AZ

İranı gözləyən BÖYÜK FƏLAKƏT: Urmiya gölündən başlayan böhran – ÖZƏL

Son 10 il ərzində İranda ən böyük ətraf mühit probleminə çevrilən Urmiya gölünün quruması sürətlə davam edir.

Bizim.Media xəbər verir ki, İranın Enerji Nazirliyinin məlumatına görə, Urmiya gölünün həcmi son bir il ərzində 36 faiz azalıb.

İyunun 8-də gölün su səviyyəsinin 1270.74 sm olduğu bildirilib ki, bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 55 sm azdır. Gölün su sahəsi də ötən ilin eyni dövrü ilə müqayisədə 1304 kvadrat kilometr azalıb, 2273 kvadrat kilometrə çatıb.

Bəs prosesin bu cür davam etməsi hansı ekoloji problemlemlərdən xəbər verir?

Mövzu ilə bağlı Cənubi azərbaycanlı politoloq Rza Talibi Bizim.Media ilə fikirlərini bölüşüb. Analitik hesab edir ki, İranda ekoloji problemlər ildən-ilə daha da dərinləşir. Urmiya gölü illərdir qurumağa buraxılıb. Halbuki bu faciə əvvəlcədən görünürdü:
 

“Onlar isə heç bir tədbir görmədi, əksinə, xalqı yavaş-yavaş bu dəhşətə alışdırdı. Təəssüf ki, insanlar da biganələşərək susuzluğa, təbiətin məhv olmasına, torpağın qurumasına göz yummağa başladılar. Bu böhran təkcə Urmiya ilə məhdudlaşmır. Sabah Hamun, Zayəndərud, Quru göl və digər su hövzələri də eyni aqibətlə üz-üzə qalacaq.

 

“Su iflası” deyilən termin artıq ölkədə geniş işlənir. Amma problem yalnız su ilə məhdudlaşmır. Bu, həm də idarəetmə böhranıdır. Vəsaitlər başqa yerlərə yönləndirilir. Elm adamları və layiqli mütəxəssislər prosesdən kənarda saxlanılır. Əkinçilik düzgün təşviq edilmir, sənaye siyasəti isə su resurslarını tükədən yanlış istiqamətdə qurulub”.

Bunların nəticəsi olaraq su dərin quyulardan çəkilir, ortaya “saxta əkinçilik” çıxır.

Talibi hesab edir ki, meyvələr, tərəvəzlər bazarda satılmır, israf olunur. Bu isə həm iqtisadi, həm də psixoloji fəlakətdir. Göllərin quruması kəndləri boşaldacaq, kütləvi köç və miqrasiya dalğası yaradacaq.

“İnsanlar böyük şəhərlərə üz tutacaq, amma şəhərlərin su ehtiyatı bu axını qaldıra bilməyəcək. Bu isə sosial böhran və gərginlikləri qaçılmaz edəcək. Daha dəhşətlisi odur ki, quraqlıq və su çatışmazlığı yaxın gələcəkdə “su davaları”na gətirib çıxara bilər. Əvvəlcə kəndlərdə əkinçilər arasında su üstündə münaqişələr başlayacaq, daha sonra isə bu, region miqyasında “su savaşları”na qədər gedə bilər. İsfahan bölgəsində fabrik və zavodların açıq sulardan sui-istifadəsi, hətta bu resursların satılması artıq “su mafiyası” anlayışını gündəmə gətirib”.

Ekoloji böhran təkcə təbiəti deyil, insan sağlamlığını da hədəfə alıb.

Quruyan göllərin dibindəki duz və kimyəvi maddələr küləklə havaya qalxaraq yağıntılar vasitəsilə torpağa qarışır, insanlarda xəstəliklər yaradır.

“Bütün bunlar baş verdiyi halda hakimiyyət biganə qalır. Seçkilərdə Urmiya gölünün bərpası kimi şüarlar “şirin yalan”a çevrilib. Xalq isə bu yalanlara alışdırılıb. Əslində isə təbiət sərhəd tanımır. Bəzi dairələr problemi yalnız Azərbaycanın problemi kimi təqdim etsə də, böhran bütün İrana yayılacaq. Bu fəlakət yavaş-yavaş hər kəsin qapısını döyəcək.

İndi vəziyyət elə bir həddə çatıb ki, artıq qazanmaq mümkün deyil. Əkinçilik çökür, sənayeləşmə idarəsiz şəkildə suyu udur, torpaq çökür, yeraltı sular tükənir. Qlobal istiləşmə, yağıntıların azalması və havaların isinməsi isə bu böhranı daha da faciəli hala gətirir. Əgər indi tədbir görülməsə, bu ekoloji böhran həm iqtisadi, həm sosial, həm də siyasi fəlakətə çevriləcək. Nəticədə, sadəcə göllər deyil, bütün İran “su savaşlarının” girdabına düşəcək”, - deyə R.Talibi əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

Seçilən
28
1
bizim.media

2Mənbələr