AZ

Rusiyanın dron hücumu: Polşalı ekspert ölkəsinə hücum təhlükəsini real sayır - TƏHLİL

Rusiyanın Polşa istiqamətində həyata keçirdiyi son dron hücumu beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Hücum zamanı ciddi dağıntı və insan tələfatı qeydə alınmasa da, Polşa Müdafiə Nazirliyi bu hücumu ölkənin suverenliyinə açıq təxribat kimi qiymətləndirib.

Baş nazir Donald Tusk insidenti “son illərin ən ciddi hadisələrindən biri” adlandıraraq, bunun Polşa və NATO üçün “qırmızı xətt” olduğunu bəyan edib. Xarici işlər naziri Radoslav Sikorski isə Moskvanın əsas məqsədinin NATO-nun reaksiyasını ölçmək olduğunu vurğulayıb.

Dron insidenti Kremlin hibrid müharibəsinin davamı kimi

Poland

NATO Baş katibi Mark Rutte “Eastern Sentry” adlı yeni əməliyyatın başladığını elan edib. Əməliyyat şərq cinahında hava müdafiəsinin gücləndirilməsini və ortaq reaksiyanın təmin olunmasını hədəfləyir. Polşa hökuməti hadisədən sonra NATO-nun 4-cü maddəsini işə salıb və müttəfiqlərlə təcili məsləhətləşmələr aparır.

Rusiya tərəfi isə dronların Polşa hava məkanına təsadüfən daxil olduğunu iddia edir. Buna baxmayaraq, ekspertlər bu hadisəni Kremlin hibrid müharibə siyasətinin davamı hesab edirlər.

Suvalki dəhlizinə hücum ehtimalı

Polyak politoloq, siyasi elmlər namizədi Yakub Koreyba APA-ya açıqlamasında Rusiyanın Polşaya qarşı həyata keçirdiyi son dron hücumunu illərdir, davam edən hibrid müharibə strategiyasının tərkib hissəsi kimi qiymətləndirib.

Jakub

O bildirib ki, Moskva indiyədək Polşaya qarşı neft, qaz, miqrant və müxtəlif təzyiq vasitələrindən istifadə edib: “İndi isə dron hücumu eskalasiya pilləsində növbəti addım kimi qiymətləndirilə bilər. Rusiya bu prosesdə müxtəlif səviyyələrdə reaksiyanı yoxlayır: Polşa ordusunun texniki cavabı, siyasi elitanın mövqeyi və cəmiyyətin reaksiyası. Buradan Polşaya verilən əsas siqnal isə budur: Rusiya ilə qarşıdurmaya hazır olmaq lazımdır. Bu, həm hər bir ordu, həm də hər bir dövlət və cəmiyyət üçün dözümlülük imtahanıdır. Çox güman ki, Moskva bu təxribatları davam etdirəcək və onların intensivliyini artıracaq. Əgər bu addımlar Polşanın adekvat cavabı ilə qarşılanmasa, eskalasiya Suvalki dəhlizinə hücuma qədər gedib çıxa bilər. Bu istiqamət Rusiyanın bütün doktrinalarında, strategiyalarında və konsepsiyalarında açıq şəkildə göstərilib. Çünki Polşa Rusiyanın xarici siyasət hədəflərinin qarşısında duran əsas maneələrdən biridir. Moskva üçün bu maneəni aradan qaldırmaq strateji məqsəddir”.

Baş verənlər texniki yanlışlıq deyil

Russia

Aktiv müharibənin qarşısının alınması yollarından danışan Koreybanın sözlərinə görə, böyük müharibənin qarşısı yalnız o halda alına bilər ki, Polşa indidən bütün resurslarını səfərbər edərək güclü ordu formalaşdırsın, elə ordu ki, Rusiya onunla toqquşmağı məqsədəuyğun saymasın.

“Baş verənlər təsadüf, səhv və ya texniki yanlışlıq deyil. Bu, ardıcıl, planlı və uzunmüddətli perspektivə hesablanmış hibrid müharibə strategiyasıdır. Moskvanın narahatlığı aydındır: müstəqil mövqeyi olan, Rusiyanın və ya onun Almaniya, Britaniya, ABŞ, yaxud hazırda Çinlə birgə irəli sürdüyü tələbləri qəbul etməyən Polşa həmişə Kremlin maraqlarına qarşı çıxıb. Bu mövqe tarix boyu polşalıların həyatına mənfi təsir göstərib. Elə buna görə də Rusiyanın Mərkəzi və Şərqi Avropada “məkan yaratmaq” cəhdləri Polşa üçün qəbuledilməzdir. Moskva Polşanı öz planlarının qarşısında əsas maneə hesab edir və onu neytrallaşdırmağa çalışır. Bu isə göstərir ki, qarşıdurma uzunmüddətli xarakter daşıyır. Bu, nə dünən başlayıb, nə də sabah bitəcək - bu, tarixi taleyimizdir və biz buna hazır olmalıyıq”, - deyə o vurğulayıb.

