AZ

Ədalətin bərpa olunduğu tarixi gün

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

19 sentyabr Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində ən sevimli, ən əziz tarixlərdən biri kimi yaddaşlara həkk olunub və heç vaxt unudulmayacaq. Bu, xeyirin şərə, haqlının haqsıza qalib gəldiyi, ədalətin bərpa olunduğu tarixi bir gündür. Azərbaycanın illərlə qəlbində daşıdığı milli dərd həmin vaxt öz həllini tapdı. Xalqımızın bütün ağrılarını unutduran, ona təsəlli verən bu möhtəşəm zəfər hələ də bizə gerçəkdən xoş bir yuxunu xatırladır. Nağıllarda, filmlərdə, xalq yaddaşında və ədəbi təxəyyülümüzdə yaşatdığımız arzular nəhayət reallığa çevrildi. Böyük zəfərdən sonra cəmi 24 saat davam edən lokal antiterror tədbirləri ilə Azərbaycan öz suverenliyini tam şəkildə təmin etdi. Bu fövqəladə qəhrəmanlıq bir əsr öncə dünya güclərinə qarşı mübarizə aparan Mustafa Kamal Atatürkün simasında təcəssüm olunmuşdu. Bir əsr sonra Türk dünyasının digər şanlı lideri, Prezident İlham Əliyev həmin zəfər estafetini özünəməxsus qətiyyət və siyasi iradə ilə davam etdirərək tarixə yeni ucalıq bəxş etdi.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ölkəmizdə illərlə dərin kök salmış, region üçün təhlükəli bir xəstəliyə çevrilmiş separatizm və qanlı terror məhv edildi. Bir zamanlar qanunsuz silahlı qrupların hökm sürdüyü, təhlükə və anarxiyanın yuvasına çevrilmiş Xankəndi və ətraf ərazilərdə artıq Azərbaycan əsgərinin doğma addım səsləri eşidildi. Uzun illər davam edən bu vəziyyət sanki sağalmaz xəstəliyə yoluxmuş reallıqdan uzaq düşərək təcrid olunmuş bir cəmiyyətin formalaşmasına səbəb olmuşdu. Həkim kimi qeyd etməliyəm ki, bu düşüncə tərzini müalicə etməkdə tibb elmi belə aciz qalırdı. Çünki xəstəlik artıq xroniki hal almışdı. Lakin Ali Baş Komandan bu təhlükəli ideoloji virusu cərrahi dəqiqliklə zərərsizləşdirməyi bacardı, hüququ, ədaləti və milli suverenliyi öz layiqli yerinə qaytardı. Xəstə təfəkkür daşıyıcılarının bir qismi məsuliyyətdən yayınmaq üçün Ermənistana qaçdı, digərləri isə Bakıda törətdikləri insanlıq əleyhinə ağır cinayətlərə görə ədalət mühakiməsi qarşısında başları aşağı, utanaraq ifadə verirlər. Uzun illər ərzində bölgədə qanunsuz zorakılıq və qətliamlar törətmiş şəxslər bu gün məhkəmə qarşısında azərbaycanlı olduqları üçün qətlə yetirilmiş mülki şəxslərin hüquqi varisləri önündə susurlar. Şahid ifadələri isə insanın damarlarında qanı dondurur. 

19 sentyabrda Azərbaycan lokal xarakterli antiterror tədbirləri ilə təkcə beynəlxalq hüququn tanıdığı suveren ərazilərini bərpa etmədi, həm də uzun illər boyu formalaşmış bir terror yuvasını dağıdaraq bölgədə sabitliyin əsasını qoydu. Dünyanın diqqətlə izlədiyi bu əməliyyat zamanı bir nəfər belə mülki şəxs zərər görmədi. Bu da Azərbaycanın beynəlxalq humanitar hüquqa sadiqliyinin bariz nümunəsi kimi yadda qaldı. 

Anti-terror tədbiri xalqımıza milli qürur və böyük sevinc bəxş etdi. Bu tarixi uğurun davamı olaraq müqəddəs bayrağımız azad edilmiş hər qarış torpağımızda qürurla dalğalandı. Prezident İlham Əliyevin qətiyyəti və dəmir iradəsi ilə Azərbaycanın gücü, əzmi və böyüklüyü bütün dünyaya nümayiş etdirildi. Milli birliyimiz bu zəfərdə öz parlaq təcəssümünü tapdı, xalqımız isə ümumxalq sevincini yaşadı. Azərbaycan liderinin şanlı Zəfər yürüşü tariximizə qızıl hərflərlə yazıldı və təqvimimizə yeni bir bayram günü əlavə olundu. Beləliklə, xalqımızın azadlıq eşqinin gülləboran edildiyi 20 yanvar  müstəqilliyimizin yeni nəfəsi, 20 sentyabr isə milli kimliyimizin rəmzinə çevrilmişgün kimi tariximizə yazıldı. 

Əgər 20 Yanvar hadisələrində Azərbaycan xalqı lider olmadan böyük bir imperiyaya qarşı ayağa qalxmışdısa, qalib sərkərdə İlham Əliyev həm Vətən müharibəsində, həm antiterror tədbirində, həm də ondan sonrakı diplomatik uğurları ilə dünya səviyyəsində arxasında xalq dayanan lider nümunəsi göstərdi. Bu nümunə özünü dünyanın ağası hesab edən güc mərkəzləri üçün fövqəladə bir hadisə idi. Bu mənada Prezident İlham Əliyev təkcə Azərbaycan adına zəfər qazanmadı, eyni zamanda, müasir siyasi tarixə xalq-lider birliyinin ustad dərsini keçdi. Belə birliyin qələbəsi mövsümi deyil, əbədi xarakter daşıyır! Azərbaycan liderinin varlığı ilə qalibiyyət bizimlədir, biz zəfər yolunun yolçusuyuq. Artıq əminliklə deyə bilərik ki, xalq olaraq bir daha məhrumiyyət yaşamayacağıq. Suverenliyimizin tam bərpası isə qüdrətimizin parlaq göstəricisi kimi bizi istəməyənlərə ən gözəl cavab oldu! 

Rəşad Mahmudov,YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
2
xalqqazeti.az

3Mənbələr