Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunda Müdafiə Nazirliyi və digər dövlət qurumlarının, eləcə də - Türkiyə və Pakistandan olan nümayəndələrin iştirakı ilə "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu" keçirilir.
Sherg.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Kursun ilk günündə MMU rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli hərbi əməkdaşlığının dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri üzərində qurulduğunu bildirib. Bu müttəfiqliyin hər üç ölkədə hərbi təhsilin inkişafına verdiyi faydalara toxunub.
Rektor Azərbaycan ordusunun hərbi təhsil sistemində qabaqcıl dünya təcrübəsinə və milli hərbi-strateji maraqlara əsaslanan yeniliklərin tətbiq olunduğunu, belə kursların zabitlərin peşəkarlığının artırılmasında mühüm rol oynadığını əminliklə bildirib. Gündüz Əbdülov, həmçinin keçirilən kursun Müdafiə Nazirliyinin digər dövlət qurumları ilə qarşılıqlı əlaqələrinin güclənməsinə və birgə fəaliyyətlərinin təkmilləşdirilməsinə töhfə verəcəyini xüsusi vurğulayıb.
Qeyd edək ki, dinləyicilərə tədris müddətində beynəlxalq münasibətlərin, qlobal təhlükəsizliyin, xarici siyasətin, strategiya və müdafiənin planlaşdırılmasının, dövlət müdafiəsinin və müdafiə resurslarının idarə edilməsinin əsaslarına dair mühazirələr oxunacaq, qrup çalışmaları və praktiki təcrübələr keçiriləcək.