Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.
Cənubi Qafqaz bu gün geosiyasi təlatümlərin mərkəzindədir. Bölgədə hər gün yeni güc balansı formalaşır, hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üçün yeni addımlar atır.
Bir tərəfdən Rusiya-Ukrayna müharibəsinin nəticələri, digər tərəfdən İranın sərt bəyanatları və Ermənistanın silahlanma siyasəti Azərbaycan üçün artan riskləri gündəmə gətirir. Bu reallıq fonunda müdafiə və təhlükəsizlik xərclərinin 2026-cı il büdcəsində 8 milyard 714,8 milyon manata yüksəldilməsi maliyyə göstəricisi olmaqla paralel, həm də dövlətin milli təhlükəsizlik strategiyasının təcəssümüdür.
Azərbaycan artıq illərdir ki, müasir ordu quruculuğunu prioritet seçib. Qarabağ müharibəsindən sonra qazanılan təcrübə, Ukrayna savaşının dərsləri, dronların və yüksək texnologiyaların həlledici rolu bir daha sübut edir ki, bu istiqamətdə dayanıqlı və davamlı siyasət labüddür. Büdcədə nəzərdə tutulan artım məhz bu reallıqların nəticəsi olaraq ortaya çıxır.
Müdafiə və təhlükəsizlik xərclərinin 2026-cı ildə 3,8 faiz artırılması Azərbaycanın yeni dövrdə hansı strateji üstünlükləri əldə etməsinə xidmət edə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov qeyd edib ki, 2026-cı il Azərbaycanın taleyi baxımından mühüm əhəmiyyət kəsb edən bir dövr olacaq. Heç kimə sirr deyil ki, bu mərhələdə İran və Rusiya ölkəmizə qarşı ciddi müqavimət göstərəcəklər:
"Azərbaycanla Rusiya arasındakı münasibətlər kifayət qədər gərgindir. Tamamilə mümkündür ki, 2026-cı ildə Rusiya-Ukrayna müharibəsi başa çatsın və bundan sonra Rusiyanın Azərbaycana qarşı düşmənçilik siyasəti daha da intensivləşsin. Üstəlik, məlumdur ki, həmin ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Moskva bütün gücünü özünə yaxın qüvvələrin hakimiyyətə gəlməsinə yönəldib. Bu məqsədlə kilsə ilə biznes dairələrinin birliyinə nail olmaq, güclü ortaq siyasi qüvvə formalaşdırmaq cəhdləri edilir. Əgər Rusiya bu hədəfinə çatsa, Azərbaycana qarşı təxribat imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirəcək".
Abutalıb Səmədov: Bütün bu təhlükələri nəzərə alaraq, hərbi büdcəmizin artırılmasına böyük ehtiyac var
Politoloq diqqətə çatdırıb ki, Azərbaycan xalqı 1990-cı illərin acı xatirələrini yaxşı bilir:
"Biz Ermənistan ordusunun arxasında Rusiya diviziyalarının necə döyüşdüyünü, Moskvanın Ermənistanı silahlandıraraq Azərbaycana qarşı yönəltdiyini unutmamışıq. Bütün bu təhlükələri nəzərə alaraq, hərbi büdcəmizin artırılmasına böyük ehtiyac var. Azərbaycan hökuməti də bu reallığı görərək büdcə layihəsində hərbi və təhlükəsizlik xərclərini artırmaq qərarına gəlib. Bu, tamamilə düzgün addımdır. Çünki təkcə qonşu Ermənistan da hərbi xərclərini əvvəlki illərlə müqayisədə xeyli artırıb. Digər tərəfdən, İranda müəyyən dairələr dövlətimizə qarşı kəskin bəyanatlar verməkdən çəkinmirlər və bu bəyanatların əksəriyyəti açıq düşmənçilik xarakteri daşıyır".
Onun sözlərinə görə, Azərbaycan ətrafında təhlükələr getdikcə artır və buna görə də ordumuz mütləq güclənməlidir. Ukrayna müharibəsinin təcrübəsi diqqətlə öyrənilməli, xüsusən də dronların müharibələrdə həlledici rol oynadığı unudulmamalıdır. Bu istiqamətdə həm hərbi sənayemiz yenidən qurulmalı, həm də xaricdən alınacaq silahlar məhz həmin təcrübə əsasında yenilənməlidir:
"Qarşımızda çox ciddi sınaqlar var. Bu sınaqlardan uğurla çıxmaq üçün təkcə dövlət deyil, hər bir vətəndaş da üzərinə düşən məsuliyyəti dərk etməlidir. Çünki dövlətçiliyin qorunması yalnız ordunun və ya hökumətin deyil, bütün xalqın üzərinə düşən müqəddəs vəzifədir".
Əli Hüseynov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.