Moskva Qərbin reaksiyasını ölçür

Poland

Polyak ekspertin fikrincə, Rusiyanın strateji hədəfi müxtəlif təxribatlarla Qərbin reaksiyasını ölçüb, Ukrayna və postsovet məkanına nəzarəti ələ almaq, Polşa və Mərkəzi-Şərqi Avropanı isə boz təhlükəsizlik zonasına çevirməkdir:

“Həmişə olduğu kimi, Rusiyanın qarşısında bir neçə müxtəlif variant mövcuddur. Moskva müəyyən təxribat törədir və müxtəlif səviyyələrdə reaksiyanı izləyir - Polşa dövləti, cəmiyyəti, KİV-i, qonşuları, Ukrayna, Avropa və ABŞ səviyyəsində. Alınan bu “fedback” əsasında isə alternativlər formalaşdırılır. Başqa sözlə, dron hücumu - “dəyənəkdir”. Ancaq Rusiya cavabları öyrənib hesabladıqdan sonra müəyyən “şirniyyat”, yəni güzəşt təklif edə bilər. Ən azı, Rusiyanın strategiyası belə qurulub. Şübhəsiz, Moskvanın əsas arzusu budur ki, Qərb ona Ukraynanı və bütün postsovet məkanını versin, Polşa və bütövlükdə Mərkəzi-Şərqi Avropa isə boz təhlükəsizlik zonasına çevrilsin. Bu, Rusiyanın strateji məqsədidir – postsovet məkanına nəzarət. Buraya Azərbaycan və bütün Cənubi Qafqaz da daxildir. Rusiya geniş düşünür, özünü məhdudlaşdırmır. Buna görə də təkcə Polşanın deyil, bir çox digər ölkənin də gələcəyi Ukraynada müharibənin nəticələrindən asılıdır”.

Qərbi qorxutmaq üçün bahalı güc ssenarisi

Russia's

Koreybanın sözlərinə görə, Rusiyanın hazırda reallaşdırdığı ssenari – Çin və digər “anti-Qərb” qüvvələrinin dəstəyi ilə güc yolu ilə ərazi və təsir imkanları qoparmaq, Qərbi qorxutmaq və fakt qarşısında qoymaqdır ki, bu da ona böyük insan itkiləri və iqtisadi çöküş bahasına başa gələ bilər.

“Rusiyanın birinci ssenarisi Qərbdən keçmiş SSRİ məkanına “idarəçilik mandatı” almaq və keçmiş Varşava Müqaviləsi ölkələrini boz təhlükəsizlik zonasına çevirməkdir. Mövcud güc balansını nəzərə alsaq, bu, real görünmür. İkinci ssenari Çin və digər “anti-Qərb” qüvvələrinin dəstəyi ilə maksimum nəticə əldə etməkdir. Ukrayna müharibəsində Moskva bu məqsədə yalnız qismən nail olub - hazırda təxminən 20%-lik nəticə görünür. Çinlə birgə Kremlin yanaşması belədir: əgər Qərb təsir zonalarını qəbul etmirsə, onda güc yolu ilə mümkün qədər ərazi və nüfuz imkanlarını qoparmaq lazımdır. Məqsəd Qərbi qorxutmaq və fakt qarşısında qoymaqdır. Lakin bu, baha başa gəlir: minlərlə əsgər itkisi, qan, iqtisadi tənəzzül. Hazırda həyata keçirilən yol məhz budur. Üçüncü ssenari – Rusiya anlayır ki, təsir zonası yaratmaq gücünə malik deyil, təcrid olunur, şərqə yönəlir və Avropadan faktiki olaraq çıxır. Bu, onun təhlükəsizliyi naminə atılmış addım kimi qiymətləndirilə bilər. Çünki Ukraynada gördüyümüz kimi, Qərblə qarşıdurma “Kiyevi üç günə almaq” planı ilə bitmir, əksinə, Rusiyanın rejimi və siyasi elitası üçün sabitliyə ciddi təhlükə yaradır. Bu, Moskvanın ən arzuolunmaz, amma məqbul saydığı tam təcrid ssenarisidir”, - polyak ekspert deyib.

Ən pis ssenarilərə hazır olmaq lazımdır

Rusiya

Politoloq qeyd edib ki, nə Polşa, nə NATO, nə də Qərb bu variantların heç biri ilə razı deyil: “Qərbin əsas strateji hədəfi Rusiyanı Çindən ayırmaqdır, xüsusilə ABŞ bu istiqamətdə fəal rol oynayır. Məhz buna görə müxtəlif diplomatik təşəbbüslər irəli sürülür. Göründüyü kimi, prezident Trampın da bu istiqamətdə addımlar atması ehtimalı yüksəkdir. Onun Moskva ilə bağlı danışıqları barədə ictimaiyyətə açıq məlumat yoxdur. Bu səbəbdən istisna deyil ki, Kremlin hazırkı addımları, o cümlədən Polşaya dron hücumu, sadəcə olaraq, danışıqlarda mövqe qazanmaq məqsədi daşıyır. ABŞ və Qərbin yaxın dövrdə atacağı addımlar vəziyyətin bütün parametrlərini dəyişə bilər. Ancaq tərəflərin hansı nəticəyə gələcəyi və bunun nə qədərini reallaşdıra biləcəyi hələlik məlum deyil. Buna görə də ən pis ssenarilərə hazır olmaq və Rusiyayla qarşıdurma ehtimalına ciddi yanaşmaq lazımdır”.

Seçilən
26
2
apa.az

3Mənbələr