Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər ötən onilliklər ərzində ardıcıl inkişaf etmişdir və xüsusilə də qeyri-neft sektorunda ticarət dövriyyəsi 2024-cü ildə 2,24 milyard dollara qədər artmışdır.
Sherg.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.
“Dost ölkənizlə ikitərəfli əlaqələrimizi gücləndirmək və genişləndirmək üçün xüsusi və böyük marağımız var, onu daha yüksək səviyyəyə qaldırmağı arzulayırıq. Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq.
Enerji sahəsində əməkdaşlığımızda indiyədək əldə etdiyimiz irəliləyişlər məni çox sevindirir. Şübhə yoxdur ki, bu gün ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığa dair imzalanmış Bəyannamə hər iki tərəfin qarşılıqlı münasibətlərini daha da inkişaf etdirmək və yüksək səviyyəyə qaldırmaq iradəsini əks etdirir”, - BƏƏ Prezidenti qeyd edib.