AZ

Doha Sammiti: Bəyanatlar çox, təsir gücü az – Azərbaycan balanslı mövqeyini qoruyur - ÖZƏL

" Qətərdə keçirilən Fövqəladə Ərəb-İslam Zirvəsi bir daha göstərdi ki, İsrailin son hərbi addımları, xüsusilə də Qətərdə yerləşən HƏMAS rəsmilərinə qarşı hava hücumu, region ölkələrinin narahatlığını ciddi şəkildə artırıb. Zirvə iştirakçılarının verdiyi bəyanatlar  diqqət çəkir. Amma təəssüf ki, bu ölkələrin İsrailə real təsir gücü çox zəifdir". 
Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında söyləyib: 
" Əslində Ərəb və müsəlman ölkələri birlikdə çox güclü hətta qarşısı alınmaz bir gücdür. Amma bu ölkələrin İsraillə münasibətləri normallaşdıranlar (məsələn, BƏƏ, Bəhreyn, Mərakeş) ilə bu normallaşmaya qarşı çıxanlar (məsələn, İran, Əlcəzair və b.) arasında dərin fikir ayrılığı var. Doha Sammitində səslənən bəyanatlar, əslində, bu fikir ayrılığını bir daha üzə çıxardı. Hazırkı geosiyasi vəziyyətdə bu cür sammitlərin hüquqi və ya hərbi nəticələr doğurmasından çox, siyasi və ictimai mesaj xarakteri daşıdığı müşahidə olunur. İsrailə qarşı sanksiya və ya iqtisadi təzyiq çağırışları, hələlik sadəcə bəyanat səviyyəsindədir. Ərəb ölkələrinin əksəriyyəti ABŞ-la yaxın münasibətləri və iqtisadi asılılıqları səbəbilə konkret addımlar atmaqda tərəddüd edir.
Amma bu, tamamilə təsirsizdir demək deyil. Qətər, Türkiyə və İran kimi ölkələrin sərt mövqeyi beynəlxalq ictimaiyyətdə, İsrailin legitimliyinə zərbə vurur. Bu, informasiya müharibəsində İsrailin imicinə mənfi təsir göstərir.
Azərbaycan sammitdə Ceyhun Bayramovun timsalında diplomatik balansı qoruyan və regional sabitliyə çağıran mövqe sərgilədi. Qətərin suverenliyinə dəstək ifadə etməsi isə olduqca vacib jest idi. Bu, Azərbaycanın yalnız türk-müsəlman dünyasında deyil, həm də ərəb ölkələri arasında mövqeyini gücləndirməsi baxımından əhəmiyyətlidir.
Bakı balanslı siyasətini qorumaqla həm müsəlman ölkələrinin dəstəyini saxlayır, həm də Qərblə münasibətlərində "tərəfsiz və etibarlı tərəfdaş" imicini möhkəmləndirir. 
Azərbaycan Qəzza kimi münaqişə bölgələrinə humanitar yardım göstərir və qurbanlara dəstək kampaniyaları ilə müsəlman həmrəyliyini nümayiş etdirir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
44
olaylar.az

1Mənbələr