AZ

7 körpənin ölümünə görə təqsirləndirilən, polis nəzarətində olan həkim ölkədən necə ÇIXIB? ARAŞDIRMA

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər veridiyi kimi, “Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Ötən gün isə növbəti iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahidlər ifadə verib.

Prosesdə məlum olub ki, təqsirləndirilən Mehriban Abasquliyeva barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri olsa da, o, məhkəmə dövründə iki dəfə ölkə xaricində olub və bununla bağlı nə polisə, nə də məhkəməyə məlumat verib.

Maraqlıdır ki, Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirləndirilən, barəsində ev dustaqlığı qətimkan tədbirləri seçilən, eləcə də istintaqı və məhkəmə prosesləri davam edən  M.Abasquliyeva ölkəni necə tərk edib?Məlumat üçün qeyd edək ki, Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ağır cinayət sayılır və ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yəni öz vəzifə borcunu yerinə yetirməyib və ya səhlənkar davranıb.Ev dustaqlığı isə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində (CPM) nəzərdə tutulan qətimkan tədbirlərindən biridir və məhkəmə qərarı ilə təyin olunur. İstintaq zamanı ilkin müddət adətən 3 ay olur. Məhkəmə qərarı ilə hər dəfə 3 ayadək uzadıla bilər. Ümumi müddət isə 18 aya qədər uzadıla bilər (xüsusilə ağır və ya mühüm cinayətlər zamanı). Əgər iş məhkəməyə göndərilibsə, ev dustaqlığı məhkəmə baxışı bitənə qədər davam edə bilər.

 

Qeyd edək ki, Mehriban Abasquliyevaya ev dustaqlığı 2024-cü ilin 10 yanvarında verilib. Uzadılması və ya üzərindən bu qətimkan tədbirinin götürülməsi barədə mediada hər hansı məlumat yayınlanmayıb. Yəni bununla bağlı məhkəmə qərarları yoxdur. Bu səbəbdən Mehriban Abasquliyevanın ölkə çıxışına qadağası olub-olmaması da bəlli deyil.

Ən vacib nüans da budur. Əgər ev dustaqlığı məhkəmə baxışı bitənə qədər davam edirsə, demək ki, sözügedən şəxs nəinki ölkədən, heç evindən belə çıxa bilməz. Halbuki iki dəfə ölkə xaricində olub. Daha bir məqam Mehriban Abasquliyev barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbirinin  seçilməsidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, bu qətimkan tədbiri zamanı təqsirləndirilən şəxs müəyyən ərazidən kənara çıxa bilməz. Hüquq-mühafizə orqanlarının nəzarəti altında olur. Bu tədbir faktiki olaraq şəxsin azad hərəkətinə məhdudiyyət qoyur. Yəni sərhəddən çıxışı qadağandır, çünki bu, istintaqdan yayılmaq riski yaradır. Üstəlik, polis nəzarəti altında olan şəxs müntəzəm olaraq hüquq-mühafizə orqanlarına məlumat verməli olduğundan, ölkədən çıxmaq bu öhdəliyi pozmaq sayılır.Əgər ölkədən çıxarsa nə baş verir?Qətimkan tədbirinin şərtlərini pozduğu üçün dərhal daha sərt tədbir (məsələn, həbs) tətbiq edilə bilər. Yəni əlavə olaraq, Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.“Polis nəzarət edir, demək ki, məhdudiyyət qoymayıb”Mehriban Abasquliyevanın vəkili Əlövsət Abasov Bizim.Media-ya açıqlamasında cinayət işi açılsa da, onun ölkədən çıxışına qadağa qoyulmadığını deyib:“Qadağa olsaydı, onu buraxmazdılar. Məhkəmə ona heç bir qadağa qoymayıb. Elektron qolbaq da olmayıb. Bir məsələ var ki, əgər qadağa olsa, Sərhəd Xidməti onu kənara buraxmayacaq. Amma belə qadağa olmadığı üçün gedib-gəlməyi sərbəstdir. Bəli barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Ona başqa yerə getməmək haqqında iltizam verilsəydi və o da bunu pozsaydı, o məsuliyyət yaradardı. Polis nəzarət edir, demək ki, məhdudiyyət qoymayıb. Məsələ bununla da bitir...”Vəkil Əlovsət Abasov Mehriban Abasquliyevanın barəsində nə vaxtsa ev dustaqlığı qətimkan tədbiri seçilməsini də inkar edib. O, deyib ki, müdafiə etdiyi şəxsə ev dustaqlığı verilməyib.Halbuki Baş Prokurorluğun ötən ilki məlumatında qeyd olunub ki, Mehriban Abasquliyeva barəsində iş üzrə Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib. Məhkəmənin qərarı əsasında təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.Xatırladaq ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

 

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.Naibə Məmmədova, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
1
bizim.media

2Mənbələr