. “Elə oktyabrın sonlarında Valdayda keçirilən forumda Putin erməniləri Paşinyana qarşı qaldırmağa çalışdı. Vaşinqton variantının mövcudluğunu dedi, Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bildirdi və aydın görünürdü ki, məqsəd bu prosesi pozmaqdır, Ermənistan əhalisini Paşinyana qarşı etiraza qaldırmaqdır. Ancaq alınmadı və Soçidə keçirilən üçtərəfli görüşdə Paşinyanla Putin Qarabağ məsələsini qaldırmağa cəhd göstərdilər. Azərbaycan Prezidenti isə qəti şəkildə bəyan etdi ki, Qarabağ məsələsi bitib və bu müzakirə oluna bilməz. Paşinyanın çox arzuladığı, Rusiyanın da ortaya qoyduğu sülh sazişi planı birdəfəlik arxivə atıldı. Bütün bunlara və son aylar əldə olunan çox ciddi nəticələrə baxmayaraq Ermənistanda müəyyən dairələr Azərbaycanın Ermənistan ərazisini “işğal etməsi” barədə nağılları yenə də səsləndirirlər və bundan faydalanacaqlarını güman edirlər. Ancaq delimitasiya və demarkasiya işləri davam edir, Azərbaycan böyük məsuliyyətlə bu işə girişib, sərhədlərin qısa müddətdə müəyyənləşdirilməsi üçün əlindən gələni edir. Çox yaxşı olardı ki, Ermənistan da olmayan məsələləri dilə gətirmək, Azərbaycanın guya Ermənistan ərazisini “işğal etdiyini” söyləmək əvəzinə münasibətlərimizin daha da yaxşılaşması üçün zəruri olan addımlar atsın. Bu addımların kifayət qədər əleyhdarları var. Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması üçün əlverişli şərait yaranıb. Hesab edirəm ki, bu şəraitdən istifadə etmək hər iki dövlətin və xalqın mənafeyinə uyğundur”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA

Seçilən
33
baki-xeber.com

1Mənbələr