AZ

Qazaryan: Abdullah Gül İrəvanda olanda işıqları söndürüb...

“Türkiyənin o vaxtkı prezidenti Abdullah Gül İrəvanda olanda görünməsin deyə, Tsitsernakabertin (qondarma soyqırımı abidəsinin – red.) işıqları söndürülmüşdü”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Alxas Qazaryan ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan möhürdən Ağrı dağı simvolunun çıxarılması ilə bağlı keçmiş xarici işlər naziri Vardan Oskanyanın son açıqlamasını şərh edərkən deyib.

“Oskanyan Ermənistana giriş-çıxış üçün pasport möhüründən Ağrı dağının təsvirinin çıxarılması mövzusuna toxunub və “böyük narahatlıq” ifadə edib.

Sual yaranır: Ermənistan-Türkiyə futbol matçı zamanı Ermənistan millisinin formasının emblemindən Ağrının şəkli silinəndə və matç zamanı “Hrazdan” stadionundan oyunu izləyən Türkiyənin o vaxtkı prezidenti Abdullah Gülün həmin simvolları görməməsi üçün Tsitsernakabertin işıqları söndürüləndə o narahatlıqdan var idi?”, – Qazaryan sosial media hesabında yazıb.

Vardan Oskanyan bundan əvvəl Ermənistan hökumətinin müvafiq qərarını tənqid edib. İrəvanın qərarını “tarixi səhv” adlandıran sabiq nazir iddia edib ki, Ağrı dağı Türkiyə ərazisində yerləşsə də, Ermənistana “məxsusdur”.

Ağrı dağı Türkiyə ərazisində yerləşir və bu ölkənin suveren ərazisidir. Bu, ölkənin ən hündür dağıdır. Ermənilər illərdir Türkiyənin bu ərazisinə əsassız iddialar irəli sürürlər. Bu iddia Ermənistan Konstitusiyasında da öz əksini tapıb. Burada Azərbaycana qarşı da ərazi iddiaları yer alır. Rəsmi Bakı bunu əsas gətirərək, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistandan Konstitusiyanın bu hissəsinin dəyişdirilməsini tələb edib.

Xatırladaq ki, Abdullah Gül 2008-ci il sentyabrın 6-da İrəvana səfər edib. Səfər zamanı o vaxtkı erməni həmkarı Serj Sərkisyanla birlikdə Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşan Türkiyə və Ermənistan milli komandalarının oyununu izləyib. Serj Sərkisyan bundan sonra Türkiyəyə cavab səfərinə gedib. Qarşılıqlı səfərlər o zaman Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılması cəhdləri çərçivəsində baş tutmuşdu./teleqraf

Seçilən
20
3
turkustan.az

4Mənbələr